Yolumuzu kəsənlərdən necə qurtulmaq olar? – Parkinqi qanunsuz zəbt edirlər
Bakıda şəxsi maraqlar üçün quraşdırılan nişanlar barədə redaksiyamıza dəfələrlə şikayətlər göndərilir. Restoran, bank, dövlət müəssisəsi, idarələr və digər iaşə obyektləri rəhbərlərinin göstərişi ilə bəzən həmin ərazidə quraşdırılmış qadağanedici nişanlar çıxarılaraq yerinə parklanmanı bildirən 5.15 nişanı quraşdırırlar. Bu nişan qanunsuz quarşdırıldıqdan sonra həmin obyektin qarşısına bir işçi təyin edib gələn avtomobillərdən dayanacaq pulu tələb edirlər.
Avtosfer.az xəbər verir ki, bəzən obyektin və ya dövlət müəssisəsinin qarşısına quraşdırılmış 5.15 nişanı çıxarılaraq yerinə “P Xidməti” sözü yazılmış nişan quraşdırılır. Bu nişanın qanunsuz şəkildə quraşdırılmasından əlavə, nişanın tərtibatı da qanunsuzdur. Çünki “xidməti” sözü yazılmış nişan nə “Yol hərəkəti haqqında” qanunda, nə də ki, Yol hərəkəti haqqında Konvensiyada öz əksini tapıb.
Ekspert Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, özəl təşkilatlar, müəssisələr və xüsusən də diplomatik korpusların qarşısında həqiqətən də bu cür qanunsuzluqların şahidi oluruq. Onlar özbaşına nişan quraşdırır və ya dəyişdirir. Hansı ki, yol nişanlarının quraşdırılması, dəyişdirilməsi yalnız Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi İdarəsinin göstərişi ilə baş verə bilər.
Ekspert də “xidməti” sözü yazılmış nişanın qanunvericilikdə olmamasını və yola qanunsuz olaraq quraşdırılmasını qeyd edib. O, bildirib ki, aidiyyəti qurumlar bu cür qanunsuzluqlarla ciddi məşğul olaraq tədbirlər görməlidir: “Bəzi mərkəzi küçələrdə, hərəkətin çətin olduğu yerlərdə bir çox idarə və müəssisələr, xüsusən özəl təşkilatlar belə özbaşınalıqlara yol verirlər. Lakin yol hərəkəti ilə bağlı olan qanunda heç kimə icazə verilmir ki, parkinq üçün hansısa bir yeri zəbt etsin. Bakı şəhərində parklanma üçün icazəni yalnız Bakı Nəqliyyat Agentliyi verə bilər və bu işdə bəzi səlahiyyətlər bələdiyyələrə məxsusdur. Qalan heç bir qurumun parkinq yaratmaq və yolu zəbt edib parklanma üçün öz istifadəsində saxlamaq səlahiyyəti yoxdur. Lakin təəssüflər olsun, biz Bakı şəhərində bunu tez-tez müşahidə edirik. Xüsusilə diplomatik korpusların qarşısında bu baş verir. Eləcə də özəl şirkətlərin, məsələn, bankların, otellərin qarşısında biz bunu görürük. Hətta mənim də bununla bağlı bir mübahisəm olub. Nəhayət, otel rəhbərliyinə başa sala bildim ki, sizin söz sahibi olduğunuz yeganə yer otelin daxilidir. Siz oteldən kənarda heç bir hüquqa sahib deyilsiniz”.
Ekspert həmçinin “P xidməti” adlanan nişanla bağlı iradlarını bildirib və bunun qeyri-qanuni olduğunu vurğulayıb: “Bunu da deyim ki, ölkə yollarında “P xidməti” adlanan bir nişandan istifadə olunur. Guya bu xidməti parkinqdir və yalnız yerləşdiyi yerdəki obyektin ərazisinə aidliyi göstərir. Amma "Yol hərəkəti haqqında" qanunda belə bir nişan, ümumiyyətlə, mövcud deyil. Və bunun tətbiq edənlər də qanunsuz iş görürlər. Düşünürəm ki, yol polisi, Bakı Nəqliyyat Agentliyi bu cür qanunsuz hərəkətlərə yol verənlərə qarşı çox ciddi mübarizə aparmalıdır. Heç kimin özbaşına olaraq yola sahiblik iddiasında olmamalıdır. Yol hamının istifadəsindədir. Parklanma qadağan deyilsə, hər kəs istədiyi yerdə nəqliyyat vasitəsini saxlaya bilər. Bir də görürsən maşını saxlayırsan, biri gəlir ki, burada parklamaq olmaz, klinikadır, bankdır, marketdir. Qanunda belə şeylər yoxdur. Bu cür qanunsuz parklanma halları zamanı vətəndaş sadəcə aidiyyatı qurumlara öz şikayətini edə bilər. Başqa edə biləcəyi bir şey yoxdur. Çünki belə qanunsuzluqlarla aidiyyatı qurumlar mübarizə apara bilər”.
Fərid