Reklam

”Yol qəzalarının istintaqı obyektiv aparılmalıdır” - Rafael Cəbrayılov

Yazarlar 6 May 2019 15:11 Oxunub 4731
”Yol qəzalarının istintaqı obyektiv aparılmalıdır” - Rafael Cəbrayılov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yol qəzalarının istintaqı zamanı çox vacib hüquqi məsələ diqqətdən yayınır"

Yol hərəkəti qəzalarının böyük əksəriyyəti piyadaların vurulması ilə nəticələnən qəzalardır. Bu ilin 1-ci rübündə respublika üzrə bütün qəzaların 68 faizi, Bakı şəhəri üzrə isə 65 faizi piyadaların vurulması ilə nəticələnən yol qəzaları olub. Araşdırmalar göstərir ki, bu qəbildən olan qəzaların istintaqı zamanı sürücülərin təqsirləndirilməsi “adət” halını alıb. Belə ki, 96-97 faiz hallarda istintaq orqanı sürücüləri təqsirləndirərək məhkəməyə verir. Rusiya Federasiyasında bu rəqəm 60 faizdən artıq deyil. 
Mən heç də sürücülərə haqq qazandırmaq fikrində deyiləm. Baş vermiş qəzanın obyektiv istintaqının aparılması, sürücünün, habelə, piyadaların təqsirlərinin fərdiləşdirilməsi, onlar tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulması ilə qəza arasındakı səbəbli əlaqənin mövcudluğunu araşdirmaq vacib məsələdir. Çünki qanun pozuntusu ilə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olmaması məsuliyyəti istisna edir.
Təəssüflə qeyd etmək istəyirəm ki, yol qəzalarının istintaqı zamanı səbəbli əlaqə kimi çox vacib hüquqi məsələ diqqətdən yayınır. Bu hal istintaqın keyfiyyətini müəyyən edən əsas məqamlardandır.
Piyadaların bir nəqliyyat vasitəsi tərəfindən vurulandan sonra digər nəqliyyat vasitəsi tərəfindən təkrar vurulması hallarında isə çox peşəkar istintaqın aparılması zərurəti yaranır. 
Bir nəqliyyat vasitəsinin virduğu piyada bəzən digər hərəkət zolağına düşür və başqa nəqliyyat vasitəsi də üstündən keçir. Bu əsasən sürətli yollarda daha çox baş verir.
Bu cür hallarda adətən təqsirin fərdiləşdirilməsi çətinləşir. Bu halda hər iki sürücünün məsuliyyətə alınması düzgün hesab edilə bilməz. İstintaq orqanı hadisənin bütün detallarını dəqiq araşdırmalı və yalnız təqsirli şəxsi məsuliyyətə almalıdır. 
Bir sıra hallarda isə istintaq orqanı yol hərəkətinin iştirakçısı kimi piyadaların “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozub-pozmaması məsələsini araşdırmır. Təbii ki, belə hal istintaqın keyfiyyətinə mənfi təsir edəcək və çıxarılan hüquqi nəticə də ədalətli olmayacaq. Bu kimi hallar insanların haqlı narazılığına səbəb olur, məhkəmə baxışı uzanır.
Başqa bir məsələni də xüsusi olaraq vurğulamaq istərdim ki, piyadalar üçün yol keçidləri qanunda nəzərdə tutulduğundan çox azdır. Belə ki, yaşayış məntəqələrində hər 150-300 metr, yaşayış məntəqələrindən kənarda isə təxminən 800 metr məsafədən bir piyada keçidləri nəzərdə tutulsa da faktiki olaraq piyada keçidləri çox azdır.
 

Rafael Cəbrayılov,

Milli Məclisin deputatı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh