Banner

Yollarda sağ qalmaq üçün bu yazını mütləq oxumaq lazımdır

Yazarlar 29 Yanvar 2015 22:59 Oxunub 2285
Yollarda sağ qalmaq üçün bu yazını mütləq oxumaq lazımdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti qaydaları piyadalar üçün cəmi iki məsələni tənzimləyir

Əvvəlki yazımda qeyd etmişdim ki, yol hərəkəti qaydaları piyadalar üçün cəmi iki məsələni tənzimləyir: 

 

1. Piyada yolboyu necə hərəkət etməlidir?

2. Piyada yolun bir tərəfindən o biri tərəfinə necə keçməlidir?

Piyadalar üçün birinci sualın, yəni piyadanın yolboyu necə hərəkət etməsi məsələsinin cavabı çox sadədir. Hərəkət qaydalarında göstərilir ki, piyada yolboyu yaşayış məntəqələrinin küçə və prospektlərində səki ilə, yaşayış məntəqələrindən kənar yollarda isə yol çiyni ilə getməlidir (Yol çiyni yolun hərəkət hissəsindən kənarda avtomobillərin hərəkəti üçün nəzərdə tutulmayan hissədir. Adətən asfalt yollarda yol çiyni çınqılla örtülmüş olur). Səki və yol çiyni olmayan yerlərdə isə piyada yolun hərəkət hissəsinin lap kənarı ilə avtomobillərə mane olmamaq və özünün təhlükəsizliyini təmin etmək şərti ilə gedə bilər. 

Bəzi yollarda (məsələn, avtomagistralda) piyada ümumiyyətlə yolda (hətta yol çiynində də) ola bilməz. Yəni əgər yol avtomagistral kimi işarələnmişdirsə, həmin yolda hətta yol çiyni ilə də hərəkət qadağandır, çünki belə yol avtomobillərin daha yüksək sürətlə hərəkəti üçün nəzərdə tutulduğundan yol çiynində olan piyada da real təhlükəyə məruz qala bilər. 

Yol hərəkəti qaydaları yaşayış məntəqəsindən kənar yollarda yol çiyni və səki olmaması səbəbindən yolun hərəkət hissəsinin kənarı ilə getməyə məcbur olan piyadalar üçün xüsusi qayda da nəzərdə tutur. Belə piyadalar hər bir halda yolun sol kənarı ilə, yəni nəqliyyat axınının əksinə olaraq getməlidirlər. Bu qaydanın məntiqi ondan ibarətdir ki, axına qarşı gedən piyada ona doğru gələn və təhlükə yarada bilən nəqliyyat vasitəsini görərək özünü qoruya bilsin (məsələn, lazım gəldikdə yoldan kənara çıxsın, yaxud təhlükəsiz bir yerdə dayansın və s.).

Piyada yolda avtobusa və ya başqa nəqliyyat vasitəsinə minmək istədikdə də yalnız yolun hərəkət hissəsindən kənarda (xüsusi dayanacaq meydançasında, dayanacaq olmadıqda isə səkidə və ya yol çiynində) dayanaraq gözləməlidir. Minəcəyi nəqliyyat vasitəsi piyadanın yanına çataraq dayananadək piyada gözlədiyi yerdən yolun hərəkət hissəsinə çıxmamalıdır. Yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra yaxınlaşaraq ona minmək olar.

Göstərilən qaydaları pozmaqla piyadanın yolboyu hərəkəti (məsələn, səki olan yerdə hərəkət hissəsi ilə getməsi), yaxud hərəkət hissəsində dayanaraq minəcəyi nəqliyyat vasitəsini gözləməsi kobud qayda pozuntusudur və belə vəziyyətdə avtomobilin vurduğu piyada da həmin qəzada günahkardır. Düzdür, piyadanın qaydaları pozmaqla yolda olması o demək deyil ki, sürücü onu vura bilər. Sürücü bütün tədbirləri görməlidir ki, intizamsız piyadanı vurmasın. Amma sürücünün təqsirinin (yəni piyadanı vurmamaq imkanının) olub-olmamasından asılı olmayaraq belə halda piyada da təqsirkardır.

Ölkəmizin yol hərəkəti qaydalarında nəzərdə tutulmasa da, gecə vaxtı yolboyu hərəkət edən piyada üçün çox mühüm təhlükəsizlik qaydaları da mövcuddur. Piyadalar hər şeydən əvvəl nəzərə almalıdırlar ki, gecə vaxtı işıqlandırılmayan yolda sürücülərin də görməsi ciddi şəkildə çətinləşir. Belə şəraitdə iki mühüm təhlükəsizlik qaydasına riayət edilməlidir:

1. Gecə vaxtı işıqlandırılmayan yolda hərəkət hissəsinin kənarı ilə də getmək təhlükəlidir. Ona görə də belə şəraitdə yalnız səki və yol çiyni ilə, özü də imkan daxilində səki və yol çiyninin xarici kənarı ilə getmək lazımdır.

2. Gecə vaxtı sürücülərin piyadanı yaxşı görməsini təmin etmək üçün nəzərdə tutulan xüsusi işıqqaytarıcısı olan geyimlər var. İmkan daxilində həmin geyimlərdən istifadə etmək lazımdır. Belə geyimlər istənilən fəsil üçün mövcud olmaqla hər yerdə satılır. Əgər belə geyiminiz yoxdursa və gecə vaxtı qaranlıq yolda tez-tez olursunuzsa, onda xüsusi işıqqaytarıcı nişanlardan (düymələrdən və s.) istifadə etmək olar. Piyada belə nişan və ya düymələri döşünə, kəmərinə taxmaqla, qoluna bağlamaqla sürücülərin onu yaxşı görməsini təmin edə bilər.  

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh