Banner

Yol qanunu niyə dəyişdi; əlavələr edilib

Yazarlar 2 Fevral 2015 18:57 Oxunub 3086
Yol qanunu niyə dəyişdi; əlavələr edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amma ötən ilin mayında qüvvəyə minən dəyişikliklər indiyədək tətbiq edilmir

Milli Məclisin bugünkü iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edildi. Dəyişikliyin mahiyyətini aydınlaşdırmaq üçün yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. Hüquqşünas Avtosfer.az-a həmin layihəni diqqətlə təhlil etdiyini deyərək bildirdi ki, bu düzəliş sırf texniki xarakter daşıyır. “Hətta deyərdim ki, bu düzəlişə əslində heç bir ehtiyac yoxdur. Bu düzəliş 2 may 2014-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş müddəaların “Yol hərəkəti haqqında” Qanuna gətirilməsindən ibarətdir. Həmin müddəalar yol hərəkəti qaydalarını pozan sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinin elektron formada sənədləşdirilməsini təsbit edir. May ayında edilmiş və artıq qüvvəyə minmiş həmin yeniliklər sürücülərin törətdiyi və xüsusi texniki vasitələrlə qeydə alınan qayda pozuntularının elektron protokolla rəsmiləşdirilməsini nəzərdə tutur, belə xətalara görə sürücüləri DYP orqanlarına çağırmağı qadağan edir. Bundan başqa, DYP əməkdaşlarının qaydanın pozulduğu yerdə sürücünü saxlayaraq sənədləşmə aparmasında da bəzi yeniliklər edilmişdir. Həmin yeniliklərə görə, DYP əməkdaşı yerində protokol tərtib edərkən həmin protokolu da patrul avtomobilindəki bort-kompüter vasitəsilə tərtib etməli və dərhal bu barədə məlumatı DYP-nin Mərkəzi Məlumat Sisteminə yerləşdirməlidir. Sürücüyə isə protokolun sürəti verilməlidir. Bu halda da sürücünün DYP orqanına çağırılması qadağan edilir».

Milli Məclisin bu gün etdiyi dəyişikliklərdən biri “Yol hərəkəti haqqında” Qanunun 85-1-ci maddəsinin əvvəlki redaksiyasının ləğv edilməsi oldu. Həmin maddə bütövlükdə İnzibati Xətalar Məcəlləsinin müəyyən müddəalarını təkrarlayırdı: «Buna görə də çoxdan ləğv edilməli idi. Lakin həmin maddədə olan və avtobus sürücülərinin məsuliyyətə cəlb edilməsinin xüsusi qaydasını nəzərdə tutan bir müddəa ləğv edilməyib. Həmin müddəa qüvvədə saxlanılması üçün Qanunun 85-ci maddəsinə əlavə edilib. Bu müddəada deyilir ki, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

Bir daha vurğulamaq istəyirəm ki, “Yol hərəkəti haqqında” Qanuna edilmiş bugünkü dəyişikliklərə heç bir ehtiyac yox idi. Əslində bu gün dəyişiklik edilən 84-cü və 85-ci maddələr bu Qanundan çoxdan çıxarılmalıdır. Həmin maddələrdə sürücülərin qayda pozuntularına görə məsuliyyətə cəlb edilməsinin müəyyən prosedurlarından danışılır. Həmin prosedurlar isə bu qanunun tənzimləmə predmeti deyil. Həmin prosedurlar İnzibati Xətalar Məcəlləsində, qismən də “Polis haqqında” Qanunda nəzərdə tutulub. Onların “Yol hərəkəti haqqında” Qanunda təkrarlanması lüzumsuzdur və təcrübədə problemlər yaradır.

Bugünkü dəyişikliklərlə bağlı başqa maraqlı bir məqamı da vurğulamaq istəyirəm. Sürücülərin törətdikləri qayda pozuntularının elektron formada rəsmiləşdirilməsi qaydaları ötən il mayın 27-dən qüvvəyə minib. Həmin dəyişikliklər indiyədək tətbiq edilmir. Bunun səbəbləri isə bəlli deyil. Məncə, Milli Məclisdə bunun səbəblərinin DYP rəsmilərindən soruşulması maraqlı olardı».

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh