Ziya Məmmədovdan sonra nəqliyyat sektorunda nələr dəyişib? - BNA-nin beş illik fəaliyyətinə baxış
Yazarlar
19 Aprel 2021 12:20
Oxunub 2352
Nəqliyyat sahəsi ayrıca xidmət sektoru kimi hər bir ölkə vətəndaşı, sahibkarlıq və digər fəaliyyət sahələrinin subyektləri ilə ictimai münasibətlər prosesində olur. Bəlli məsələdir ki, nəqliyyatın təkmilləşdirilməsi də hər bir şəhər üçün böyük önəm daşıyır. Son illər bu istiqamətdə atılan ən böyük addım Bakı Nəqliyyat Agentliyinin yaradılması olub desək, yanılmarıq. Danılmaz faktdır ki, bu illər ərzində BNA həm bu sahəyə məsul olmuş özündən əvvəlki qurumların yaratdığı problemləri həll etdi, həm də nəqliyyat sektorunun idarə edilməsinə yeniliklər gətirdi.
Sfera.az xəbər verir ki, 5 il öncə - 21 dekabr, 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradıldı.
Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Fəaliyyəti dövründə Bakı Nəqliyyat Agentliyi müxtəlif layihələr həyata keçirib, yeniliklərə imza atıb. Məsələn, bir neçə il öncə, ictimai nəqliyyatın nağdsız ödənişə keçməsi inandırıcı deyildi. Bunu ilk olaraq BNA-nın tabeliyində fəaliyyət göstərən "BakuBus” MMC reallaşdırdı. Bakı Nəqliyyat Agentliyi bütün maneələrə baxmayaraq, ictimai nəqliyyatda vahid kart ödəniş sisteminə keçidi təmin etdi. Artıq 48 marşrut üzrə avtobuslarda gediş haqqı nağdsız formada vahid kart sistemi ilə aparılır.
Bəllidir ki, ictimai nəqliyyat şəhərdə ən vacib nəqliyyat vasitəsidir və sərnişinləri daha keyfiyyətli daşımaq üçün onun sürətli hərəkəti önəmlidir. Buna görə Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları təşkil etməyə başlayıb. Ayırıcı zolaqlar avtobusların tıxacda ləngiməməsi və dayanacaqlara zamanında çatması üçün vacib əhəmiyyət daşıyır.
Maraqlıdır, ekspertlər BNA-nın fəaliyyəti ilə bağlı nə düşünür?
"Bakı Nəqliyyat Agentliyi sayəsində avtobus dayanacaqlarından dönərxanalar, apteklər, başqa ticarət obyektləri yığışdırıldı”
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin yarandığı 5 il müddətində xeyli işlər gördüyünü bildirib:
"Agentlik ictimai nəqliyyat, taksi fəaliyyəti, eləcə də dayanma-durma hərəkətinin təşkili, avtobus zolaqları və bu kimi yeniliklərə imza atıb. Avtobusların yenilənməsi, köhnə avtobusların istismardan çıxarılması, taksi fəaliyyəti ilə bağlı məsələlərin sadələşdirilməsi, hərəkətin təhlükəsizliyi ilə bağlı müəyyən addımların atılması buna misal olaraq göstərilə bilər.
Bakı şəhərində bir çox küçələrdə nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib, fərqli hərəkət mexanizmi tətbiq edilib. Buna misal olaraq, Yusif Səfərov küçəsini qeyd etmək olar. Mümkün olan ərazilərdə parklanma üçün xüsusi yerlər yaradılıb, müəyyən yerlərdə isə parklanma üçün ərazilər ləğv edilib. Amma ümumilikdə parklanma problem olaraq qalır. Çünki Bakı şəhərinin inzibati ərazisi olduqca qarışıq mexanizmdir, bu da şəhərsalma qaydalarının kobud şəkildə pozulmasının nəticəsidir. Bakıda bələdiyyələr, icra orqanları torpaqları,əraziləri, hətta yaşıllıqları kimə gəldi satıb çayxanalar, restoranlar, mağazalar və.s açıblar.
