“Yol ver, təcili yardım gəlir!” - VİDEO-FOTO
“Artıq sual niyə verirsən, vaxt gedir e, vaxt!”, “Yatmısız? Gəlmirsiz?!”, “Yolu aç qabaqdan, aç yolu, yol ver təcili yardıma!”, “Çıxın bazarın yanına, həkimlər çatıblar”, “Çatmışıq, amma evi tapa bilmirik...”. “Report”un təcili yardım briqadalarının fəaliyyətini izləyən (özü də iki gecə) əməkdaşı xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri hər gün bu sözləri eşidir, yaxud deyir...
Bakı şəhərində, təqribən, 2 milyon 300 min insan qeydiyyatdadır. Təcili yardım briqadaları da bu rəqəmə uyğun qurulub. Bakıda qeydiyyatsız yaşayan insanların da çox olması təcili yardımın işini dəfələrlə ağırlaşdırır. Təcili yardım qeydiyyatlı və qeydiyyatsız olmasından asılı olmayaraq, hər kəsə yardım göstərir və göstərməlidir. Orta hesabla hər briqadaya növbə ərzində 14-15 çağırış düşür. Ancaq sutkalıq yayda 20, qışda isə normadan artıq 30 çağırışa gəlib çatır. 2400 çağırışı 138 briqada icra eləməlidir.
Gözləmək, ləngimək olmaz!
Stansiyanın baş həkimi Rauf Nağıyev deyir ki, Binəqədi rayonunda 5 briqada var, amma sutkalıq 120-140 çağırış olur. Bu statistika yükün nə qədər ağır olduğunun bariz nümunəsidir. Bəzən digər rayonlardan da kömək üçün briqada çağırılır. Bu qədər ağır iş rejimində bəzi vətəndaşlar hətta təcili yardıma aid olmayan işi onlardan tələb edirlər.
Rauf Nağıyev deyir ki, təcili yardım xidməti səhiyyənin ən ağır sahələrindən biridir. Səbəbi də odur ki, onların fasiləsi yoxdur, bu işdə gözləmək, ləngimək olmaz.
“103 Xidməti”ndə çağırışın qəbul olunması mərkəzi dispetçer tərəfindən həyata keçirilir. Daxil olunmuş çağırışların bütün səs yazıları, sanitar avtomobillərin ünvana çatması və ünvandan çıxması vaxtlarının hamısı qeydiyyata alınır. GPS sistemi fəaliyyət göstərir, son dövrlərdə də naviqasiya sisteminin təşkil olunması üçün işlər aparılır. Bu da daxil olan çağırışların bir qisminin çətin tapılması problemini aradan qaldıracaq.
Xüsusi təlim keçən dispetçerlər
Çağırış qəbulu üzrə mütəxəssis tibb bacıları dispetçer adlanır. Onlar xüsusi, hətta psixoloji təlimlərdən keçirlər.
Təcili yardımın işini çətinləşdirən məsələlərdən biri də “103 Xidməti”nə zəng edən vətəndaşların tam, aydın məlumat verməmələridir. R.Nağıyevin sözlərinə görə, Bakı şəhərinin 12 rayonu var, ancaq küçənin adını deməklə iş bitmir, ünvan barədə tam məlumat verilməlidir. Bakıda eyniadlı küçələr, şadlıq evləri, müəssisələr var ki, bunları təyin edib tapmaq bəzən qeyri-mümkün olur. Onlara vaxtında yardım olunması üçün bətəndaşlarımız belə məqamlarda səbrli olmalı, verilən suallara doğru cavab verməlidirlər. Həkimlər də gecikmək, hər hansı söz-söhbətə və bədbəxt hadisəyə səbəb olmaq istəmir.
Həkimlərə mane olurlar...
Həkimlər hadisə yerinə çatandan sonra isə tamamilə fərqli problemlərlə qarşılaşırlar. Məsələn, dünyasını dəyişmiş insanı sanitar avtomobilə qoyurlar, səs-küy salaraq həkimlərə yardıma ehtiyacı olan şəxsə kömək etməyə imkan vermirlər, briqadanın işinə müdaxilə edirlər, əgər yol-nəqliyyat hadisəsi baş veribsə, insanlar maraq nöqteyi-nəzərdən avtomobillərini saxlayırlar, yolda süni tıxac yaradaraq təcili yardımın hadisə yerinə tez çatmasına mane olurlar və s.
Həkim Əlizaman Ağayev deyir ki, təcili yardımda yolüstü çağırışlar anlamı da var. Həkimlər ya çağırışdan qayıdarkən, ya da hansısa çağırışa gedərkən yolüstü hər hansı qəza zamanı ağır vəziyyətdə olan şəxslə qarşılaşırlarsa, 103-ə məlumat vermək şərtilə icra elədiyi çağırışı geri qaytarır və həmin xəstə ilə məşğul ola bilir. Həkim Nuriyyə Sadıxova həmkarının sözlərini təsdiqləyərək bildirir ki, belə hadisələrlə rastlaşanda dərhal çağırışı radioötürücü vasitəsilə başqa həkimə yönləndirib və yerində yardıma başlayıb. Amma bəzən briqadanın getdiyi çağırış daha ağır vəziyyətdə olan xəstə ilə bağlı olur, bunu da nəzərə almaq lazımdır.
Həkimlər təhqir olunur
Bəzən hüquq-mühafizə orqanları gələnə qədər həkimlərə fiziki zor tətbiq olunur, onlar təhqir olunur. Təbii ki, həkimlər xəstə yaxınlarının vəziyyətlərini başa düşür, ancaq belə hallar yolverilməzdir.
Həkim Nuriyyə Sadıxova deyir ki, bəzən ünvana çatırlar və xəstə artıq onun həkimə ehtiyacı olmadığını deyir.
“Vətəndaşlar poliklinikaları unudublar”
Baş həkim deyir ki, vətəndaşlar poliklinikaları heç yada salmırlar, təcili yardım onlara daha rahat gəlir. Hər bir müəssisənin tələbini düzgün qiymətləndirmək lazımdır.
Bəzən 38 dərəcə qızdırması olmayan xəstə üçün təcili yardım çağırılır. Bəzən əsassız müraciətlərə, öz istəklərinə görə çağırırlar. Yaxud digər həkimin təyinatını icra eləməkdən ötrü müraciət olunur. Bu yolverilməzdir və sui-istifadədir. Belə hal digər daha ağır xəstənin həyatı ilə oynamaq deməkdir.
"Təcili yardım hər bir imkanla təmin olunub”
“Təcili yardım bu gün hər bir imkanla təmin olunub”, - deyən R.Nağıyevin sözlərinə görə, mütəmadi olaraq Səhiyyə Nazirliyi tərəfindən sanitar avtomobillər yenilənir, müasir avadanlıqlarla təchiz olunub, dərman preparatları ilə təmin olunub. Həkimlər mütəmadi olaraq tibbi təhsillə məşğul olurlar, öz üzərilərində çalışırlar.
Həkim Əlizaman Ağayev vurğulayır ki, vətəndaşlar həkimlərə müdaxilə və təzyiq yox, yardım etməlidir.