Reklam

Yol qəzalarında ölüm sayı niyə artır? – Gecə qəzalarında artım var

Yazarlar 16 Dekabr 2021 08:31 Oxunub 638
Yol qəzalarında ölüm sayı niyə artır? – Gecə qəzalarında artım var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ümumi planda hər zaman vətənimizin üçüncü dünya ölkələri ilə müqayisə edilib təsəlli tapılmasına qarşı olmuşam. Şərqdə demək olar, bütün elmi-texniki, ictimai-siyasi yeniliklərə imza atmış xalqı Orta əsrlər təfəkkürü ilə yaşayan toplumlarla müqayisə edərək təsəlli tapmaq doğru deyil. Üstəgəl, söhbət beynəlxalq imperializmin ermənilərə qoyduğu 200 illik sərmayəni cəmi 44 gündə puç edən xalqdan gedirsə...

Amma elə hallar var ki, insanı narahat edir və bunu demək borcumuzdur. Keçək mətləbə.

Noyabr ayında Azərbaycan yollarında 38 yol qəzası baş verib. Bu qəzalarda 52 nəfər ölüb, 20 nəfər xəsarət alıb. İlk baxışdan çox da böyük rəqəm deyil, Amma əhali sayı və ərazisinə görə bizdən çox da fərqlənməyən, lakin avtomobil sayı bizdən dəfələrlə şox olan İsveçrə ilə müqayisədə görürük ki, vəziyyət ürəkaçan deyil. 2021-ci ilin ilk yarısında Konfederasiyada baş verən yol qəzalarında 86 nəfər ölüb. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 nəfər azdır.

Çoxlarımız belə düşünürük ki, qəzalara səbəb tıxaclar və avtomobil sayının çoxluğudur. Amma bu yanaşma yanlışdır. Əvvəla, tıxacları və qəzaları avtomobillərin çoxluğu ilə əlaqələndirənlər bir məqamı unudurlar: Dünya standartında hər min nəfərə düşən avtomobil sayı əsas götürülür. Bu rəqəm İsveçrədə 600, Almaniyada 574, Belçikada 512, Fransada 478-dir. Berlin, Paris, Cenevrə, Brüssel və Bern kimi şəhərlərdə min nəfərə düşən NV orta sayı 700 ətrafında dəyişir. Lakin say çoxluğu hərəkəti iflic etmir, ciddi qəzalar az olur.

Azərbaycanda təxminən 1.3 milyon nəqliyyat vasitəsinin olduğunu nəzərə alsaq, min nəfərə təxminən 130 NV düşəcək. Başqa sözlə, Avropadakı 60-cı illər səviyyəsi. (Nəzərə alaq ki, bizdə sovet dövründə də, şəxsi minik avtomobillərinin sayı (100 ailəyə 23 avtomobil) nəinki Ermənistan və Gürcüstan, hətta Türkmənistandan da aşağı olub). Lakin o dövrdə də ölümlə nəticələnən yol qəzalarının sayı kifayət qədər yüksək idi.

Agentliklərimizin gecə saatlarındakı xəbərlərinə diqqət edək: xəbər lentində əsas yeri  qəzalar tutur. Halbuki gecə saat 2-5 arası nəqliyyat seyrək olur.

Qayıdaq İsveçrəyə: bu ölkənin ərazisinin əksər hissəsi dağlıqdır və yollarda qış aylarında hərəkət çətinləşir. Ölkəni İtaliya və Fransaya bağlayan yollar sıldırım qayaların boyunca uzanır. Cenevrə-Bezanson yolunda ani bir səhv avtomobili 150 metrlik uçurumdan aşağıdakı dağ çayına salacaq. Ölkəmizdə belə təhlükəli yol yoxdur. Buna görə də insanlar maksimum ehtiyatla davranırlar. Həm də nəzərə alaq ki bura hər gün minlərlə xarici avtomobil daxil olur.

İsveçrədə qəza sayının azlığı həm də ictimai nəqliyyatla bağlıdır. Şəhərlərarası  sərnişindaşıma istisnasız olaraq qatarla həyata keçirilir. Sürət Almaniya və Fransadan az olsa da, qənaətbəxşdir (təxminən 160 km/saat).

Bizim ölkəmizdə qəzaların başlıca səbəbləri şəxsi avtomobildən ifrat istifadə, yüksək sürət və yorğunluqdur. Avtomobillərin çoxunun köhnə olması da (söhbət təkcə sovet istehsalı olan nəqliyyat vasitələrindən getmir) qəza vaxtı ölüm və xəsarət alma riskini artırır. İnanırıq ki, bunun da çarəsi yaxın vaxtlarda tapılacaq.

 

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh