Banner

Yol qəzalarının azyaşlı qurbanları: gələcəyimizi niyə məhv edirik? - FOTO

Yazarlar 25 İyun 2024 13:51 Oxunub 838
Yol qəzalarının azyaşlı qurbanları:  gələcəyimizi niyə məhv edirik?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikasına nəzər salsaq, 2014-cü ildən indiyə qədər qəzaların sayının 50%-dək azaldığının şahidi olarıq.

Qəzaların ümumi sayında olduğu kimi belə hadisələr nəticəsində ölənlərinin sayında da azalma müşahidə edilir. Yəni, 10 il əvvəl ölkə ərazisində baş verən 2840 yol-nəqliyyat hadisəsi nəticəsində 1160 nəfər həyatını itirmişdisə, ötən il baş verən 1636 qəzada 862 nəfər həlak olub.

Bunların yanında bir də qəzalarda həlak olan azyaşlılar da var və təəssüflər olsun ki, biz onları belə hadisələrdən qorumaqda bəzən aciz qalırıq. Statistikaya əsasən 2023-cü ildə baş qəzalarda, istər piyada, istərsə də sərnişin qismində yaşı 7-yə qədər olan 21 uşaq dünyasını dəyişib, 40 uşaq isə xəsarət alıb. Bu ilin 5 ayı ərzində isə baş verən yol nəqliyyat hadisələri zamanı 15 uşaq ölüb, 41-i xəsarət alıb.

Bu rəqəmlər sadəcə ümumi statistika kimi görünsə də, qəzalarda həyatını itirən şəxslər hansımızınsa qohumu, dostu, tanışıdır. İtirilən hər bir həyat kiminsə dəyər verdiyi şəxsdir. Əksəriyyətimiz bu problemin dərinliyinin fərqində deyilik. Biz başımıza gəlməyincə dərs çıxarmayacaq xalqıq. Başqalarının problemlərinə çox vaxt o qədər soyuqqanlı yanaşırıq ki, bu bizdə sonradan vecsizlik, etinasızlıq kimi xüsusiyyətlər yaradır. 

Məktəbdə şagirdlər yol hərəkəti qaydaları ilə tanış edilir. Onlara yolu necə keçməli, nəqliyyatdan necə istifadə etməli olduqları öyrədilir. Məktəbdə öyrədilir, bəs evdə valideyn? Valideyn işləməsi səbəbilə azyaşlı övladını məktəbə, marketə, repetitor hazırlığına tək yollamaq məcburiyyətində qaldığı üçün, belə hallar bəzən bəxdbəxt hadisələrlə nəticələnir. Bəzi hallarda sürətli inkişafının şahidi olduğumuz “texnologiyanın bütün fürsətlərindən maksimum faydalanmağa çalışan valideynlər” də olur ki, başı telefona qarışdığı üçün yanındakı azyaşlı övladını unudur. Uşaq maşın yoluna düşən oyuncağının arxasınca qaçır. Və...

Bu hadisələr zamanı bir çox hallarda çanaq sonda sürücün başında çatlayır. Bəli, ola bilər. Sürücü naşı, diqqətsiz, sürət həddini aşmış ola bilər. Amma axı bu sənin övladındır. Onu qorumaq sənin borcundur. Sənin valideyn kimi öhdəlyin o cəmiyyətə tam hazır olanadək onun əlini tutmaqdır. Əvəzində sən nə edirsən? Öz “naşı”lığının cəzasını hansısa sürücüyə ödədirsən, öz yaxanı kənara çəkib başqalarına məsuliyyət yükləyirsən. Bütün bunları isə şəxsi vicdani rahatlığın üçün edirsən. Heç kimin övladını maşın vuran, yaxud itirən valideynin üzərinə gəlib, “sənsən günahkar” deməyəcəyinə də əminik. Hətta deyə bilərik ki, bəzi hallarda övladının bu itkisini “əla qazanc mənbəyi” kimi düşünənlərə də rast gəlmək mümkündür.

Belə məsələlərdə günahkar olan ikinci, üstəlik üçüncü tərəflər də olur. Sürücü bu məqamda ikinci məsuliyyətsiz şəxsdir. Gün ərzində sürət həddini aşmağı özünün xüsusi məharəti hesab edən, psixotrop maddənin təsiri altında avtomobil idarə edən, “sağ-sol” etməyi ilə qürur duyan sürücülərlə ya özümüz rastlaşırıq, ya da mediada barələrində məlumat yayılır. Bu “şou”ların sonunda ya hansısa azyaşlı həyatını itirir, ya da elə sürücü özü əcəlinə susamış kimi maşını harasa çırpmalı olur.

 

Bu hadisələrin üçüncü tərəfi isə dövlət və özəl sektor əməkdaşlığıdır. Bu əməkdaşlıq zəif olduğu halda azyaşlıların, eləcə də valideynlərin yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırılması istiqamətində işlər də zəifləyir. Sürücü özbaşınalıqlarının qarşısının alınması çətinləşir. Bu məqamda dövlət öhdəsinə düşənin mümkün qədər ən yaxşısını edir. Sürücü özbaşınalıqlarının qarşısı alınır, məktəblilər yol hərəkəti qaydaları haqqında məlumatlandırılır, hətta Dövlət Yol Polisi hər il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə azyaşlıların bu istiqamətdə maarifləndirilməsi üçün tədbirlər də keçirir .

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev saytımıza açıqlamasında deyib ki, DYP əməkdaşları vaxtaşırı məktəblərdə müəllimlər və şagirdlərlə görüşlər keçirir.

“Azyaşlıların yolu keçərkən, nəqliyyat vasitələrindən istifadə edərkən nələrə diqqət etməli olduqları ilə bağlı məlumatlandırılır. Bu məsələdə valideynlərlə yanaşı müəllimlərin üstünə böyük məsuliyyət düşür. Azyaşlılar günün böyük hissəsini məktəbdə keçirdiyi üçün müəllimlər vaxtaşırı onlarla yol hərəkəti qaydaları mövzusunda maarifləndirmə tədbirlərini gücləndirməlidirlər. Dərs içərisində, yaxud dərsin sonunda müəllimlər şagirdlərə yolu keçərkən qaçmamalı olduqlarını, nəqliyyat vasitəsinə minərkən, yaxud düşərkən diqqətli olmalarını, valideynin əlini buraıxb yola qaçamamalarını mütəmadi izah etməlidir. Məktəblilər bilməlidir ki, yolu keçərkən yerüstü və yeraltı keçidlərdən istifadə etmək mütləqdir. Bəzən məktəblilər yolun onlara piyadalara aid olmayan hissələrindən, hətta yol kənarındakı dəmir maneələrin üstündən tullanaraq keçməyə çalışırlar. Bu davranış onlarda müəyən dövr ərzində vərdişə çevrilir və belə hadisələr ağır yol qəzaları ilə nəticələnir”.

Psixoloq Aygül Məlikova bildirib ki, uşaqlarda təhlükəyə qarşı özünü qoruma hissi 3 yaşından sonra yaranır.

“Avtomobillər və qəzalarla bağlı uşaqlarda reaksiyaları aşılamaq üçün valideynlə yanaşı, onalrın tədris aldığı məktəbəqədər müəssisə və ya təhsil müəssisəsi də təlimatlandırmalıdır. Valideynlər bu mövzuda uşaqları təlimatlandırmaq üçün müxtəlif vasitələrdən istifadə edə bilər. Bunun üçün onlarla oyunlar oynayaraq, nağıllar müəyyən elektron vəsaitlər, şəkillər və videolarla yol hərəkəti qaydalarına riayət etmədikdə nəticələrin nələr ola biləcəyini izah etməlidirlər. Uşaqlara belə məlumatlar hər gün vaxtaşırı aşılanmalıdır. Belə olan halda bu uşaqlarda “obsesiv” yəni, narahatedən aludəçilik yaranacaq və onlar bir müddətdən sonra yol keçərkən nə etməli olduqlarını öncədən biləcəklər”. 

Mütəxəssislər vurğulayır ki, uşaqlarda yol hərəkəti qaydalarının aşılanması məsələsində təkrarçılığa üstünlük vermək mütləqdir. Çünki 3-17 yaş aralığında olan şəxslər onlara vaxtaşırı ötürülən məlumatları yaddaşa həkk edirlər və tərbiyələndirmə prosesində istifadə olunan metodları eyni qayda ilə yor hərəkəti qaydalarının öyrədilməsində də tətbiq edilməlidir.

Azyaşlıları avtomobil qəzalarından qorumaq üçün hər kəs əlini daşın altına qoymalıdır. Çünki qorumadığımız, maarifləndirmədiyimiz hər bir azyaşlının həyatını itirməsi, qəzalar nəticəsində hansısa orqanında fiziki qüsurların yaranması məhz hər birimizin gələcəyinə dəyə biləcək ağır zədələr, itkilər deməkdir.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai birliyinin həyata keçirdiyi “Mən gələcəyəm”: Uşaq və yeniyetmələri yol qəzalarından qorumaq üçün media vasitəsilə maarifləndirmə və təbliğat adlı layihəsi çərçivəsində hazırlanıb.

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh