Reklam

Yol qırğınlarına qarşı maraqlı təkliflər

Yazarlar 29 Avqust 2014 13:21 Oxunub 2140
Yol qırğınlarına qarşı maraqlı təkliflər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Yol hərəkəti təhlükəsizliyinin təmini üçün yalnız yaxşı yol infrastrukturunun mövcudluğu yetərli deyil»

2003-cü ildən başlayaraq hər il BMT Baş Məclisində planetimizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilir. Bu müzakirələr nəticəsində dünya dövlətləri üçün xeyli sayda tövsiyələr qəbul edilib. BMT Baş Məclisinin 2 mart 2010-cu il tarixli, 64/255 saylı Qətnaməsi ilə 2011-2020-ci illər planetimizdə Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət Onilliyi (Decade of Action for Road Safety 2011-2020) elan edilib, bu Onilliyin həyata keçirilməsi üçün Qlobal Plan işlənib hazırlanıb. Bu Qətnamədə və Qlobal Planda dünya ölkələrinə yol hərəkəti təhlükəsizliyinin təmini üzrə tədbirlər planı işləyib hazırlamaq və həyata keçirmək tövsiyə edilib. BMT Baş katibi Pan Gi Mun Onilliyin elan edilməsi ilə bağlı BMT Baş Məclisindəki çıxışında deyib: «Mən üzv-dövlətləri, beynəlxalq qurumları, vətəndaş cəmiyyəti təşkilatlarını, firmaları və icma rəhbərlərini bu Onilliyin real nailiyyətlərlə başa çatmasını təmin etməyə çağırıram. Bu istiqamətdə addım kimi hökumətlərin Onilliyin həyata keçirilməsi üzrə öz milli fəaliyyət planlarını qəbul etməsi lazımdır». Dünyanın əksər ölkələri bu tövsiyələri nəzərə alaraq belə xüsusi milli proqramlar və strateji fəaliyyət planları hazırlamış, onların həyata keçirilməsi nəticəsində yol hərəkəti təhlükəsizliyi üzrə böyük uğurlar qazanıblar.

Bizim ölkəmizdə də son illər nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb, yeni yollar və yol ötürücüləri yaradılıb, mövcud yollar əsaslı şəkildə təmir edilib. Lakin yol hərəkəti təhlükəsizliyinin təmini üçün yalnız yaxşı yol infrastrukturunun mövcudluğu yetərli deyil. Yol hərəkəti təhlükəsizliyi ictimai həyatın müxtəlif sahələrini əhatə edən daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsini tələb edir. 

BMT-nin yol hərəkəti təhlükəsizliyinə dair illik məruzələrində, xüsusən ümumdünya səhiyyə təşkilatının bu mövzuda məruzə və hesabatlarında yol hərəkəti təhlükəsizliyini təhdid edən əsas risk amilləri, habelə həmin amilləri qabaqlamağın və aradan qaldırmağın mümkün yolları göstərilir. Hesab edirəm ki, bizim ölkə də həmin rəy və tövsiyələrdən, qabaqcıl ölkələrin təcrübəsindən yararlanmalıdır. Ölkəmizdə son vaxtlar ağır nəticəli yol-nəqliyyat hadisələri barədə məlumatlar artmaqdadır. Belə məlumatlar ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə dair vahid dövlət proqramına çox ehtiyac olduğunu qabardır. Təcrübə göstərir ki, bu məsələdə pərakəndə, spontan fəaliyyət lazımı səmərə vermir.

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət proqramında birinci bənd yol-nəqliyyat hadisələrinin həqiqi tipik səbəblərini, bu sahədəki problemləri, təhlükəsizliyin təmin olunmasındakı boşluqları aşkara çıxarmaq olmalıdır. Daha sonra belə proqramda hər bir səbəbin aradan qaldırılması üzrə konkret fəaliyyət istiqamətləri, bunların icraçıları, müvafiq tədbirlərin icra müddəti və s. göstərilməlidir.

Hesab edirəm ki, belə xüsusi dövlət proqramının işlənib hazırlanması, daha sonra müxtəlif dövlət orqanlarının, ictimai qurumların, xüsusən kütləvi informasiya vasitələrinin cəlb edilməsi ilə onun həyata keçirilməsi ölkəmizdə dünyanın qabaqcıl dövlətləri səviyyəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə gətirib çıxara bilər.

Nəzərə almaq lazımdır ki, avtomobilləşmə səviyyəsinə görə ölkəmiz təxminən 12%-lik göstərici ilə orta dünya göstəricisinə (təxminən 16%) hələ çatmayıb, qabaqcıl dövlətlərdən isə 4-6 dəfə geri qalır. Deməli, ölkəmizdə avtomobil sayının sürətlə artması qaçılmaz prosesdir. Bu prosesin yol hərəkəti təhlükəsizliyinin kəskin pisləşməsi ilə getməməsi üçün yol hərəkəti təhlükəsizliyinə cəmiyyətin münasibətini köklü şəkildə dəyişmək lazımdır. Bunu isə xüsusi dövlət proqramı çərçivəsində daha uğurla etmək olar.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh