Yol qəzalarının qarşısını necə almaq olar?: İsveçrə və biz
Azərbaycanın xəbər saytları çox zamanlar günü yol qəzaları ilə açır və başa vurur. Elə bu gecə də saytların baş xəbəri Ucardakı qəza oldu; 5 nəfər ölüb, 10-a yaxın yaralı var.
Yol qəzaları bir növ adiləşib, heç kəsdə təəccüb doğurmur. Görəsən başqa ölkələrdə vəziyyət necədir? Məsələni konkret olaraq İsveçrə və Azərbaycan arasında müqayisə üzərində quraq:
Arayış
Azərbaycan
Ərazi: 86 600 km2
Əhali: 10 milyon nəfər
Nəqliyyat vasitələrinin sayı: 1 400 000-dən yuxarı
İsveçrə
Ərazi: 41 285 km2
Əhali: 8 825 000 nəfər
Nəqliyyat vasitələrinin sayı: 6 milyon 241 mindən yuxarı və ya hər 1000 nəfərə 600-dən çox (bəzi şəhərlərdə 700).
Məntiqi olaraq nəqliyyat vasitələrinin sayının artıq, ərazinin isə bizdən 2 dəfə az (həm də dağlıq) olması səbəbindən İsveçrədə hərəkət Azərbaycandan daha intensivdir. Üstəgəl İsveçrə şəhərlərində çox sayda tramvay və trolleybus dolaşır. Ölkəyə qonşu Avropa dövlətlərindən hər gün minlərlə avtomobil daxil olur. Lakin il ərzindəki statistikanı müqayisə etdikdə daha ziddiyyətli faktlar meydana çıxır. Nəzəri olaraq hərəkət intensivliyinin az olduğu ərazilərdə qəzalar daha az olmalı və nisbətən az zərər doğurmalıdır. Lakin faktlar əksini sübut edir. Müqayisə edək: 2020-ci ildə bu Alp ölkəsindəki avtomobil qəzalarında 227 nəfər ölüb, 3793 nəfər xəsarət alıb. 2000-ci ildən avtomobillərin sayında artım, yol qəzalarında isə azalma müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən il Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində 696 nəfər həlak olub, 1410 vətənmdaşımız xəsarət alıb. Bakı şəhəri üzrə isə 460 yol-nəqliyyat hadisəsində 169 nəfər ölüb, 387 nəfər yaralanıb.
Göründüyü kimi, təkcə Bakıda baş verən ölüm halları bütün İsveçrədəkinə yaxındır. Bəs bu ürək ağrıdan statistikanın ortaya çıxmasının səbəbi nədir? Yollar, sürücülər, nasaz avtomobillər, yol polisi, yoxsa hamısı?
Azərbaycanda yolların tam təmiri başa çatıb. Artıq 10-15 il əvvəlki “yollar pis olduğu üçün qəzalar baş verir” iddiası qeyri-obyektiv olmaqla yanaşı, ölkə rəhbərliyinin fəaliyyətinə də (bilməyərəkdən) kölgə salmaqdır. Həm də ölkəmizdə təxminən 10-15 il əvvəl belə bir paradoks ortaya çıxdı: yollar rahatlaşdıqdan sonra qəzaların da sayı artdı. Bunun da səbəbi yüksək sürətdir. Son illərdə sürətölçmə radarlarının sayının artması da problemin tam həllinə kömək etməyib.
Elə məsələlər var ki, yol polisi bunu sadəcə olaraq müəyyən edə bilmir. Söhbət sürücünün yorğun və yuxusuz olmasından gedir. Hər stasionar postda avtobusları saxlayıb yoxlamaq həm mümkün deyil, həm də narazılıq doğuracaq. Çarə ya taxoqraf tətbiq etmək, ya da ümumiyyətlə nəqliyyat vasitələrinin iş rejimini peyk rabitəsi ilə nəzarətdə saxlamaqdır.
Ölkəmizdə bir qayda olaraq böyük avtobuslar qəza törətmir, ya da bu qəzalarda ölüm az olur. Çünki 50 nəfərlik nəqliyyat vasitəsi gün ərzində cəmi 1 reys edir. “Qırmızı Körpü”yə gün ərzində 3 dəfə gedib-qayıdan “Vito”ların sayını isə heç kim bilmir.
70-ci illərdə İsveçrədə avtomobillərin sayının artması ilə ölkədə qəzaların da miqdarı artır. Problem 1973-cü ildə pik nöqtəyə çatdıqda, hökumət ciddi tədbirlər görməyə başlayır. Sərt tədbirlər bir-neçə il ərzində öz bəhrəsini verdi. Ölümlə nəticələnən yol qəzalarına görə ölkə qara siyahının ən aşağı pilləsinə endi.
Görəsən yüzlərlə ailəyə kədər gətirən, iqtisadiyyata milyonlarla ziyan vuran qəzaların qarşısını almaq üçün daha ciddi tədbirlər görməyin vaxtı gəlməyibmi?
Vüqar Yaşaroğlu