Yol üstündə dava edənlərin diqqətinə - Yol hamınındır, amma heç kimin deyil
Bakıda dünən axşam Azərbaycan Avtomobil Federasiyasının sürücüsünün küçədə yol hərəkəti zəminində yaranmış mübahisədən sonra döyülərək qətlə yetirilməsi çox üzücü bir hadisədir. Təssüf ki, bu, birinci hal deyil, belə getsə, sonuncu da olmayacaq. Mərhuma Allah rəhmət eləsin. Yəqin ki, cinayətdə təqsiri olanlar layiqli cəzalarını alacaqlar.
Lakin bu hadisənin üstündən sükutla keçmək mümkünsüzdür. Bu fakt ümumilikdə cəmiyyətimizdə aşırı aqressiyanın olmasına dəlalət edir, onun motivləri yolda baş vermiş mübahisənin hüdudlarından kənardadır. Qətlə gətirib çıxaran aqressiyanın köklərini ailə tərbiyəsində, təhsildə, ictimai dünyagörüşündə, sosial dəyərlərə münasibətdə və s. axtarmaq lazımdır. Bu axtarışlar peşəkar sosioloqların, psixoloqların işidir. Mən diqqəti yollarda bu tipli davranışa gətirib çıxaran çox bəsit yanlışlıqlarımıza və bunu aradan qaldırmağa yönəltmək istərdim. Nədir bu yanlışlıqlarımız?
1. Belə mübahisə və münaqişə yolda bir-birimizə mane olma zəminində baş verir. Çox bəsit bir həqiqəti beyinlərimizə yerləşdirsək, belə münaqişə baş verməz. Həqiqət isə belədir: Yol hamınındır, amma heç kimin deyil. Hər kəs qaydalar çərçivəsində hamının olan yolda hərəkət etməlidir. Kiminsə sizə mane olmasını, məsələn, sizə yol verməməsini şəxsiyyətinizə hörmətsizlik kimi, hansısa itki kimi qiymətləndirməyin. Axı o, sizin kim olduğunuzu bilmir. Bu, sizə mane olanın, yolunuza çıxanın sadəcə mədəniyyətsizliyi və intizamsızlığıdır.
Təbii ki, bu, yolun sizin əlinizdən alınması da deyil. Baş verənlərə belə yanaşsaq, həmin intizamsız sırtıqları, yaxud naşı mədəniyyətsizləri çox asanlıqla yola verəcəyik.
2. Bəzilərimiz bizə qarşı kobudluq ediləndə sanki bunu edəni cəzalandırmaq istəyirik, onun arxasınca maşın sürürük, saxlatmağa çalışırıq, pəncərəni endirib tənbeh etmək istəyirik. Bu zaman da bir bəsit həqiqəti unuduruq. Həqiqət budur: Yolda hərəkət edən heç bir sürücünün başqa sürücünü və ya piyadanı cəzalandırmaq kimi bir səlahiyyəti yoxdur. Cəzalandırmaq səlahiyyəti dövlətə, onun adından polisə məxsusdur. Buna cəhd edən adam kobud yanlışlıq edir, özü üçün nəticəsi bəlli olmayan riskə yol verir, bəzən bu zəmində ağır cinayət törədilir. Odur ki, sizə qarşı kobudluq və intizamsızlıq edəni tənbeh və ya tərbiyə etməyə qalxmayın, istəsəniz, ondan polisə şikayət edin.
3. Yəqin diqqət etmisiniz, biz sükan arxasında olanda bir-birimizin səhvinə qarşı daha dözümsüz oluruq. Məsələn, küçədə piyada biri ayağımızı tapdalayıb sonra sadəcə mimikası ilə yüngülvari üzürxahlıq etsə, onu darhal bağışlayırıq. Amma sükan arxasında olarkən yolda bizə qarşı azacıq kobudluq edəni az qala parçalamaq istəyirik. Bu halda da bəsit bir həqiqəti unuduruq. Həqiqət budur; Sükan arxasında olmaq bizim sosial statusumuzu dəyişmir, biz elə həmin adamıq. Ən bahalı avtomobili sürsək də, insani mahiyyətimiz eynidir. Həmin avtomobil bizi əlahəzrətə, əsilzadəyə və s. çevirmir. Gəlin, bunu da heç vaxt unutmayaq.
4. Biz bir-birimizə irad tutanda dərhal elementar etikadan çıxırıq, ilk sözdən “sən”ə keçirik, aşağılayıcı tonlar, ifadələr, danlamaq baş alıb gedir. Bu halda da sadə bir həqiqət yaddan çıxır. Həqiqət belədir: Heç kim, hətta dilənçi də aşağılanmanı, sərt tənqidi, ictimai mühitdə danlağı sevmir. Ona görə də diqqətli olmalı, heç kəsə toxunan ifadələr işlətməməli, belə mimika, jest göstərməməliyik. İrad tutanda çox səmimi, gülər üzlə, dostcasına etməliyik. Belə bacarmırıqsa, onda irad tutmamalıyıq, çünki qarşı tərəfin aqressiyası qaçılmaz olacaq.
5. Bizə mane olunmasını faciə kimi qəbul edirk, sanki daha yolu əlimizdən aldılar, elə burada da qalacağıq, bütün işlərimiz tökülüb qalacaq. Bu halda unutduğumuz həqiqət belədir: Bir sürücünün sizə mane olması səbəbindən itirdiyiniz vaxt adətən 10 saniyədən az olur. Məsələn, hansısa intizamsızın yolayrıcında bizə yol verməməsi cəmi 3-5 saniyənizi alacaq. Həmin saniyələri onsuz da qabaqdakı svetoforun qarşısında dayanaraq itirəcəksiniz. Bundan ötəri əsəbiləşməyə, aqressiyaya dəyərmi? Əlbəttə, yox.
Nə isə... Bir az çox oldu, amma heç bu da hamısı deyil.
Əsas odur ki, yollarda və başqa ictimai yerlərdə intizamlı və mədəni olaq, qaydaları pozmayaq, bir-birimizə qarşılıqlı hörmət edək. Amma bu zaman bizə qarşı baş verən səhvlərə də pozitiv baxmağa çalışaq. Yuxarıda yazdıqlarımı və bu kimi məqamları həyat devizinə çevirək.
Belə bir prinsipi də yadda saxlasaq, yaxşı olar: Hər kəs SİZİ SEVMƏYƏ borclu deyil, amma SİZİN HEÇ KƏSİ İNCİTMƏYƏ haqqınız yoxdur.
Ərşad Hüseynov,
hüquqşünas