Banner

Yol qəzalarında Asiya amili - REALLIQ

Yazarlar 20 Aprel 2015 12:28 Oxunub 1962
Yol qəzalarında Asiya amili - REALLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Asiya qafası ilə avtomobil idarə etmək” dedikdə, sükan arxasına içkili keçmək, yüksək sürətə meyillilik nəzərdə tutulur

Bu, son bir ildə yol qəzalarına, qəzalarda ölən və yaralananlara dair neçənçi yazımdır, bilmirəm, statistikasını aparmamışam. Amma bu yazılar qəzaların, qəzalarda ölənlərin və yaralananların faciəvi statistikasından doğur. Tək mən deyiləm, son vaxtlar başqa həmkarlarım da istər peşəkar mediada, istərsə də sosial şəbəkələrdə tez-tez bu mövzuda məlumatlar, təəssüratlar bölüşürlər. Sanki bu, ölkənin başlıca və ciddi problemlərindən biri halına gəlib. Əslində məhz belədir. 

Bir neçə gün öncə Ziya Bünyadov prospektində sürətlə işıq dirəyinə çırpılan avtomobilin ikiyə bölünməsi nəticəsində maşının salonunda həlak olan 3 gəncin faciəsi barədə işlədiyi telekanal üçün süjet hazırlayan həmkarımız Mahir Məmmədli fəaliyyəti boyunca çox qəza xəbəri hazırladığını, ancaq bu cür qandonduran mənzərə görmədiyini yazmışdı. 

Şərh yazanların çoxu avtomobilin ikiyə bölünməsinə hansı sürətin səbəb olduğunu təxmin etməyə çalışırdı və nəhayət, hadisənin şahidi olan bir nəfər qeyd etdi ki, həmin avtomobil onların yanından saatda 160 kilometr sürətlə ötüb keçib və çox uzaqlaşmadan qəzaya uğrayıb. 

Dünən Belçikada yaşayan satirik şair Mirzə Sakit həmin mövzuya qayıdaraq yazıb: “Bu gün yaşadığım şəhərin polis idarəsinə getdim, özümü təqdim etdikdən sonra gəlişimin məqsədini bildirdim. Onlar da çox mədəni şəkildə məni maraqlandıran məsələnin dəqiq cavabını almağım üçün bu sahə üzrə məşğul olan polis zabitini çağırdılar, bəxtimdən həmin adam da türk idi, məni öz otağına aparıb dinlədikdən sonra statistik məlumatı açdı...

Amma onun tablosunda son məlumatlar 2013-cü ilə qədər olan məlumatlar idi.

Buna baxmayaraq, 2013-cü ildə Belçika ərazisində baş verən yol qəzalarının və həmin qəzalar nəticəsində ölən insanların sayını yazıb götürdüm.

Məlum oldu ki, bir il ərzində Belçikada 1628 yol qəzası olub və həmin qəzalar nəticəsində ölənlərin sayı 84-dür».

Xatırladım ki, üç il öncə İsveçrədə, İsveçdə, Almaniya və Hollandiyada yaşayan həmkarlarıma (Elxan Həsənli, Rahib Kazımlı, Fəxrəddin Hacıbəyli, Kamal Qasımlı) müraciət edərək yaşadıqları ölkədə qəza statistikası barədə məlumat istəmişdim. Onların göndərdiyi rəqəmlər il ərzində yol qəzalarında ölənlərin sayının 30-60 arasında olduğunu göstərirdi. Bu o vaxt idi ki, ölkəmizdəki yol qəzalarında il ərzində 1068 adam ölmüşdü. Ondan sonrakı il bizdə ölənlərin sayı 1160-ı keçdi.

Ümumiyyətlə, son beş ildə ölkəmizdə yol qəzalarında ölənlərin sayı 1000 rəqəminin üstündə olur. Üç bu qədər də yaralanıb şikəst olanları hesaba alın.

Avropada il ərzində ölənlərin sayı ilə bizdə iki ay ərzində ölənlərin sayı təxminən eynidir. 

Bəzi dostlar yazırlar ki, yol qəzalarının bu cür faciəvi statistikası Asiya ölkələrində buraxılan avtomobillərdən çox istifadə etməyimiz üzündəndir. Guya ki, Avropa maşınları Asiya avtomobillərindən daha etibarlıdır. 

Əlbəttə, yol qəzalarının faciəvi statistikasında Asiya faktoru var, amma bu, avtomobillərə aid deyil. Biz Avropada istehsal olunan ən etibarlı avtomobilləri Asiya qafası ilə idarə etdiyimizə görə bu duruma düşmüşük.

“Asiya qafası ilə avtomobil idarə etmək” dedikdə, sükan arxasına içkili keçmək, yüksək sürətə meyillilik, yol hərəkəti qaydalarına məhəl qoymamaq, daima “mənə heç nə olmaz”, “hamı mənə yol verməlidir, görmürlərmi gəlirəm” düşüncəsiylə hərəkət etmək, özünü göstərmək, qızışmaq və sair və ilaxır daxildir. Bunların hamısı faciəyə aparır. 

Adi bir misal. Ötən həftənin ortalarında reportyorumuzla Ziya Bünyadov prospektindəki tunellər silsiləsindən keçirdik. Ondan xahiş etdim ki, tuneldə avtomobilinin qabarit işıqlarını yandıran sürücüləri saysın. Saydı və dedi ki, gördüyü 10 maşından cəmi ikisi işıqlarını yandırıb. 

Tunel qaranlıq idi və üç metr irəlidəki, üç metr geridəki avtomobillər görünmürdü, amma sürücülər özlərinə zəhmət verib işıqlarını yandırmır, tunelə bu cür girir, bu cür də çıxırlar.  Təhlükəsizlik kəmərini qurşamamağa görə hər gün minlərlə sürücüyə cərimə yazılır, amma xeyri yoxdur, yenə də bir xeyli sürücü qurşamır, hətta daha pisi, bunu əskik iş hesab edirlər. 

Nəticə isə göz qabağındadır. Nadan, bisavad, korafəhim, qaba, ötkəm adamların sürücülk vəsiqəsini pul-para ilə satın aldığı ölkədə vəziyyət bundan fərqli ola bilməz.

 

Xalid Kazımov,

musavat.com

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh