Banner

Yol tikintisində anormallıq; yağış suyu hara axmalıdır?

Yazarlar 28 Oktyabr 2014 23:38 Oxunub 2914
Yol tikintisində anormallıq; yağış suyu hara axmalıdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yağış suları üçün kanalizasiya xətləri yox səviyyəsindədir

 

 

Ərşad Hüseynov: “Yollar tikilərkən standartları nəzərə almayıblar, indi isə bunu bərpa etməyə xeyli vəsait lazımdır»

 

Bakının bəzi mərkəzi yerləri istisna olunmaqla, digər küçələrdə yağış sularının axıdılması üçün kanalizasiya xəttləri demək olar ki, yoxdur. Yağış yağan zaman isə yollarda acınacaqlı vəziyyət yaranır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, şəhər təsərrüfatında hər şey sinxron olmalı, görülən bütün işlər ümumi tikinti-şəhərsalma standartlarına uyğun həyata keçirilməlidir: “Konkret desək ki, Bakı şəhəri niyə bu günə düşdü, onda cavab belə olacaq ki, bunun ən başlıca səbəbi Bakının əksər küçələrinin daha çox magistral xarakterli olmasıdır. Son illərdə rekonstruksiya olundu, yenidən quruldu, asfalt örtüyü dəyişdi, küçələrin ortası ilə zolaq çəkildi. Magistral küçələrin böyük hissəsinin ortasına betondan zolaq çəkiblər. Bunu çəkəndə aləm qarışdı. Yağış suları yığılıb gəlir, həmin zolağı keçə bilmir və müəyyən bir yerdə cəmlənir. Fikirləşdilər ki, sudur də, özünə yol tapıb gedəcək. Bu isə çox təhlükəli yanaşmadır. Gərək kanalizasiya sistemini həmin yollar qurulanda bərpa edəydilər. 2007-ci ildə Prezidentin sərəncamı olub və bu günlərdə o sərəncama dəyişiklik də edildi ki, bununla da Bakı şəhərinin bütün küçə və yolları hamısı “Azəryolservis”in balansına verilib. Bakı şəhərinin küçə və yollarının təmiri, lazımi qaydada saxlanması işinə görə “Azəryolservis” məsuliyyət daşıyır. Amma yerin altındakı kommunikasiyaların çoxuna görə “Azərsu” ASC cavabdehdir. Bu əlaqə elə qurulmalıdır ki, orada heç bir standartdan kənara çıxmaq olmasın. Bunun üçün elementar mühəndis hesablaması lazımdır. Gölməçə niyə yaranır? Deməli, orada çala var. Yolda niyə çala olmalıdır axı? Yolun həndəsi quruluşu elə olmalıdır ki, ora düşən su ən qısa müddətdə yoldan kənara düşsün. Bütün dünyada belə bir standat var. Bizim bəxtimiz ona görə gətirib ki, Bakıda Peterburqdakı kimi şaxtalar olmur. Yoxsa Bakı şəhərinin yolları sular səbəbindən hər il darmadağın olar. Yollar tikilərkən, rekonsrtuksiya olunarkən standartları nəzərə almayıblar, indi isə bunu bərpa etməyə xeyli vəsait lazımdır”.

 

Ə.Hüseynov deyir ki, yağış suyunun axıdılması üçün kanalizasiya xəttinin olmaması çəkilən yolların tez xarab olmasına gətirib çıxarır: “Bakı küçələrindəki yolların dağılmasında yağış sualarının lazımı qaydada axıdılmamasının böyük payı var. Amma həm də asfaltın da keyfiyyəti standartlara uyğun deyil. Azərbaycanda yol tikintisində özünəməxsus anormal şərait var. Baxmayaraq ki, dövlət bu qədər vəsait ayırır”.

 

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə bildirdi ki, əsaslı təmir edilən bütün küçə və prospektlərdə bu kanalizasiya sistemləri qoyulur: “Yolun yenidən qurulması o deməkdir ki, yol konstruksiyası tamamilə sökülür, bütün kommunikasiyalar dəyişdirilir, qrenaj sistemi qoyulur. Bundan sonra asfalt-beton örtüyünün dəyişdirilməsindən söhbət gedə bilər. Sonuncu bir işimizi deyək. Vaxtilə səth sularının yığılıb qalması Ziya Bünyadov prospektinin asfalt-beton örtüyünün dağılmasına gətirib çıxarırdı. Biz həmin prospekt boyu 9,2 km ərazi üzrə yeni drenaj sistemi çəkdik. Biz əsaslı təmir etdiyimiz bütünq avtomobil yollarında qrenaj sistemini quraşdırırıq. Ancaq ümumilikdə götürsək, Bakı şəhərinin çox az hissəsi yağış sularının axıdılması üçün kanalizasiya sistemi ilə əhatə olunub. Mərhələ-mərhələ Bakı şəhərində xidmət etdiyimiz avtomobil yolları, prospekt və küçələr əsaslı təmir olunduqca həmin kanalizasiya sistemini yenidən qururuq”.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə bildirdi ki, yağış suyunun axıdılması üçün kanalizasiya xəttləri Bakının 10 faizdən bir az çox hissəsində var: “Bizim bununla bağlı layihələrimiz var, təkliflərimizi vermişik. Yağış sularının axıdılması üçün xətlər əsasən yol infrasturukturu qurularkən qoyulur. Harada ki yol infrasturukturu yenidən qurulur, orada yağış sularının axıdılması üçün xəttlər və barmaqlıqlar da quraşdırılır. Amma bununla paralel olaraq, ciddi problemlər yaşanan 60-a yaxın ünvanda yol infrasturukturunun yenilənməsini gözləmədən yağış barmaqlıqlarının qurşadırdıq ki, gölməçələr olmasın və avtomobillərin hərəkətində ciddi maneə yaranmasın”. Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh