Yol qəzaları: Artan və can alan kabusdan necə xilas olmalı?
Bu ilin üç ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sürücülərin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi, avtomobil yollarında sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi qaydalarını pozulması, habelə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması kimi xətalara yol verilməsidir. Bundan əlavə, spirtli içkilərin təsiri altında sükan arxasına keçməkdə ağır qəzalara səbəb olur. Yol qəzalarının artmasının digər səbəbi isə həm də piyada məsuliyyətsizliyidir. Piyada keçidlərinin olmasına baxmayaraq bir sıra hallarda vətəndaşlar keçidlərdən istifadə etmirlər.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, bu ilin üç ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27 (+7,2 faiz) fakt, ölənlərin sayı 58 (+46,4 faiz), yaralananların sayı isə 3 (+0,8 faiz) nəfər artıb. Aparılan təhlillər göstərir ki, 392 (97,3 faiz) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9/2,2 faiz) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 40,3 faizi, başqa sözlə, 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 33,4 faizi isə, yəni 131-i qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.
Yol-nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurma (187/46,4 faiz - 81 nəfər həlak olub, 121 nəfər xəsarət alıb) və toqquşma (129/32,0 faiz - 64 nəfər həlak olub, 150 nəfər xəsarət alıb) halları yenə də üstünlük təşkil edib.
Yol qəzalarında həlak olan 183 nəfərdən (yaşı 16-dək olan 9 nəfər, qadınlar 44 nəfər) 83-ü piyada, 46-sı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub. Maraqlıdır, qəzaların sayının artmasına hansı amillər təsir edir? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Elməddin Muradlı: Elə zənn etməyin ki, qəza sadəcə bir insanın faciəsidir. Bir qəza bütov bir cəmiyyətin faciəsidir
Nəqliyyat eksperti Elməddin Muradlı sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yol qəzalarının baş verməsində səbəb ikitərəflidir: “Həm yol hərəkət iştirakçıları, yəni sürücü və piyada, həm də yol təsərrüfatı. Bunlar qarşılıqlı şəkildə bir-birilə əlaqəlidir. Bunlardan hər hansı birində qüsur varsa, qəza qaçılmazdır. Deyək ki, sürücü sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edirsə, avtoxuliqanlıq edirsə, piyada yolu hardan keçdiyinə diqqət etmirsə, yola qaçırsa, keçiddən istifadə etmirsə, sərnişin avtobusa harada gəldi minirsə, qəza, ölüm, xəsarət qaçılmazdı. Yaxud da yolda işıqlandırma zəifdirsə sürücü işıqlandırma olmadığına görə yol nişanları görünmədiyinə görə yolu düzgün seçə bilmir və manevr qaydalarını pozur. Bütün bu kimi halları nəzərə alıb, yol təsərrüfatı və yol hərəkəti iştirakçıları qarşılıqlı münasibətləri düzgün tənzimləyəndə qəzalar azalır. Bəs bizdə bu tənzimlənmə hansı səviyyədədir? Təəssüflə qeyd etməliyik ki, bu, o qədər də ürəkaçan səviyyədə deyil. Çox ciddi problemlərimiz və qüsurlarımız var.”
Mütəxəssis qeyd etdi ki, yol təhlükəsizliyinə dair “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na aidiyyəti qurumlar ciddi yanaşmır. Bəzi qurumlar səthi yanaşaraq bu işi görmüş hesab edir. Çox cüzi olaraq da proqrama uyğun işlər həyata keçirilib. Düzdür, pandemiya və müharibə səbəbindən müəyyən ləngiləmələrin olması normaldır. Zənnimcə, bu təsiri nəzərə alaraq Proqramın icra müddətini iki il də artırmaq olar.”
E.Muradlı sözügedən problemin həlli üçün ilk olaraq yollardakı qüsurların aradan qaldırılmasını zəruri hesab edir: “Yolları işıqlandırmaq lazımdır. Yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan qurumlar işlərini doğru, düzgün və ciddi şəkildə yerinə yetirməlidir. Nişanlanma xətləri vaxtında yenilənməlidir. Bütün bunlarla yanaşı, mövzu ilə bağlı insanlar arasında həm təbliğat, həm də maarifləndirmə işləri gücləndirilməlidir ki, insanlar öz məsuliyyətini dərk etsinlər. Hər bir insan başa düşməlidir ki, bu qayda pozuntusu ona ağır cəzalar hesabına başa gələcək.”
Həmsöhbətimiz sürücülərə və piyadalara müraciət edərək bildirdi ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər: “İnan ki, indiyə qədər bu qaydalara əməl etmək heç kimə ziyan gətirməyib. Amma qəzaya düşənlərdən “niyə qəzaya düşdün” deyə soruşsaq “ya qırmızıdan keçdim, ya bilmədim, ya fikrim telefonda idi, ya içkili idim, ya avtoxuliqanlıq etdim” və sair bu kimi “səbəb” məzmunlu bəhanələr ortaya çıxaracaq. “Niyə səni maşın vurdu” deyə piyadaya sual versək deyəcək ki, “qaçaraq yola çıxdım, ya düşündüm ki, maşın mənə yol verər” bu vaxtı sürücü isə bildirəcək ki, “mən də elə bildim ki, piyada dayanacaq.” Nəticədə nə piyada, nə də sürücü dayanmır və qəza baş verir. Qaydalara əməl etmək üçün bu qədər ağır prosesdən keçmək lazımdırmı? Xeyr. Elə zənn etməyin ki, qəza sadəcə bir insanın faciəsidir. Bir qəza bütov bir cəmiyyətin faciəsidir.”
Sosioloq: Sürücülük mədəniyyəti aşağı olan avtomobil idarəediciləri çoxdur
Sosioloq Əhməd Qəşəmoğlu isə qəzetimizə açıqlamasında vurğuladı ki, sürücülər yola çıxmadan öncə avtomobillərin texniki vəziyyətinə nəzarət etməlidir: “Bu sahədə yol polisinin və qanunvericilik orqanı müvafiq tədbirlər görməlidir. Yəni, sürücü bilməlidir ki, təmirə ehtiyacı olan, nasaz avtomobillə yola çıxmaq olmaz.”
Sosioloq xatırlatdı ki, yol qəzalarının səbəblərindən biri də sükan arxasında əyləşən şəxslərin sürücülük mədəniyyətini olmamasıdır: “Bəzən sürücülər ötmə, təhlükəli manevr edərək digər hərəkət iştirakçıları üçün də ciddi risk yaradırlar. Qəza yaradan digər səbəblərə gəlincə isə yolların nasaz vəziyyətdə olmasını vurğulamalıyam. Məsələn, Şamaxıya qədər rahat yoldur. Amma, Şamaxıdan İsmayıllıya keçdikdə yollardakı vəziyyətin pis olduğunu müşahidə edirik. Quba yolu ilə getmək isə ümumiyyətlə, qorxuludur.”
Müsahibimiz bildirdi ki, sürücülərin mədəniyyətinin yüksəldilməsi sahəsində ciddi işlər getməlidir. Sürücülük vəsiqəsi qabiliyyətə, bacarığa görə verilməlidir, təhlükəli vəziyyətdə olan, hərəkət iştirakçılarına narahatlıq yaradan yollar təmir olunmalıdır.” Ə.Qəşəmoğlu əlavə etdi ki, bu məsələnin həllində yol polisinin də üzərinə çox böyük məsuliyyət düşür. Gəlin, yol qəzalarının qurbanı olmamaq üçün dəqiq, diqqətli və intizamlı yol hərəkəti iştirakçısı olsaq!