Yol polisinin acizliyi; yazdığı cəriməni öz cibindən ödədi

Yazarlar 20 Avqust 2014 01:25 Oxunub 9714
Yol polisinin acizliyi; yazdığı cəriməni öz cibindən ödədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik kəməri ilə bağlı protokol yazan DYP əməkdaşı sübutu olmadığı üçün cəriməni özü ödəməli olub

Bu günlərdə Rəşid Behbudov küçəsində xidmət aparan Dövlət Yol Polisi əməkdaşı ilə maraqlı bir məsələ barədə söhbətimiz oldu. Baş leytenant rütbəsində olan həmin əməkdaş jurnalist olduğumu bildiyi üçün bir məsələ barədə fikrimi soruşdu. Onu maraqlandıran məsələ bu idi ki, əgər DYP əməkdaşı sükan arxasında mobil telefonla danışan və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücüəyə protokol yazarkən yol polisinin əlində hansı sübutlar olmalıdır və nə etmək lazımdır? Cavabım birmənalı şəkildə bu oldu ki, yol polisinin sübutu onun vicdanı, aşkar etdiyi qayda pozuntusu əsasında tərtib etdiyi protokoldur. Zabitin cavabı isə belə olda ki, bir neçə gün əvvəl bir sürücüyə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inzibati protokol tərtib edib. Sürücü isə protokoldan şikayət edərək bildirib ki, o, kəmərdən istifadə edib. Yol polisi bunun əksini dedikdə isə sürücü bildirib ki, bunu necə sübut edə bilərsən? Bu zaman DYP əməkdaşı çıxılmaz vəziyyətdə qalıb. Protokolu haqlı olaraq tərtib etdiyini desə də, həmin əməkdaş işin məhkəməyə gedib çıxmaması üçün sürücüyə yazdığı 50 manatlıq cəriməni öz cibindən ödəməli olub: «Başa düşdüm ki, məhkəməyə də getsək, yenə eyni vəziyyət yaranacaq. Çünki nə təhlükəsizlik kəmərindən istifadə etməyənləri, nə də sükan arxasında telefonla danıhanları kameralar aşkar etmir. Yol polisi isə əlinə kamera əlib kəmər taxmayanları, telefonla danışanları əvvəlcə çəkib, sonra cərimə edə bilməz. Bu, fiziki cəhətdən də mümkün deyil, qanuni tərəfdən də».

Sözün düzü, məsələ bir qədər qəliz, həm də maraqlı oldu. Elə bu səbəbdən də yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovla birlikdə bu məsələyə nəzər salmağa çalışdıq. Ərşad Hüseynov hesab edir ki, təcrübədə bəzən hərəkət vaxtı sükan arxasında telefonla danışma, təhlükəsizlik kəmərini bağlamama kimi aşkar qayda pozuntusu törədən sürücü sonradan «cığallıq» edərək heç bir qayda pozuntusu törətmədiyini israr edir və DYP əməkdaşından tələb edir ki, bunun əksini, yəni qayda pozuntusu faktını sübut etsin. Həqiqətən də, nəzəri və təcrübi baxımdan çox maraqlı vəziyyət yaranır: qayda pozuntusunu görən və aşkar edən yeganə şəxs kimi DYP əməkdaşı bu pozuntunun mövcudluğunu deyərək protokol yazır, həmin faktın iştirakçısı olan ikinci şəxs, yəni pozuntunu törədən sürücü isə tam əksini deyir. Başqa sözlə, iki nəfərdən biri «hə», digəri isə «yox» deyir. Özü də nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinə edilən son əlavələrdən sonra göstərdiyimiz qayda pozuntularının videokamera kimi xüsusi texniki vasitələrlə qeydə alınması nəzərdə tutulmur. Belə qayda pozuntularını DYP əməkdaşı sadəcə öz gözləri ilə, vizual olaraq aşkar edərək rəsmiləşdirə bilər. Ən maraqlısı da odur ki, bunu aşkar edən DYP əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokol bu iş üzrə yeganə sübut olacaq. Bəs belə vəziyyətdə nə etmək olar? Bu məsələyə həm mənəvi, həm də hüquqi tərəfdən baxmaq olar.

