Banner

“Zerkalnı” Əliyar Parisdə və ya Osloda maşın sürə bilərmi? - VİDEO

Yazarlar 9 Sentyabr 2022 11:49 Oxunub 2858
“Zerkalnı” Əliyar Parisdə və ya Osloda maşın sürə bilərmi?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşlarımızın çoxunda belə bir fikir formalaşıb ki, Azərbaycandakı xaotik vəziyyətdə maşın sürə bilən şəxs dünyanın istənilən yerində avtomobili rahatlıqla idarə edə bilər. Mən isə şəxsi təcrübəmə əsaslanaraq deyirəm ki, bu fikir, qismən doğrudur. Daha dəqiq olsaq, Yaxın Şərq və Afrikada mümkündür. Avropada isə əsla. Səbəbə gəlincə:
Bakıda yaşayan sürüclər çox vaxt elə qonşu Gürcüstana addım atan kimi polisdən sanballı bir cərimə hədiyyəsi alır. Səbəb də olduqca bəsitdir: ya yol işarələrini tanımırıq, ya da əməl etmirik.
Avropa ölkələrinin əksəriyyətində isə yol işarələrini tanımayan və ya əməl etməyənləri tərbiyələndirməyin sadə üsulu çoxdan tapılıb: residivizm maddəsini tətbiq etmək. Azərbaycanda cinayət hüququnda tətbiq edilən bu hal, Avropada inzibati xətaara da tətbiq edilir. Bəs residivizm nədir? Məsələni Fransa qanunvericiliyi əsasında araşdıraq. Bəri başdan deyim ki, oxucunu yormamaq üçün qanunlardan ayrı-ayrı maddələri uzun-uzadı şərh etməyəcəyik.
Avtosfer.az xatırladır ki, Fransanın yol hərəkəti qanunvericiliyinə görə, eyni xətanın 5 il ərzində təkrar törədilməsi residivizm hesab edilir. 1 yanvar 2015-ci ildən isə ayrı-ayrı ciddi qayda pozuntuları da residivizm hesab edilə bilər. Lakin heç də bütün qaydaların təkrar pozulması residivizm sayılmır.  Məsələn, kəmər taxmamağa görə cərimə 135 avrodur. Növbəti dəfə bu xəta dəfələrlə törədilərsə məbləğ 1000 avronu aşa bilər. Lakin sürücünün balı azaldılmayacaq, nə də vəsiqəsi alınmayacaq. 
Residivizmə səbəb olan əsas qayda pozuntuları təkrar sərxoş halda idarəetmə, sürət həddini aşma, yolayrıcı qaydalarını keçmə, piyadanı və ya üstünlüyü olan avtomobili buraxmama kimi hallar aiddir. Məsələn sürət həddinin təkrarən 50 km/saatdan çox aşılması halında sürücünün 3750 avro cərimə, 3 ay həbs, sürücülük vəsiqəsinin azı 3 il müddətinə ləğvi, öz hesabına psixoloji uyğunlaşma kursuna getmək kimi cəza gözləyir. Bundan əlavə, qayda pozucu 5 il ərzində sürücülük vəsiqəsi tələb olunmayan nəqliyyat vasitələrinə sahib ola və ya onu idarə edə bilməz. Bu müddət keçdikdən sonra sıfırdan hazırlaşaraq vəsiqə əldə edən sürücünün yeni sənədinə maksimum bal 10-dan 5-ə endirilir. Xüsusi hallarda nəqliyyat vasitəsi müsadirə edilərək “metalloma” göndərilə, dövlət strukturlarının istismarına verilə bilər.
Göründüyü kimi, heç kim cərimə ilə canını qurtara bilmir. Bizim qəhrəmanlıq edən “ağsaqqalımız” bizdə törətdiyi xətaları Fransada etsə elə sürdüyü “Prado”nun dəyərində cərimə ödəməli olardı. Sürücülük vəsiqəsi ilə də birdəfəlik vidalaşacaqdı. Təkcə son 1 ayda törətdikləri xətalar onun dəmir barmaqlıqlar arasına göndərilməsi üçün kifayət idi.
Ola bilsin ki Əliyar dayı xəstədir. Xəstəliyə görə kimisə qınamaq doğru deyil. Lakin bu xəstəliyi əsas gətirərək bəlkə də onun vəsiqəsinə xitam vermək mümkündür. Məsələn, avtomobildə tez yuxulayan şəxsə Fransada vəsiqə verilmir. Bu insanlar potensial risk mənbəyi hesab edilir. Görmə, hafizə, çeviklik problemi olanlar da vəsiqəyə sahib ola bilmir.
Əliyar dayı Parisdə qəza törətsə xəstəliyini əsas gətirib məsuliyyətdən qaça bilməzdi. Tibbi müayinə zamanı xəstəliyi aşkar olunsa vəsiqəsi birdəfəlik ləğv olunacaqdı. Psixoloji uyğunlaşma kursu isə bu ahıl kişi üçün işgəncə olardı: sizcə “Səfillər” romanını Əliyar dayı nə qədər vaxta oxuya bilər?
Norveçdə olsa idi, Əliyar dayıya elə cərmə tətbiq edilərdi ki, onu yalnız “Prado”nu sataraq ödəyə bilərdi.
Görünən budur ki, Azərbaycanda yol hərəkətində intizamı artırmaq üçün Fransa və ya Norveç modelini tətbiq etmək yerinə düşər: ya təkrar törədilən xətaya görə ağır sanksiya, ya da sürücünün maddi vəziyyətinə uyğun cərimə. Axı dünya gör-götür dünyasıdır.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh