Yollarımızdakı "Shacman" terrorunun səbəbi: 200 manatlıq "icazə"

Yazarlar 13 Noyabr 2017 01:01 Oxunub 2124
Yollarımızdakı "Shacman" terrorunun səbəbi: 200 manatlıq "icazə"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Onları saxlayan kimi, 5-10 əlil yığılıb yol polisini ittiham edir, protezlərini çıxarıb atırlar yol polisinin üstünə”

Bakı-Qazax yolunda işləyən yük avtomobillərinin sürücüləri DYP-dən narazılıq edirlər. İddialarına görə, onlara “Azəravtoyol” ASC-nin nəzarət məntəqələrində istədikləri qədər yük götürə bilmələri üçün xüsusi sənəd verilib və bu sənədi 200-250 manat ödəməklə əldə ediblər. Dediklərindən belə çıxır ki, əgər onlar 250 manat verib sənəd alıblarsa, ağır yük götürərək yolu dağıtmaq haqları da var. Lakin Dövlət Yol Polisi həmin avtomobilləri saxlayıb, yüklərinin çəkisini ölçür. Məlum olub ki, bu yük avtomobillərinin norması ən yaxşı halda 40 ton olduğu halda, onlar bəzən 60-62 ton yük daşıyırlar. Bu da milyonlarla pul xərclənərək salınan yolların dağılmasına səbəb olur. Bakı-Quba yolu da məhz bu səbəbdən dağılıb, yolun sağ zolağı artıq sıradan çıxıb və yük maşınları özləri belə, sağ zolaqdan hərəkət edə bilmirlər.

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, yollardakı yük maşınları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Çünki yük avtomobilləri sürücüləri arasında nizam-intizama əməl etməyən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərə həm Dövlət Avtomobil Nəqliyyatı Xidməti, həm də “Azəravtoyol” nəzarət edir: "Azəravtoyol” ASC-nin xüsusi tərəzi nəzarət məntəqələri var. Bu məntəqələrdə artıq çəkisi olan avtomobillərə cərimələr tətbiq edilir. Cərimənin miqdarı 600 manatdır".

Muradlı bildirir ki, yük avtomobillərinin normadan çox yüklənməsi yolların dağılmasına gətirib çıxarır: "Bu, qanun pozuntusudur. Avtomobil nəqliyyatı və "Yol hərəkəti haqqında" qanunlarda elə bir müddəa yoxdur ki, hansısa yük avtomobilinin sürücüsü kiməsə 200-250 manat versin və hansısa məmur ona bu məbləğə görə sənəd versin ki, get istədiyini elə. Qanunda belə bir yanaşma yoxdur. Sürücülər fəaliyyətləri üçün mütləq lisenziya almalıdır. Bakı, Gəncə, Sumqayıt və digər bölgələr üzrə müxtəlif qiymətlər var. Aylıq ödəniş təxminən 40-50 manatdır. Sürücü bu məbləği ödəyib lisenziya alaraq qanun çərçivəsində fəaliyyət göstərə bilər. Bu zaman avtomobilin götürdüyü yük normaları keçməməlidir, oxlar üzrə paylanan yükün həcmi avtomobilin konstruksiyasına uyğun olmalıdır".

Muradlının sözlərinə görə, “Azəravtoyol”un əməkdaşları, tərəzidə işləyənlər sürücülərdən artıq pul alaraq onlara “icazə” verir: “Bu, qanunsuzdur. Hər bir yükün daşınma qaydası var. Bunlar ağırtonnajlı avtomobillərdir və normadan artıq yük vurulduqda onların konstruksiyasında deformasiyalar baş verməyə başlayır. Əyləc sistemi pozulur, əyləc tutmur, sükan idarəetmə mexanizminə təsir edir və yolda qəza baş verir. Yük avtomobilləri sürücüləri arasında əsəbi şəxslər, sürücülük vəsiqəsi olmayanlar, müharibə əlilləri və başqa sosial təbəqədən olan insanlar var və onlar "çörəkpulu qazanıram" deyib yollarda ölüm saçırlar. Bir neçə yük maşınını saxlayan kimi görürsən ki, 5-10 əlil yığılıb yol polisini ittiham edir, protezlərini çıxarıb atırlar yol polisi rəhbərliyinin üzərinə ki, “mənim qolum yoxdur, ayağım yoxdur, mən nə ilə dolanmalıyam?” Bəli, onlar dolanmalıdır, amma belə yox. Avtomobillər onu idarəetmə hüququ olan insanlara verilməlidir. Yük avtomobili sürücüləri arasında narkotik vasitə istifadəçiləri, içkili halda idarə edən, sürücülük vəsiqəsi olmayanların nə qədər olduğunu bilirsiniz?".

Ekspert bildirir ki, “Kamaz”, “Shacman”, “MAN” tipli yük avtomobilləri hər gün yollarda minik avtomobillərini vurub əzirlər: Müşahidə zamanı məlum olur ki, hadisələr daha çox sol və orta zolaqda baş verir. O zaman belə bir sual ortaya çıxır – yük avtomobilinin orta və ya sol zolaqda nə işi var?".

Muradlı qeyd edir ki, yük maşınları təyinatı üzrə sağ zolaqla hərəkət etməlidir: "Yük avtomobilləri yollarda maksimum saatda 90 km sürətlə hərəkət edə bilərlər. 90-dan artıq hərəkət etmək hüquqları yoxdur. Amma baxırsınız ki, bəzi yük avtomobilləri bu sürət həddini aşır, 110-140-la hərəkət edirlər".

Ekspertin fikrincə, qanunlarda bununla bağlı boşluq var. Belə ki, sürət həddi 110 km/saat olan bəzi yollar var ki, yük avtomobilləri və sərnişin daşıyan avtobuslar orada 90-la hərəkət etməlidir: "Ancaq onlar da minik avtomobilləri kimi 110-la hərəkət edir və radara da düşmürlər. Çünki radarlar bir sistemlə qurulub. Avtomobilin sürətini 119-a qədər qaldıra bilərsən və radar səni 120-dən sonra çəkir. Yük avtomobillərinin yüksək sürətini radarlar çəkmir. Yük avtomobilləri və sərnişin avtobusları da bundan istifadə edir. Düşünürəm ki, yük avtomobili və avtobus sürücülərinin sürət həddini aşmasına görə onların DYP tərəfindən saxlanılmasına icazə verilməlidir. Yoxsa onlara başqa cür nəzarət etmək olmur".

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, qurumun tərəzi-nəzarət məntəqələri var. Amma avtomobillər həmin məntəqələrə DYP-nin nəzarəti əsasında yönləndirilir: "Yəni, çəkisində yüklənmə olduğuna şübhə yaranan avtomobillər Dövlət Yol Polisi tərəfindən saxlanılır, bizim tərəzi məntəqələrimizə göndərilir. Əgər qayda pozuntusu varsa, artıq çəki boşaldılır və sürücü cərimə edilir. Bundan sonra sürücü yoluna davam edə bilər".

Hüquqşünas Tağı Hüseynov isə bildirir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir və statusundan asılı olaraq müəyyən cərimələr tətbiq edilir: "İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsində deyilir ki, hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək cərimə edilir. Bu maddənin 353.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək cərimə edilir”. 

Hüquqşünas bildirir ki, bu maddənin 353.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə altı yüz manatdan yeddi yüz manatadək, eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla, min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz fayda vermədi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh