Banner

Yollarımızda əldəqayırma yol nişanları quraşdırılır - TƏHLÜKƏ

Yazarlar 17 Aprel 2015 11:08 Oxunub 2092
Yollarımızda əldəqayırma yol nişanları quraşdırılır - TƏHLÜKƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gecə vaxtı həmin nişanlarda işıqqaytırıcılıq yoxdur; qəzalar və qayda pozuntularına görə kim məsuliyyət daşıyır?

Təxminən bir ay əvvəl ölkəmizin şimalına səfər etmişdik. Gecə vaxtı geri qayıdarkən yollarımızda xeyli nişanın yararsız olduğunu müşahidə etdik. Ötən həftə qərb istiqamətində səfər edərkən də oxşar mənzərəni müşahidə etdik. Açığı, bu bizi xeyli təəccübləndirdi. Axı, yollarımıza normal nişanlar qoymaq nə böyük problemdir? Yollarımızda çatışmayan nişanların minlərlə olduğu heç kəsə sirr deyil. Amma mümkün olanları qoyarkən yararlısını, standarta uyğununu qoymaq olmazmı? Özü də bu xoşagəlməz mənzərəni Respublikamızın ən yüklənmiş magistral əhəmiyyətli yollarında müşahidə etdik. Bu yollar həm də beynəlxalq əhəmiyyətli yollardır, yəni ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsidir.

Nişanların yararsızlığı isə onların görünməməsində ifadə olunub. Həmin yollarda elə nişanlar gördük ki, avtomobilin uzaq işıqlarını yandırmamış yanına çatana qədər onun hansı nişan olduğunu təyin etmək mümkün deyil.

Xatırladırıq ki, “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin 5-ci hissəsinin tələbinə əsasən, yol nişanı elə olmalıdır ki, gecə qaranlığında ən azı 100 metr məsafədən görünsün. Belə görünmə isə 3 üsulla təmin edilməlidir:

1) nişanın özünün daxilində işıq olmaqla (daxili işıqlandırması olan nişan);

2) nişandan kənarda olan işıq mənbəyindən işıqlandırılma yolu ilə (xarici işıqlandırılması olan nişanlar);

3) nşanların işıqqaytarıcı səthinin olması.

Bildiyimiz kimi, son vaxtlar nişanların görünməsini təmin etmənin 4-cü variantı - günəş batareyalı nişanlar da artmağa başlayıb.

Müşahidə etdiyimiz yollardakı çatışmazlıq nişanların işıqqaytarıcı səthə malik olmaması ilə bağlıdır. Bu nişanlar kustar üsulla hazırlanıb, yəni sadəcə metal lövhəyə adi boya sürtülərək “nişan” düzəldilib. Bu nişanlar standarta uyğun olsa, onlara ən azı 100 metr qalmış hətta avtomobilin yaxın işıq faralarının və ya qabaq duman faralarının işığı da onların səthində əks olunmalı və nişan aydın şəkildə görünməlidir. Əksər sürücülərimiz bunu çox gözəl bilirlər və yəqin ki, nə demək istədiyimizi başa düşdülər. Amma bizi maraqlandıran odur ki, belə nişanlar respublikamızın magistral əhəmiyyətli yollarına necə qoyulub, onları həmin ərazidə xidmət edən DYP əməkdaşları görmürlərmi? Axı, belə nişanları normal, standarta uyğun nişanlarla əvəzləmək çətin deyil.

Bu mənzərə kifayət qədər təhlükəli bir haldır. Çünki qeyd etdiyimiz kimi, həmin nişana lap yaxın məsafədən uzaq işıqları yandırmamış onların hansı nişan olduğunu müəyyən etmək mümkün olmur. Bu isə sürücü üçün olduqca təhlükəlidir. Həmin nişanı görməyən sürücü qabaqdakı təhlükə, yol şəraiti, sürət rejimi, yolayrıclarının olması barədə məlumatsız qalır. Bunun nəticəsində isə ağır qəzalar baş verə bilər, yaxud ən azından görmədiyi nişanın tələbini pozan sürücü cərimələnərək cəzalandırıla bilər.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh