Yuxuları ərşə çəkən Vətən həsrəti – Üçüncü səfərdən sonra Zəngilan yazısı - FOTOLAR
Lənətə gəlmiş saatın əqrəblərinə sanki daş asılıb. Vaxt keçmir. Yatıram, oyanıram, yerimdə qurdalanıram, durub balkonda siqaret çəkirəm. Hansı ki, heç hərbi xidmət dövründə belə gecə oyanıb siqaret çəkməmişəm. Bu nədirsə başqa hisdir, başqa ovqatdır. Ovsunlanırsan, gecəni gündüzə qatırsan. Harasa can atırsan. Canından ayrı qalan yurda qovuşmaq, oraları ilk ziyarət edənlərdən biri olmaq hissi var ağılda. Səhəri dirigözlü açmaq budur, yağmura-çiskinə baxmadan yola çıxırsan.
Tale elə gətirdi ki, çərşənbə günü Zəngilana yollanmaq üçün “yuxarıdan” razılıq verildi. Qaydalar hamı üçündürsə biz də qayda ilə üç ay gözləyib növbəmiz çatanda getdik. 8 nəfərlik heyət idik. Əsgərlərimizlə, polislərimizlə də görüşəcəkdik.
Düşündüm ki, əliboş getmək yaxşı çıxmaz. Hələ-hələ əziz bayramlarımız ərəfəsində - Yel çərşənbəsi günündə. Bayram sovqatlarını toparladıq, dostlar dəstək oldu, hətta Abşeronda Səlim müəllimin direktoru olduğu məktəbin şagirdləri xeyli yumurta rəngləyib göndərdilər, şirniyyat və əsgərə məktublar da yaddan çıxmadı.
“Mercedes Viano” 8 nəfər tutur, biz də 8 yoldaş yola çıxdıq. Sovqatlarımız isə ayrıca qoşquda idi.
Sürücümüz Əli əslində təkcə sürücü deyil, dağçılıq, arıçılıq, ərzaq təhlükəsizliyi sahəsində təbliğat, avtomobillər üçün qoşquların hazırlanması kimi bir-birinə uyğun gəlməyən işlərin hamısını görür. Hələ müharibənin ağır günlərində azı 5 dəfə döyüş bölgəsində Əlinin “Viano”su ilə yardımlar aparmışıq. Yol yoldaşı kimi də Əlini xüsusi qeyd etmək olar.
Əli ilə Əli yoluna çıxdıq - Zəngilana. Cəbrayıldan keçdik, darmadağın olmuş yurddan. Burada yol kənarında çoxlu kənd var. Amma Cəbrayılın “kruqu” deyilən yerə qədər bir dənə də olsun salamat ev yoxdur. Sadəcə buralarda ermənilər əkin-biçinlə məşğul olub evləri dağıdıblar.
Mənim doğma rayonuma – Zəngilana 3-cü gedişim idi. İki dəfə gedib qayıdandan sonra heç nə yazmamışam, daha doğrusu, yaza bilməmişəm. İllərlə Zəngilanın işğal günlərində xəbər və duyğusal yazılar yazmaq necə canıma hopubsa, həsrət necə için-için yeyib dağıdıbsa mən iki dəfə rayonumuzu, kəndimizi görüb heç nə yaza bilmədim. Amma danışdım, çox yerdə çox şey danışdım. Həvəslə kəndimizi təsvir etdim, ağacları, çəmənləri, quzuları, balıq tutmağı, çayda çimməyi bir-bir anlatdım... Çox vaxt donuq baxışlar, etinasız dinləmələri də gördüm. Ya mən yaxşı təsvir edə bilmirdim, ya da qarşımdakının fikri başqa yerdə olurdu.
Babaylı kəndi mənim doğulub 13 il yaşadığım kənddir. Evimizi tapdım. Birinci görüşdə uzaqdan baxdım, eləcə yandım, yaxıldım, donub qaldım. Ağlaya bilmədim. Gəlib Bakıda evdə şəkillərə baxanda ağlamaq tutdu məni, deyəsən, 5 saatdan sonra şokdan ayılmışdım, sanki sinəmə həkimin əlindəki iki dəmir parçası dəydi və mən şokdan ayılıb ağladım.
Bir də dayım qızı Nahidəyə videolar, fotolar göndərəndən sonra onun mənə göndərdiyi səsə qulaq asıb kövrəldim. Kəndin izini, yolunu elə təsvir etdi ki, doluxsundum.
Çox adam deyir ki, sanki kəndimiz balacalaşıb. Dayıqızı da dedi bu sözü. Mən bunu hiss eləmişdim. Ağalı kəndindən Babaylıya daxil olanda Məmmədbəyli kəndindəki qədim türbə elə aydın göründü ki, elə bildim, bizim kənd yoxdur, Ağalıdan sorna birbaşa Məmmədbəyli kəndidir. Çox qorxunc mənzərə idi. Sonra anladım ki, yox, kənd elə həmin kənddir. Sadəcə murdar ermənilər kəndin bütün ağaclarını qırıb, evləri elə dağıdıblar ki, kənd lüt qalıb. Elə buna görə dərələr, təpələr balaca görsənir.
Amma etiraf edim ki, evimizin həyətinə qədər gedib bir qismət çörək yesəm də, evimizin balacalaşdığını qəbul etdim, dərədən aşağı düşən dik yolun sanki xeyli düzləşdiyini hiss etdim. Sonra anladım ki, xeyr, mən böyümüşəm, ona görə bu yerlər indi balaca görsənir.
Əslində, bu sözləri yaza-yaza düşünürəm ki, özümü aldatmayım, kənd balacalaşıb, nəsə olub, bəlkə insan kimi canlıdır bu kənd. Axı insanlar yaşlaşdıqca, həsrət, dərd-qübar çəkdikcə balacalaşır, bədən yığılır. Bəlkə kəndimiz də 27 illik həsrətdən bu hala düşüb?
Kənddə yolun altındakı bütün evlər sökülüb. Sökülüb yox e, lap elə darmadağın edilib. O evlərin izi də yoxdur. Məscidimizin də divarları sökülüb iki tərəfdən.
Torpaqlarımızda əkin-biçin və maldarlıqla məşğul olublar. Kənddə 3 yerdə koma gördüm. Bu komalarda çox güman ki, çobanlar yaşayıb (orada heç it də yaşamazdı), kənd ərazisində mal-qara saxlayıblar.
Ağalı kəndindən Alıbəyliyə yol çəkiblər. Həkərinin üstündən keçən bu yol bizim üçün faydalı olacaq. Amma mən əminəm ki, bu yolu çəkmək üçün bizim evləri söküb daşını bura daşıyıblar. Havalıda, Zərnəlidə, Məmmədbəyli və Babaylıda bir dənə də olsun salamat ev yoxdur. Ağalıda isə evlər var, hətta təmir olunmuş evlərə də rast gəldim. Həyətlərdə maşınlar, meyvə bağları... Hamısını atıb qaçıblar.
Ordumuz Zəngilana elə vaxt daxil olub ki, ermənilər süfrədə yeməklərini belə qoyub qaçıblar. Evlərə bizim əsgər daxil olanda isti çay var imiş. Yəni, o dərəcədə sürətli döyüşüb bizim igidlər.
İndi Zəngilanı polislər qoruyur, onlar da ayda bir dəfə evə gedib bir neçə gün ailəni gördükdən sonra yenidən xidmət yerinə qayıdırlar. Şərait nə qədər ağır olsa da, Daxili İşlər Nazirliyinin rəhbərliyi həmin ərazilərə daha həssas yanaşır. Polisin oradakı işi həm ağırdır, həm də indiki dövr üçün çox vacibdir.
Zəngilandan Qubadlıya gedib Xanlıq kəndində dayandıq. Yolboyu müşahidə edirəm ki, artıq canlanma yaranır, yolların təmiri, Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrası bizim bu torpaqlara tezliklə qayıdacağımıza ümid yaradır.
Qubadlıya gedərkən yolboyu yaşayış üçün yararlı olan evlər görürük, əkin-biçin sahələrinin ucu-bucağı görünmür. Ermənilər bu torpaqlarda hər şeyi dağıdıb, amma torpaqdan necə lazımdır xeyir götürüblər. Hər yerdə də öz murdarlıqlarını göstərib din adı altında gizlənməyə çalışıblar. Hansısa erməni axmaq Alıbəyli kəndində kilsə tikib. Nəinki Alıbəylidə, heç Zəngilanda barmaqla sayılacaq qədər erməni yox idi, bunların tarixi də özləri kimi iyrəncdir.
Şərifan kəndində körpünü söküb beton piltələri yolun kənarına düzüblər ki, aparsınlar. Amma apara bilmədilər.
Vaxtilə Naxçıvana gedən dəmiryolunu darmadağın ediblər, Mincivan stansiyasından əsər-əlamət yoxdur. İndi dəmiryolunun iziylə maşınlar gedib-gəlir. O yol da Arazın suyu qalxanda suyun altında qalır.
Yəni, ermənilər işğal etdikləri ərazilərdə yaşamağa çalışsa da, mümkün qədər ziyan vurmağı da unutmayıblar. Donuz belə yatdığı yeri təmizlədiyi halda ermənilər hər yeri dağıdıb.
Dünyada 2-ci, Avropada 1-ci yerdə olan Çinar meşəsini məhv ediblər. 12-ci əsrdən qalan Məmmədbəyli türbəsini topla vurublar.
Şərifan kimi tarixi kəndi darmadağın edib maı-qara saxlayıblar.
Qəbirlərimizi dağıdıblar. Məmmədbəyli kəndinin qəbristanlığı yoxdur, dağıdıb düzləyiblər, Babaylıda bəzi qəbirləri dağıtsalara da, sağ qalanlar var. Ağalıda da vəziyyət eynidir.
Zəngilanın Şəhidlər xiyabanını elə hala salıblar ki, cəmi 4 məzarın yeri bilinir, qalanlarını düzləyiblər.
Qubadlıda da hər yeri dağıdıblar. Amma sonradan özləri üçün şərait qurublar. Məsələn, Xanlıqda Suriya erməniləri üçün koteclərdən ibarət qəsəbə salıblar. Zilanlıda, Mahruzluda da eyni vəziyyətdir.
Xocahan kəndində yaşayış evi az olsa da, burada iri məktəb tikiblər.
Qəzyan kəndini görənlər Kapadokyanı yada salacaqlar. Bu rayonlar turizm üçün mükəmməl yerdir. Burada Həkəri və Oxçu çayı birləşir və vadidə gözəl bir mənzərə yaranır.
Qubadlıda salamat qalan yaşayış yerləri çoxdur. Artıq Xanlıq kəndində bankomat quraşdırılıb, eyni zamanda, mağaza və kafe də fəaliyyət göstərir. Yaşlı bir kişi təndir çörəyi bişirmək üçün ermənilərdən qalan yeri təmir edirdi. Yəqin ki, artıq təndir çörəyi də bişirilir.
Apardığımız bayram paylarından polisə də, sərhidçiyə də pay düşdü. Amma təsadüf necə alındısa dostumuz, hüquqşünas Ərşad Hüseynov Laçından qayıdarkən görüşə bildik. Qubadlıda baş tutan görüşümüz Həkəri çayının sahilində xeyli söhbətlə davam etdi. Sonda Laçında xidmət edən birləşmələrin zabiti ilə əlaqə qurub bütün payları ora göndərdik. Elə ən sevindirici məqam da bu oldu ki, ağır şəraitdə xidmət edən əsgər və zabitlərimizə daha çox pay düşdü.
Bu torpaqları bizə qaytaran hər bir əsgər, zabit, gizir üçün nə etsək də azdır. Onlar əsl qəhrəmanlardır, bizim onlara hər zaman vəfa borcumuz var.
O yerləri gedib görmək, ziyarət etmək bir başqa duyğular yaşadır. Geri dönməyi heç kim istəmirdi. Amma dönmək lazım idi, yenidən qayıtmaq üçün.
Qayıtmaq demişkən, şənbə günü Ağdama yolumuz düşdü. Bu barədə də ayrıca yazacam. Əslində, Zəngilan-Qubadlı səfəri barədə yazını Ağdama gedəndən sonra yazmaq qərarına gəldim. Ağdam darmadağındır, sağ qalan yer yoxdur. Dəhşət və vəhşət yazısını necə yazacağımı hələ düşünürəm...
Elməddin Muradlı