Zəfərə gedən yolun izi ilə - REPORTAJ - FOTO - VİDEO

Yazarlar 8 Noyabr 2022 01:00 Oxunub 2122
Zəfərə gedən yolun izi ilə  - REPORTAJ - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu günlərdə “Şuşaya səfər olacaq getmək istəyirsən?” sualına düşünmədən “əlbəttə” cavabını verdim. “Şuşa ili”ndə həyata keçirilən "30 il sonra qayıdış" adlı layihə çərçivəsində səfərimiz baş tutdu. Sübh tezdən yola düşdük. Füzuliyə qədər yolu dəfələrlə getdiyim üçün tezliklə Şuşa istiqamətinə nə vaxt çatacağım məni düşündürürdü. Müharibə vaxtı və müharibədən sonra bir neçə dəfə işğaldan azad olunmuş ərazilərimizə səfərlərim olub. Amma bu başqa idi.

Əhmədbəyli dairəsindən düz Cəbrayıl, Zəngilan istiqamətinə deyil, sağa döndük. Şüşə kimi asfat yol bizi burdan Şuşaya aparacaqdı.

Yoxlanış məntəqəsində sənədlərimizi yoxladılar. Hər şey qaydasında olduğu üçün çox gözləmədik. Artıq irəlilədikcə sağda və solda dağıdılmış kəndlər görünməyə başladı. 30 il həsrətlə sahiblərini gözləyən kəndlər. Ordakı evlərin soyuq daşları isti nəfəslərlə sanki yenidən canlanırdı. Çünki ətrafda yenidənqurma işləri başlamışdı. Tikintilər, təmir işləri davam edirdi. Yeni tikilmiş Füzuli aeroportundan sonra “Zəfər yolu” başlayırdı. Amma eyni zamanda artıq birbaşa Şuşaya gedəcək, dağların içindən tunellər ilə doğma şəhərə bizi qovuşduracaq ikinci yolda işlər sürətlə davam edirdi.

“Zəfər yolu”... Bu ad və bu yolun əhəmiyyəti o qədər böyükdür ki, ifadə etməkdə çətinlik çəkirsən. Bəlkə də hər addımında şəhidlərimizin qanı var bu yolun. Çünki burdan heç vaxt Şuşa istiqamətində yol olmayıb. Sağ tərəfdə “Hadrud” yazılmış lövhəni keçəndən sonra meşə və dağların arası ilə uzanan yolun ahənginə qovuşduq. Bu cığırı 44 günlük müharibə zamanı igidlərimiz açmışdı və müqəddəs torpaqlarımı məhz burdan keçərək azad etmişdi. Təxminən 40 kilometrlik yolu demək olar ki, çox rahat qət etmək olur. Dolaylar olsa da yolun keyfiyyəti istənilən avtomobilin burada hərəkətinə icazə verir.

Getdikcə qarşımızda elə mənzərələr açılırdı ki, insanı valeh edirdi. Bu cür gözəl təbiət illərdir ermənilərin “xidmətində” olub.

Xocavənd rayonu təbiətinə görə çox fərqlənir. Demək olar ki, Azərbaycanın bütün bölgələrində müxtəlif fəsillərdə olmuşam. Amma bu cür təbiət mənzərəsini ilk dəfə idi ki görürdüm.

Artıq yol kənarlarında Şuşaya qədər olan məsafəni göstərən lövhələrdə rəqəmlər azalırdı.

Son olaraq “Şuşa 5 km” yazısını görəndə yadıma bir hadisə düşdü. Hələ bir neçə ilə əvvəl işlədiyim “Avtosfer.az” saytında oturduğum otaqda arxa fonda “Şuşa 5 km” yazılmış bir yol nişanı vurulmuşdu. Şəkili sosial şəbəkələrdə paylaşanda məhz bu işarə diqqət mərkəzində olmuşdu. O vaxt bəlkə də bunun real ola biləcəyinə çoxları inamını itirmişdi. Amma bir gün Şuşaya 5 km qalan lövhəni görəcəyimə inanırdım.

Budur artıq o möhtəşəm şəhərə yaxınlaşırıq. Qarşımızda hündür qayalar var və həmin daşların altında olan Daşaltı kəndi...

Adam baxanda həqiqətən dəhşətə gəlir. İgidlərimiz bu qayaları necə dırmaşıb? Şuşanı necə azad edib? Bu elə bir mənzərədir ki, gözlərinlə görməsən anlamaq mümkün deyil.

Artıq Şuşanın qayalarının ətrafına dolanan “Zəfər yolu” ilə şəhərə qalxırıq. Girişdəki mənzərə az da olsa ürəyimizi sıxır. Sağ tərəfdə bizim əsgərlər var, solda isə rus sülhməramlıları dayanıb və ermənilər rahat şəkildə maşınlarla gedib-gəlirlər. Artır Şuşaya daxil oluruq. Qarşımızda bir əzəmət dayanıb. Hər bir daşı, hər bir addımı şəhidlərimizin qanı ilə suvarılan Şuşaya adam ayaq basmağa da ehtiyat edir.

Cıdır düzü, Vaqif məqbərəsi, məscidlər, abidələr, binalar... Hər yerdə quruculuq işləri gedir. Şəhərdə çox adam gözə dəyməsə də canlama yetərincə hiss olunur.

Şuşanın küçələrini gəzirəm... Ətrafda yol nişanları qoyulub. “Diqqət məktəb”, “baş yol”, “piyada keçidi” və s. Bir zamanlar həsrətlə baxdığım şəhərin küçələrində belə rahat gəzdiyimi düşündükcə kövrəlirəm. Gözlərimdən ixtiyarsız axan yaş qanla qarışmış müqəddəs Şuşa torpağına tökülərək şəhidlərimizin qanına qarışır...

Orxan Əli
Bakı-Şuşa-Bakı

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh