Banner

Yollarımızda insanları və maşınları doğrayan qurğular var - FOTOLAR

Yazarlar 4 Noyabr 2014 23:28 Oxunub 2617
Yollarımızda insanları və maşınları doğrayan qurğular var - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Dəmir arakəsmələrin düzgün tətbiq edilməməsi ağır qəza vəziyyəti yaradır»

 

Pünhan Mürsəliyev: «Dəmir arakəsmələr qəzaların nəticəsini yüngülləşdirmək üçündür»

 

Son vaxtlar yol nəqliyyat hadisələrinin ağır nəticə ilə bitməsinə daha bir səbəb yollardakı dəmir arakəsmələrdir. Ötən gün daha bir qəza zamanı dəmir arakəsmə maşını pis hala salıb, sürücü isə möcüzə nəticəsində sağ qalıb. İdarəetməni itirən sürücü maşını dəmir arakəsmələrə çırpıb. Biləcəri qəsəbəsindən Lökbatan dairəsi istimətində hərəkətdə olan “Mercedes” markalı minik maşını sürücünün nəzarətindən çıxaraq yol ayrıcındakı dəmir arakəsmələrə çırpılıb. Dəmir lövhə maşının ön hissəsindən keçərək arxa hissəsindən çıxıb. Amma bu dəmir arakəsmənin yerinə beton arakəsmə olsaydı, bu cür ağır nəticə ortaya çıxmazdı. Bu qurğuların ucbatından qəzaların ağırlıq dərəcəsinin artması ilk belə fakt deyil. Bir neçə il öncə Sumqayıt yolunda avtobusun dəmir arakəsməyə girməsi nəticəsində sərnişinlərdən bəzilərinin ayaqları kəsilmişdi. Çünki bu dəmir listlər avtobusun önündən girib arxasına qədər getmişdi və sərnişinlərin bir neçə ayağını itirmişdi.

Göründüyü kimi, əslində qəzaların yüngülləşdirilməsi üçün qurulan dəmir arakəsmələr bu gün təhlükə mənbəyinə çevrilib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dəmir arakəsmələrin adı əslində, qoruyucu, tutucu səddir. Amma Azərbaycan qanunvericiliyində bu arakəsmələrin harada və necə tətbiq olunması ilə bağlı problem var. Buna görə də dəmir arakəsmələr təhlükəli vəziyyətlərə səbəb ola bilir: «Praktikası da biabırçı vəziyyətdədir. Dəmir arakəsmələrin düzgün tətbiq edilməməsi ağır qəza vəziyyəti yaradır. Onların xarakteri avtomobili tutmaq üçündür. Amma harada tutmaq üçündür? Yolun kənarı tarladırsa, orada avtomobili tutmağa nə ehtiyac var? Amma avtomobil dəmir arakəsməyə dəyəndə qəza daha ağır olur. Hələ arakəsmələrin konstruksiyasında problem olanda sürücüyə ciddi zədə dəyə, onu pis hala sala bilir. Bu cür arakəsmələr uçurumun, körpünün, çayın kənarına qoyulmalıdır ki, maşını düşməyə qoymasın. Bir də yolun ortasında əks istiqamətli yolları ayırmaq üçün qoyulmalıdır. Yolun düz ortasında olmalıdır, kənarda isə ehtiyat zona ayrılmalıdır ki, sürücü dərhal dəmir arakəsməyə çırpılmasın. Texniki göstəriciləri ilə bağlı da bəlkə problemlər var, amma onu gözlə görmək olmur. Onu görmək üçün gərək sınaqdan keçirəsən».

Ekspert deyir ki, dəmir arakəsmələrin dünyada bir standartı var. Ona dəyən avtomobili 1 metr deformasiya edərək, saxlamalıdır: “Bu arakəsmələr əsas minik avtomobilləri üçün hesablanıb. Yük maşınları bəzən onun üstündən də keçib gedir. Yük avtomobillərinin də müəyyən qədər istiqamətini saxlaya bilir. Bu arakəsmələrin konstruksiyası elə qurulmalıdır ki, ona dəyən avtomobil yola qayıtmasın. Avtomobil divara dəyib, top kimi yola qayıdanda, arxadan gələn avtomobil ona dəyir və yenə ağır qəza yaranır».

Həmin dəmir arakəsmələri yollarda quraşdıran «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, bu qurğular qəzaların nəticəsini yüngülləşdirmək üçündür və arakəsmələr qurularkən bütün konstruktiv qaydalar nəzərə alınır: “Zığ dairəsi-Hava limanı avtomobil yolunun ortasında beton sədlər var idi. Orada əyri xəttli tirlər quraşdırmışıq. Onun adı sənaye tipli əyrixəttli tirdir. Maşınlar betona çırpılanda nəticə daha ağır olurdu. Əyrixəttli tirin əgər xeyri yoxdursa, niyə tətbiq edirik ki? Beton sədlər var idi. Əyrixəttli tir qəza baş verərsə, onun daha yüngül olmasına gətirib çıxarır. Maşın əyrixəttli tirə çırpılanda qəza ağır olubsa, görün orada beton sədd olsaydı vəziyyət necə olardı. Avtomobil yüksək sürətlə beton səddə çırpılsa, nəticə necə olar? Nə qədər olmasa, əyrixəttli tirə çırpılanda orada deformasiya yaranır və qəzanın nəticəsi yüngülləşir”.

P.Mürsəliyev deyir ki, maşınlar əyrixəttli tirlərə çırpılanda yol təsərrüfatına nə qədər ziyan dəyməsini fikirləşən yoxdur: “2012, 2013, 2014-cü illərdə saysız-hesabsız qəzalarda əyrixəttli tirlər sıradan çıxıb ki, maşın sahiblərinin əksəriyyəti məhkəmə qərarının olmasına baxmayaraq, dəymiş ziyanı ödəməyib».

P.Mürsəliyev deyir ki, bu gün hələlik yollarımızda çoxluq təşkil edən əyrixəttli tirlərdir: “Praktika budur və əyrixəttli tirlərdən istifadə olunur. Gələcəkdə bunun başqa nə iləsə əvəzlənməsi gündəmdə deyil». Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh