Yollardakı bu maneələrin hamısı qanunsuz imiş

Yazarlar 2 Sentyabr 2014 20:23 Oxunub 8285
Yollardakı bu maneələrin hamısı qanunsuz imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanun istənilən məqsədlə və istənilən bəhanə ilə yollarda tramplin qoyulmasını qadağan edir

Bakının Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan Sübhi Tağıyev yol hərəkəti iştirakçıları üçün maraqlı olan bir mövzu ilə bağlı Avtosfer.az saytına müraciət edib. Onun toxunduğu problem isə süni maneələrdir (tramplinlər). Sübhi Tağıyev bizə ünvanladığı müraciətində qeyd edir ki, yollara qeyri-qanuni olaraq addım başı kəndir atılır və süni maneələr yaradılır: «Heç bir xəbərdaredici nişanlar olmaya-olmaya bunların olması nə dərəcədə düzgündür? Nəinki Sahil qəsəbəsində, digər ara küçə və qəsəbələrdə də belə hallara rast gəlmək olar. Sizdən artıq dərəcədə xahiş edirəm, bu məsələyə aydınlıq gətirərdiniz. Bildiyimə görə, məktəblərə və uşaq bağçalarına yaxın ərazilərdə yol təsərrüfati orqanından icazə almaq şərtilə tramplinlər quraşdırıla bilər. Tramplinlər olsa dərd yarıdı. Əksər yerlərdə kəndir atıb yolda maneə yaradırlar. Bu da avtomobilin bütün detallarına (mosta) təsir edir. İstər dənizkənarı, istərsə də, qəsəbəarası yolda bu cür hallara rast gəlmək mümkündür».

Məlumdur ki, ölkəmizin bəzi yollarında, xüsusən şəhər və qəsəbələrin bəzi küçələrində sürücüləri hərəkət sürətini aşağı salmağa məcbur etmək üçün süni maneələr yaradılır. Belə maneələrin yaradılması nə dərəcədə qanunidir və qanunvericilikdə bununla bağlı hansı müddəalar var?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, həm «Yol hərəkəti haqqında» Qanun, həm də «Avtomobil yolları haqqında» Qanun yollarda, küçə və prospektlərdə istənilən məqsədlə və istənilən bəhanə ilə belə süni maneələrin özbaşına yaradılmasını qadağan edir: «Qanunvericiliyin özbaşına süni maneə yaratmağı qadağan etməsi o deməkdir ki, həmin maneələrin yollarda, küçə və prospektlərdə yaradılmasının qanuni yolu olmalıdır. Lakin hazırda qüvvədə olan qanunvericiliyimizdə belə süni maneələrin kimin icazəsi ilə və hansı qaydada yaradıla bilməsinə dair hər hansı norma mövcud deyil. Bundan başqa, həmin süni maneə dünyanın bəzi ölkələrində yol hərəkətini tənzimləyən texniki vasitələr sırasına aiddir və bu səbəbdən onunla bağlı standartlar və tələblər müəyyən edilir. Ölkəmizin qanunvericiliyində yol hərəkəti tənzimləmə vasitələri sırasında süni maneə yoxdur. Beləliklə, hazırda ölkəmizin istənilən yolunda, küçəsində, prospektində tətbiq edilən həmin süni maneələr qanunsuzdur. Özü də istər yola atılmış yoğun kəndir, istər asfaltdan düzəldilmiş bənd, istərsə də zavod istehsalı olan xüsusi maneə olsun, fərqi yoxdur: bu vasitənin tətbiqi qanunsuzdur. 

Mövcud qanunvericiliyin tələbinə görə belə qanunsuz süni maneələr DYP-nin və həmin yolun sahibinin tələbinə əsasən onu yaratmış şəxslər tərəfindən yollardan yığışdırılmalıdır, yaxud xərci həmin şəxslər tərəfindən ödənilməklə yol təsərrüfatı qurumları tərəfindən yığışdırılmalıdır. Hətta bu süni maneəni yaradan şəxs İnzibati Xətalar Məcəlləsinin 164.0.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə də cəlb oluna bilər».

Ümumiyyətlə isə Ərşad Hüseynov bildirib ki, dünyanın bir çox ölkələrində müəyyən yol sahələrində süni maneələrdən istifadə olunur: «Həmin maneələr daha çox uşaq obyektlərinin yaxınlığına, svetoforla nizamlanmayan piyada keçidindən qabağa və başqa bu kimi təhlükəli yerlərə qoyulur. Amma həmin ölkələrin qanunvericiliyində bu texniki vasitəyə dair tələblər, onun tətbiqi şərtləri və başqa məsələlər təsbit edilmişdir. Məsələn, belə süni maneələr uzaqdan yaxşı görünən, o cümlədən gecə vaxtı işığı əks etdirən səthə malik olmalı, hündürlüyü istənilən növ nəqliyyat vasitəsinin keçə biləcəyi qədər olmalıdır və s. Bundan başqa həmin süni maneədən qabaqda xüsusi xəbərdarlıq nişanı da qoyulmalıdır.

Hesab edirəm ki, ölkəmizdə də yol hərəkətinə dair qanunvericiliyə belə bir texniki vasitənin qanuni tətbiqinə imkan verən dəyişikliklər edilə bilər. Yalnız belə dəyişiklikdən sonra həmin süni maneələrin buna ehtiyac olan yerlərdə müvafiq qaydada tətbiqi yaxşı olar».

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh