Reklam

Yollarda bitən həyatlar: Kimdir günahkar?

Yazarlar 27 Fevral 2023 15:29 Oxunub 1152
Yollarda bitən həyatlar: Kimdir günahkar?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada təqribən 1 milyon 250 min insan həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir. 15–29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur. Yol-nəqliyyat hadisələri dünya iqtisadiyyatına ildə orta hesabla 500 milyard ABŞ dolları məbləğində zərər vurur.

Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində olub

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ölkəmizdə 2022-ci ildə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub. Onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş verib, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub.

Rəsmi məlumata görə, bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil edib.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib. Nəticədə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bəs yol-nəqliyyat hadisələrinin azalmaq əvəzinə daha da artmasının səbəbləri nədir?

“İki sahil” olaraq sözügedən mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.

Bu qəzaların baş verməsinin 3 əsas səbəbi var

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı açıqlamasında qəzaların baş verməsində yol hərəkətini tənzimləməli, nizam-intizam yaratmalı olan qurumların da, vətəndaşların da səhlənkarlığının payı olduğunu bildirdi: “Ötən il ərzində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin səbəblərini araşdırdıqda məlum olur ki, bu qəzaların baş vermə səbəblərinin  3 əsas şərtərini müəyyənləşdirdik. Birincisi yol hərəkəti qaydalarını bilərəkdən pozan sürücülər və ya piyadalardır. İkincisi, Azərbaycanda yol infrastrukturunun bərbad vəziyyətdədir.  Yəni yolların qaranlıq çala-çuxur olmaması, yol nişanlarının qoyulmaması. Üçüncüsü isə nasaz  avtomobillərdir. Təəssüf ki, bu 3 əsas səbəblərin aradan qaldırılması  istiqamətində hələ ki əməli addımlar atıldığının şahidi olmamışam.

Köhnə avtomobillərlə törədilən qəzalar daha çox  ağır xəsarətlər və ya ölümlə nəticələnir

Ekspert bəzi avtomobillərin saz vəziyyətdə olmamasının və ya istismar müddətini başa vurmasının da problem yaratdığını vurğulayıb: “Yararsız və istismar müddətinin başa vurmuş avtomobillərin sayı çoxdur. Təxminən ölkədə 1,3 milyon minik avtomobili varsa, bunun bəlkə də 60-75%-i istismar müddətini başa vurmuş avtomobillərdir. Köhnə avtomobillərlə törədilən qəzalar daha çox  ağır xəsarətlər və ya ölümlə nəticələnir. Müasir avtomobillərin daha təhlükəsiz hazırlanır və istehsalçılar qəza vaxtı insanların mümkün qədər az xəsarət almalarına önəm verir. Burada hərətəfli qaydada işlər gürülməlidir. Qəzaların da qarşısının alınmasının əsas və ən yaxşı üsulu dövlət proqramını hissə-hissə həyata keçirməkdir”.

Sürücülük məktəblərində dərsələr formal xarakter daşıyır

E.Cəfərov diqqətə çatdırdı ki, sürücülərimizin sürücülük qabiliyyəti olduqca zəifdir: “Sürücülük məktəblərində kifayət qədər sayda vətəndaşa sürücülük bacarıqları öyrədilmir. Çox təəssüf ki, formal xarakter daşıyır. Bu, hələ Bakı şəhərində belədir. Bölgələrdə isə ümumiyyətlə sürücülük kursları, məktəblərinin də adını eşitməyiblər. Məyusedici hallardan biri də odur ki, təcrübəli sürücülər də belə yollarda çox məsuliyyətsiz davranırlar.  Onlar dönmə əməliyyatı, manevr etdikdə, zolaqları dəyişdə dönmə işıqlarından istifadə etmirlər, yüksək sürətlə avtomobilləri idarə edirlər.”

60 km sürətlə hərəkət edən avtomobilin qəfil gəlib həmin piyada keçidində dayanması qeyri-mümkündür

Mütəxəssisin sözlərinə yollarda vəziyyətdə ürəkaçan deyil:”Hacıqabul yolunda ümumiyyətlə magistral yolda işıqlandırma yoxdur. Sutkanın qaranlıq vaxtı həmin yolda qəzalar tez-tez baş verir. Həmçinin, Bakı şəhərinin özündə  qəza ocaqları olan küçələr var. Bunlar 8 Noyabr prospekti, Ziya Bünyadov küçəsidir. Daimi olaraq burada yol-nəqliyyat hadisələri baş verir. Amma onunla bağlı hər hansı tədbirlər görülmür. “

Nəqliyyat eksperti qeyd etdi ki,  əsas problemlərdən biri də piyada keçidləri ilə bağlıdır. Piyada keçidləri qəfil dönmə yerlərində, enişdə, yoxuşda qoyulur. Piyada keçidləri işıqlandırılmır. Onların olması barədə hər hansı xəbərdaredici yol nişanı qoyulmur. Sadəcə piyada keçidinin yanında məlumatverici nişan qoyulur. Bu isə artıq gecdir. Çünki saatda 60 km sürətlə hərəkət edən avtomobilin qəfil gəlib həmin piyada keçidində dayanması qeyri-mümkündür.

Həmsöhbətimiz vurğuladı ki, biz qəzaların sayını azaltmaq üçün ilk növbədə özümüzdən  başlamalıyıq. Hər birimiz yol hərəkəti qaydalarına riayət etməliyik. Sürücülük bacarıqlarımızı təkmilləşdirməliyik.

Bu, o demək deyil ki, maşınların sayı artırsa küçələrdə millət qırılmalıdır

Nəqliyyat eksperti Elməddin Muradlı  problemi aidiyyatı qurumların məsələyə ləng və laqeyd yanaşmasında görür: “Ötən il həm  yol-nəqliyyat hadisələrinin  həm onun qurbanlarının sayı artıb. Bu çox dəhşətlidir. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən yol-nəqliyyat hadisələrinin sayı minimuma  endirilməlidir. Yəni, təxminən 30 faiz azaldılmalıdır.  Biz isə əksinə , artım müşahidə edirik. Bu təəssüf doğuran haldır. Ona görə də mübarizə tədbirləri davam etdirilməlidir. Yol-nəqliyyat hadisələrinin sayının artmasını yol polisi belə izah edir ki, Azərbaycanda avtomobillərin sayı artması səbəbindən qəzalarda tez-tez baş verir.  Əslində, bunu məntiqli izah kimi qəbul etmək olar. Amma, bu , o demək deyil ki, maşınların sayı artırsa küçələrdə millət qırılmalıdır. Bunun qarşısı alınmalıdır. Azərbaycandan qat-qat çox avtomobil parkı olan ölkələr var. Orada hər  100 nəfərə  ən azı 50 maşın düşür. Ölkəmizdə isə hər 100 nəfərə 15-17  maşın  düşür. Yəni,  Azərbaycanın  yol-nəqliyyat hadisələri ilə bağlı əldə etdiyi statistik göstəricilərin üçdə biri həmin ölkələrdə  olmur,  onlar bu nəticəni göstərmirlər. Çünki  yol mədəniyyəti var, yol infrastrukturu saat kimi işləyir, sürücülər qaydaları pozmur. Ölkəmizdə isə belə deyil. Problemin həlli üçün kompleks yanaşmalar, dövlət proqramını dəqiqliklə icra etmək lazımdır.”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh