Banner

Yol polisini məsxərəyə qoyurlar

Yazarlar 19 Noyabr 2014 17:10 Oxunub 2283
Yol polisini məsxərəyə qoyurlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin hərəkətsizliyi onun sosial şəbəkələrdə məsxərəyə qoyulmasına səbəb olur

Son zamanlar bəzi sürücülərin dövlət yol polisi əməkdaşları ilə yeri gəldi gəlmədi mübahisə etmələri və bunu gizli olaraq telefonla çəkib sosial şəbəkələrdə paylaşaraq özlərini sanki “qalib” kimi göstərməsi dəb halını almışdır. Sürücülər həmin hərəkətləri bəzən öz hüquqlarını müdafiə etmək məqsədilə etsələr də, bəzən onların bu hərəkətləri yol polisi əməkdaşlarının ictimai formada məsxərəyə qoyulması məqsədilə edilir. 

Ümumiyyətlə məmur-vətəndaş münasibətlərinin bu formada özünü göstərməsi ürəkaçan deyildir. Əlbəttə ki, bir vətəndaş kimi sürcülərin öz hüquqlarını müdafiə etməsi, yol polisi tərəfindən məruz qaldığı qanun pozuntusunu ictimailəşdirməsi normal qəbul olunmalıdır. Lakin bu hərəkətlər etik çərçivədən kənara çıxmamalıdır. Etik davranmaq dövlət qulluqçusunun qanundan irəli gələn vəzifəsi olduğu kimi, etik qaydalara riayət etmək hər bir vətəndaş üçün cəmiyyətdə hakim olan əxlaqi-etik normalardan irəli gələn tələbdir. 

Yol polisi əməkdaşı ilə sürücü arasında olan münasibətlərin bu cür forma almasının bir çox səbəbləri ola bilər. Burada əsas səbəblər subyektiv amillərlə bağlıdır. Təbii ki, etik dəyərlərdən uzaq olan sürücünün nəinki polis əməkdaşı ilə, eləcə də münasdibətdə olduğu digər şəxslərlə də qeyri-etik formada davranması mümkündür. Eyni zamanda dövlət yol polisi əməkdaşının sürücünü qanunsuz saxlaması, sürücü öz hüquqlarını tələb etdikdə isə geri çəkilməsi də bu cür halların meydana çıxmasına şərait yaradır.

Ən acınacaqlısı isə ondan ibarətdir ki, bəzən sürücü yol hərəkəti qaydasını pozduğuna görə dövlət yol polisinin əməkdaşı tərəfindən qanuni formada saxlansa da, sonradan sürücünün səs-küy salaraq, necə deyərlər demoqoqluq etməsi polis əmədaşını öz qanuni vəzifələrinin icrasından çəkindirir və nəticədə sosial şəbəkələrdə məsxərə obyektinə çevrilir. 

Yol polisi əməkdaşının vəzifəsinə bü cür laqeyd münasibəti müxtəlif səbəblərdən qaynaqlana bilər. Ola bilər ki, yol polisi əməkdaşı öz hüquq və vəzifələrini lazımi səviyyədə bilmir və hüquqlarından sui-istifadə edərək onunla əsasız mübahisə edən sürücü qarşısında özünü aciz hesab edir. Digər səbəb isə o ola bilər ki, yol polisi əməkdaşı onunla əsassız mübahisə edən və əslində onun qanuni tələblərinə qəsdən tabe olmayan sürücünün inzibati məsuliyyətə cəlb edilməsini təmin etməyə sanki ərindiyindən hərəkətsizlik göstərir. Çünki, bu proses bir qədər vaxt aparır. Belə ki, bu cür hallarda yol polisi əməkdaşı sürücünün hərəkətləri ilə bağlı özünün komandirinə və ya birbaşa rəisinə məruzə etdikdən sonra qanuni tələbə qəsdən tabe olmayan sürücünün müvafiq polis qurumuna aparılmasını təmin etməli, onun hərəkətlərinin ilkin sənədləşdirilməsi və işin məhkəmə baxışı zamanı həyata keçirilən inzibati prosesdə yaxından iştirak edərək izahat verməlidir.

Ona görə də dövlət yol polisi əməkdaşları ilə sürücülər arasında baş verən bu cür neqativ halların aradan qaldırılması üçün hər şeydən əvvəl yol polisinin hər bir əməkdaşı qanunvericilikdə və vəzifə təlimatlarında nəzərdə tutulmuş hüquq və vəzifələrini qənaətbəxş səviyyədə bilməli, sürücülərlə münasibətlərində qeyri-etik davranışdan, onların hüquqularını pozmaqdan çəkinməli və qanuni tələblərə qəsdən tabe olmayan sürücülərin hüquqi məsuliyyətə cəlb edilməsini hər bir halda təmin etməlidirlər.

 

Sadiq Əfəndiyev,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

ŞƏRH YAZ
Ad

E-mail

Şərh