Banner

Yolda qalanların göz dikdiyi zolaqlar: "Heç kim qalstukda velosiped sürməyəcək"

Yazarlar 26 Sentyabr 2024 09:08 Oxunub 726
Yolda qalanların göz dikdiyi zolaqlar:  "Heç kim qalstukda velosiped sürməyəcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində velosiped zolaqları ayrılmış yolların sayı artır. Bu addım bəzi vətəndaşlar tərəfindən müsbət qarşılansa da, sürücülərin narazılığına səbəb olur.

Narazılığa rəvac verən əsas iddia budur ki, bəzən saatlarla bu zolaqdan velosiped sürən şəxs keçmir, insanların üstünlük vermədikləri bu nəqliyyat vasitəsi üçün ayrıca zolaqların yaradılması tıxacların daha da artmasına gətirib çıxarır.

Maraqlıdır, bəs görəsən, velosiped niyə kütləvi nəqliyyat vasitəsinə çevrilmir? Bunun səbəbləri nədir?

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, velosipeddən istifadənin kütləvi hal alması üçün ilk növbədə zolaqların əhatə dairəsi genişləndirilməlidir:

"Zolaq olmayandan sonra heç kimə "velosiped sür", "rahatdır", "təhlükəsizdir" deyə bilmərik. Olmayan şeyin təbliğatını aparmaq çətindir. Dünyada artıq bu tendensiya artmaqda davam edir. Əvvəllər avtomobilləşmə üçün yollar çəkilir, tunellər salınırdısa, indi isə mikromobillik vasitələrinin istifadəsi üçün şərait yaradılır. Çünki avtomobillər həm ətraf mühiti çirkləndirir, həm tıxaclara səbəb olur, həm də yol-nəqliyyat hadisələrində insanlar həyatlarını itirirlər. İctimai nəqliyyat və mikromobillik vasitələri bunun tam əksidir. Məhz bu səbəbdən də dünya trendinə çevrilib, geniş tətbiq olunur. Azərbaycan da həmin dünyanın bir parçasıdır. COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək".

Onun fikrincə, zolaqlar çəkilərkən təhlillər, araşdırmalar aparılmalıdır:

"Qısa desək, "xronometraj" aparmaq gərəkdir. Baxmaq lazımdır ki, bu istiqamətdə hərəkətin intensivliyi necədir, nə qədər velosipedçi var, zolaqlar nə dərəcədə əhəmiyyətlidir və s. Bəlkə, velosiped zolağı geniş səki və parkların ərazisindən salınmalıdır ki, yola təsir etməsin? Çünki sıxlığın çox olduğu ərazidə salınan velosiped zolağı tıxacların artmasına səbəb olur. Avtobus xətti çəkilib, onlar rahat hərəkətlərini davam etdirir, lakin digər nəqliyyat vasitələri velosiped zolağı səbəbindən yolda qalır, ətraf mühit çirklənir. Bütün bu məsələlər dərindən təhlil edilib addım atılmalıdır".

Ekspert qeyd edib ki, insanların bir anda avtomobildən imtina edib velosipedə, skuterə keçid etmək fikri yoxdur:

"Hamı iş-güc arxasınca gedir, heç kim qalstukda velosiped sürməyəcək. Biz bu stereotipləri aşa bilmirik. Bu məsələlərdə təmkinli olub, digər variantlara baxmaq lazımdır".

Sosioloq Sahib Altayın qənaətinə görə, nəqliyyat mədəniyyətimiz, əsasən, təklif və təmin edilən vasitələr üzərində formalaşıb:

"İnsanı insan edən dəyər mədəniyyətdir. Mədəniyyət isə insan sosiallığının, yəni insanın sahib olduğu formal şüur dəyərinin nəticəsidir. İnsanın düşüncə tərzi ilə davranışları düz mütənasibdir. İnsanların gündəlik istifadə etdiyi nəqliyyat trayektoriyasındakı vasitələr də, əslində, bir mədəni göstəricidir. Bizim nəqliyyat mədəniyyətimiz, əsasən, bizim üçün təklif və təmin edilən vasitələrin üzərində formalaşıb. Yəni nə bu vasitələri texnoloji olaraq özümüz yaratmışıq, nə də bu vasitələr üzərindəki mədəniyyəti. Bizim sosial təfəkkürümüzdə gündəlik istifadə etmədiyimiz nəqliyyat vasitələrindən yararlanmaq ənənəsi mövcud deyil. Məsələn, velosiped, motosiklet kimi vasitələr bizim ictimai təfəkkürümüzün uşaq yaddaşına aid vasitələrdir, xüsusi nəqliyyat vasitələri deyil.

Məsələnin digər tərəfi ölkəmizdəki nəqliyyat nizamsızlığı ilə bağlıdır. İnkişaf tendensiyasına görə dünyada nümunə göstərilən ölkələr var. Bu ölkələrin böyük şəhərlərində ənənəvi istifadə olunan nəqliyyat vasitələrinin nizamlı və dəqiq təminatı mövcuddur. Velosiped, motosiklet kimi nəqliyyat vasitələri üçün isə xüsusi yol şəraiti mövcuddur. Ayrıca, bunun ictimai təfəkkürdə ənənəsi və nümunələri var. Bu da həm nəqliyyat sıxlığının qarşısını alır, həm maddi olaraq insanları əlavə xərclərdən xilas edir, həm də ekologiyanın təmizlənməsinə xidmət edir. Xüsusilə velosiped sürücülüyü həm də idman növü kimi təbliğ olunur".

Onun sözlərinə görə, bizdə bu vərdişlər hələ formalaşmayıb:

"Həmçinin, Bakının bəzi ərazilərində bir neçə velosiped xəttinin çəkilməsi bu nəqliyyat vasitəsindən geniş istifadə üçün rəvac vermir. Çünki digər nəqliyyat vasitələrinin nizamlı təminatı mövcud deyil. Öncə ümumi nəqliyyat sistemi nizamlı, ardıcıl, dəqiq qurulmalıdır ki, sonra digər nəqliyyat vasitələri üçün şərait yaransın. Bu yol şəraiti hər yerdə mövcud olmalıdır. Hər gün şəhərdə bir neçə motosiklet qəzaya uğrayır. Bunu görən əhali kütləvi şəkildə velosipedi nəqliyyat vasitəsinə çevirə bilərmi? Xeyr".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh