Yollarla bağlı yeni qərarda sirli müəmma
Nazirlər Kabineti respublika və yerli əhəmiyyətli avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri ilə bağlı yeni qərar qəbul edib. Bu qərar əslində yeni heç nə müəyyən etmir, çünki hələ sovet dövründən qalan Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli qərarında respublika əhəmiyyətli avtomobil yollarında ümumilikdə 60 metr, yerli əhəmiyyətli avtomobil yollarında isə 25 metr mühafizə zolağının olduğu təsbit edilirdi. Təbii ki, bu zolağın yarısı (müvafiq olaraq 30 və ya 12,5 metri) yolun bir, ikinci yarısı isə digər tərəfində yerləşir. Yeni qərar sadəcə olaraq bu məsələni bir qədər dəqiqləşdirir və məntiqi olaraq həmin zolağın yolun hər iki tərəfi üzrə 30 və ya 12,5 metr olmaqla yerləşdiyini təsbit edir. Başqa sözlə, yeni qərar qorunma (mühafizə) zolaqlarının ölçülərini nə artırır, nə də azaldır.
Amma əsas məsələ bu deyil. Yeni qərara diqqətlə yanaşdıqda onun mahiyyətində sirli bir müəmma gizləndiyi görünür. Qərarda birbaşa olaraq deyilir:
“1.Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilsin:
1.1. respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə HƏRƏKƏT HISSƏSININ MƏRKƏZINDƏN 30 metr enində;
1.2. yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə HƏRƏKƏT HISSƏSININ MƏRKƏZINDƏN 12,5 metr enində».
Fərqləndirdiyim müddəaları (“HƏRƏKƏT HISSƏSININ MƏRKƏZINDƏN”) sözün birbaşa mənasında təfsir etdikdə belə çıxır ki, yolun qorunma (mühafizə) zolağı onun hərəkət hissəsinin mərkəzindən başlanmaqla 30 (yerli yollarda 12,5) metr sağa və sola hesablanmalıdır. Belə olduqda yolun özünün yerləşdiyi zolaq da qorunma (mühafizə) zolağının daxilində qalır. Bax, sirli müəmma da elə budur.
Əslində isə belədir. “Avtomobil yolları haqqında” Qanunda yolun torpaq sahəsinin nələrdən (hansı zolaqlardan) ibarət olduğu və bu zolaqların yerləşməsi aydınca təsbit olunur. Qanunun 1-ci maddəsindən sitat:
“təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir;
qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir».
Daha sonra Qanunun 14-cü və 15-1-ci maddələrində təhkim zolağı və qorunma (mühafizə) zolağının hər birinin nəyi ifadə etdiyi və hansı hüquqi rejimə malik olduğu qeyd olunur. Yenədə Qanundan sitat:
“Avtomobil yollarının TƏHKIM ZOLAĞI avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, dayanacaqlar, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir».
“Avtomobil yollarının QORUNMA (MÜHAFIZƏ) ZOLAQLARI avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir».
Deməli, yolun əsas hissəsi olan yol elementləri təhkim zolağında yerləşir və təhkim zolağından sonra hər iki tərəfə 30 və ya 12,5 metr olmaqla mühafizə zolaqları (Qanunda bu ifadə məhz cəm halında işlədilir) yerləşir.
Əlavə olaraq bildirirəm ki, respublika və yerli əhəmiyyətli avtomobil yollarının təhkim zolağının eni NK-nın 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarı ilə təsdiq edilib. Həmin Qərara əsasən, təhkim zolağının eni yolun zolaqlarının sayından, yolun mühəndis xüsusiyyətlərindən və s. asılıdır. Bəzi yolların təhkim zolağının eninin 100 metrdən artıq ola bilməsi mümkündür. Belə yolun mühafizə zolağı həmin 100 metrin müvafiq kənarları boyu daha 30 metrdə yerləşəcək və belə yolun təhkim və mühafizə zolaqlarının birgə eni 160 metr olacaq.
Məncə, qanunvericilikdə hər şey aydındır. Belə olan halda NK-nın qərarını da sadə və aydın şəkildə yazmaq olmazdımı?
Açığı, son illər ölkəmizin yollarının həm yaşayış məntəqələrində, həm də yaşayış məntəqələrindən kənar yerlərdə kütləvi zəbti davam edir. Belə vəziyyətdə NK-nın yeni qərarında belə ikibaşlı normanın işbazların işinə yarayacağından ehtiyat edirəm. Ona görə də NK-nın həmin qərarının belə ikibaşlı olması səbəbinin xırda texniki səhv, yaxud onun layihəsini hazırlayanın diqqətsizliyi olması şübhəlidir.
Ərşad Hüseynov,
hüquqşünas