Doğrusu, bu kimi məsələlərdə qayda pozuntusu törədən sürücünün vicdanlılığı və məsuliyyət hissi, həmin pozuntunu aşkar edən DYP əməkdaşının isə peşəkarlığı, vicdanlılığı və prinsipiallığı mühüm əhəmiyyət daşıyacaqdır. Birinci tərəf, yəni sürücü həqiqətən də bu tipli qayda pozuntusu törətmişdirsə, onun məsuliyyətini də daşımağa hazır olmalıdır. Bu, vicdan məsələsidir, cəmiyyət qarşısında məsuliyyət hissi deməkdir. Ona görə də həmin məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr axtarmaq ən azından elə «cığallıq»dır. DYP əməkdaşı isə gördüyü qayda pozuntusuna tam əmin deyilsə, bunda israr etməməlidir. Əks təqdirdə cəmiyyətin inamını itirəcək. 

Məsələnin hüquqi tərəfi isə kifayət qədər aydındır. İnzibati Xətalar Məcəlləsinin 385-ci maddəsində iş üzrə sübut edilməli olan halların dairəsi müəyyən edilib. Məcəllənin 386.2-ci maddəsi isə iş üzrə sübutların dairəsini (maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar) müəyyən edir. Sübutların bu dairəsi heç də o demək deyil ki, hər bir iş üzrə bu sübutların hamısı mövcud olmalıdır. Hətta qanunvericilik müvafiq iş üzrə mövcud ola biləcək sübutların hər hansı yol verilən sayını da müəyyən etmir. Deməli, İXM-in 385-ci maddəsində göstərilən halları yalnız bir sübutun köməyi ilə təsdiqləmək mümkündürsə, iş üzrə həmin yeganə sübut yetərlidir. Digər sübutların olub-olmamasından asılı olmayaraq həmin iş üzrə tam qanuni qərar çıxarmaq mümkündür. Yol hərəkəti qaydalarının pozulması zamanı da çox vaxt məhz belə olur. İş üzrə yeganə sübut qismində DYP əməkdaşının tərtib etdiyi protokol çıxış edir. Özü də belə təcrübə, yəni yol hərəkəti qaydasının pozulması faktının yeganə sübut əsasında müəyyən edilməsi təkcə bizim ölkə üçün xarakterik deyil. Belə qayda, demək olar ki, dünyanın bütün dövlətlərində mövcuddur. Düzdür, elə qayda pozuntuları var ki, onların mövcudluğunu qanunda birbaşa göstərilən xüsusi sübutların köməyi ilə təsdiq etmək olar: məsələn, sürət rejimini pozma faktı yalnız radarın göstəricisi ilə, sərxoş olma faktı yalnız müvafiq müayinənin nəticəsi əsasında müəyyən edilə bilər və s. 

Beləliklə, sürücünün hərəkət vaxtı sükan arxasında telefonla danışması, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi kimi qayda pozuntuları faktını təsdiqləmək üçün yalnız inzibati xəta haqqında protokol yetərlidir. Amma DYP əməkdaşları həmin protokolu son dərəcə diqqətlə və ideal şəkildə tərtib etməlidirlər. Protokolda qayda pozuntusunun məzmunu, onun törədildiyi vaxt, yer, vəziyyət və s. məlumatlar, habelə anket xarakterli məlumatlar elə dəqiq və aydın göstərilməlidir ki, həmin protokolun mötəbərliyinə heç bir şübhə olmasın. Bir sözlə, protokol elə yazılmalıdır ki, onu oxuyan şəxs qayda pozuntusunu aydın təsəvvür etsin və hər hansı formal əsasa görə bu protokolu şübhə altına almasın. Bununla belə, əgər törədilmiş qayda pozuntusuna dair digər sübutlar mövcuddursa, həmin sübutlar da rəsmiləşdirilməli və işə baxan vəzifəli şəxsə və ya məhkəməyə təqdim edilməlidir. 

Protokol tərtib olunarkən sürücüyə hüquqları da dəqiq izah edilməli və DYP əməkdaşı öz davranışına xüsusi diqqət yetirməlidir. Təcrübə göstərir ki, sürücünün sonradan qayda pozuntusunu inkar etməsi çox vaxt məhz DYP əməkdaşlarının kobud, təlimatdan kənar davranışının nəticəsində baş verir. Amma DYP əməkdaşı qanunvericiliyin bütün formallıqlarına riayət etdikdə, sürücü ilə etik qaydalar çərçivəsində davrandıqda, ona xoş və prinsipial münasibət göstərdikdə çox vaxt sürücü səmimi şəkildə qayda pozuntusunu etiraf edir, öz səhvini başa düşür və hətta mənəvi qınağa tuş gəlməmək üçün qısa müddətdə yazılmış cəriməni də ödəyir.

 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ruslan 10 Noyabr 2014 22:55
DYP-ye qarshi edilen her bir sehv hereket bele allah terefinden yuksek qiymetlendirilir.