Bakı Nəqliyyat Agentliyi sayəsində avtobus dayanacaqlarından dönərxanalar, apteklər, başqa ticarət obyektləri yığışdırılıb. Hansı ki, dünənə qədər bu şəraiti yerli icra orqanları yaradıb. Yəni, icra hakimiyyətlərinin icazəsi ilə avtobus dayanacaqlarında (xüsusən Nizami, Xətai rayonlarında daha çox rast gəlinən haldır) dönər köşkləri və başqa obyektlər fəaliyyət göstərib. Ümumiyyətlə icra hakimiyyəti orqanları özbaşınalıq edərək şəhərimizin həm nəqliyyat, həm də piyadaların hərəkəti üçün nəzərdə tutulan yollara, nəqliyyatın hərəkətinə təsir edə biləcək maneələr yaradıblar – qanunsuz tikililər, səkilərin zəbt edilməsi və.s. Bunun əziyyətini isə bu gün Bakı Nəqliyyat Agentliyi çəkir”.
"Bakı Nəqliyyat Agentliyi dövlət yol polisi ilə birlikdə bunların qarşısını ala bildi”
Ekspert qeyd edib ki, bundan əvvəlki 10 il müddətində Nəqliyyat Nazirliyinin bərbad vəziyyətə qoyduğu infrastrukturu, yalandan quraşdırılan nəqliyyatın intellektual idarəedilməsi mərkəzini bu gün BNA aktiv fazaya çevirməyə çalışır:
"Amma çətinliklər var. Külli miqdarda maliyyə vəsaiti lazımdır – hərəkətin təşkili, səkilərin azad edilməsi, piyadalar üçün normal hərəkətin yaradılması böyük maliyyə qaynaqları tələb edir. Azərbaycanda indiyə kimi pandusların quraşdırılması sözdə deyilirdi. Keçmiş Nəqliyyat Nazirliyi, o cümlədən keçmiş Azəravtoyol, indiki Azərbaycan Dövlət Avtomobil Agentliyi bunu dəfələrlə bəyan etsə də, reallaşdıra bilmirdi. BNA sayəsində pandusların yaradılması baş tutdu. Pandusların yaxınlığında parklanmanın qarşısını almaq üçün tumbalar quraşdırılır. Ümumiyyətlə, səkilərin tumbalarla təhlükəsiz zonaya çevrilməsi yaxşı bir addımdır. Həmin tumbalar yol-nəqliyyat hadisələri nəticəsində avtomobillərin səkiyə aşması və ya çıxması nəticəsində piyadaların vurulmasının qarşısını alır. Yaxud, avtomobilin parka, əraziyə girib daha ağır fəsad törətməsinə əngəl olur.
İllər öncə köhnə, narahat, ekologiyaya təhdid olan avtobuslardan istifadə edirdik. Vaxt vardı və bunu hər kəs xatırlayır ki, avtobuslar az qala, şəhərdə yarışa çıxırdılar. Sürücülər 20 qəpikdən ötrü bir-birilə "ölüm yarışı”na girirdilər. Söyüş, təhqir, dava-dalaş, sərnişinlərə qarşı kobud münasibət, bayağı musiqilər, sükan arxasında sərxoş, narkoman avtobus sürücüləri – nə qədər problemlər var idi ki, bu gün Bakı Nəqliyyat Agentliyi Dövlət Yol Polisi ilə birlikdə bunların qarşısını ala bilib.
Bu gün nadir hallarda hardasa avtobus sürücüsünün kobudluğuna rast gəlinir. Yəni, demək olmaz ki, hamısı maşını qaydasında sürür, hətta bizim nümunə kimi göstərdiyimiz BakuBus MMC-nin belə bəzi sürücülərinin müəyyən dövrlərdə yol qaydalarını pozduğunu görürük. Bu, insan xarakterindən irəli gələn hallardır. Avtobuslarda kameraların quraşdırılması Daxili İşlər Nazirliyinin tələbi ilə edilsə də, BNA bu təşəbbüsü dəstəklədiyi üçün bu gün müəyyən irəliləyişlər əldə olunub. Sürücülər artıq nəzarətsiz olmadıqlarını anlayırlar”.
"BNA bu addımı ilk atanlardan oldu”
Müsahibimiz xatırladıb ki, ümumilikdə avtobusların kart sisteminə keçidi BNA dövründə həyata keçirilib: "Vahid kart sistemi tətbiq edildi – BakıKart həm metroda, həm də avtobuslarda istifadə olundu. Bütün bunlar hamısı Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin nəticəsidir. BNA ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məsələlərdən birini bu yaxınlarda həll etdi. Bütün dövlət qurumlarına ictimai şuraların yaradılması tapşırılıb. BNA da bu addımı ilk atanlardan oldu. Ümumilikdə agentliyə qarşı bir az qərəzli münasibət var, tənqidi yanaşmalar çoxdur. Bəzən bunu təbii qarşılayıram. Çünki nəqliyyat sektoru elə bir sahədir ki, istər-istəməz burada hamını məmnun etmək mümkün deyil. Kimsə hardasa parklanmaya görə cərimə olunur deyə, narazı qalır, kimsə avtobusda bir az sıxlığa düşür narazı qalır, kimsə avtobus gecikməsinə görə eyni reaksiyanı verir, yaxud, BNA kiminsə avtobus dayanacağında açdığı dönərxananı bağlayır deyə, həmin vətəndaş narazı qalır. Yəni, problemlər bunlarla bağlıdır.
Əsas problem hazırda parklanmadır. Bununla əlaqəli ümid edirəm ki, BNA məsələnin həlli istiqamətində insanları bəzi hallarda nəzərə almaq üçün müəyyən addımlar atacaq. Avtobuslarla bağlı agentliyi qınamıram. Çünki avtobusların əksəriyyəti daşıyıcı şirkətlərin əlindədir. Yalnız BakuBus dövlət tərəfindən idarə olunur. Yəni, Bakı şəhərində bu gün 2200 avtobus fəaliyyət göstərirsə, onun minə yaxını BakuBus-undır, qalanı sahibkarlara məxsusdur.
Bunun hamısı dövlətin nəzarətinə keçməlidir demirəm, sahibkarlara da dəstək olmaq, şərait yaratmaq lazımdır. Bu gün dövlətin yükü böyükdür, işğaldan azad olunmuş torpaqların qurulması, abadlaşdırılması ağır prosesdir. Ona görə də düşünürəm ki, sahibkarlar üçün şərait yaratmaq lazımdır ki, ictimai nəqliyyatı onlar inkişaf etdirsinlər. Amma ciddi nəzarət olmalıdır. Bunlar olarsa, avtobusların sayı artacaq, ictimai nəqliyyat inkişaf edəcək”.
"Bakı Nəqliyyat Agentliyinin yanaşmaları , təhlükəsizliklə bağlı ideyaları, düşüncələri qənaətbəxşdir”
Ekspertin sözlərinə görə, BNA taksi fəaliyyəti ilə bağlı vahid qiymət siyasətini müəyyənləşdirmək üçün addım atmaq istəsə də, bəzi insanlar onu başa düşmədən tənqid etməyə başladılar:
"Bu gün vətəndaşlar narazılıq edir ki, bəzi sürücülər pandemiyadan istifadə edib qiyməti artırırlar. BNA vaxtilə bu təşəbbüsü irəli sürəndə qanan da, qanmayan da tənqid etməyə başlayırdı ki, qoymayın, BNA taksidə qiyməti artırır. Əslində isə qiymət artmırdı, sadəcə vahid qiymət siyasətini müəyyənləşdirmək nəzərdə tutulurdu. Bu da həm sürücülər, həm də taksidən istifadə edəcək sərnişinlər üçün faydalı ola bilərdi. Sadəcə anlamadan, bilmədən hay-küy salan insanlar məsələnin gündəmdən çıxmasına nail oldular.
Ümid edirəm ki, bu da yaxın vaxtlarda öz həllini tapacaq. Ümumilikdə Bakı Nəqliyyat Agentliyinin yanaşmaları, hərəkətin təşkili, təhlükəsizliklə bağlı ideyaları, düşüncələri qənaətbəxşdir. Sadəcə olaraq, bir qurumun qəbul etdiyi bəzi qərarlar uğurlu olmaya bilər, ona görə digər qurumlarla bu məsələlər müzakirə edilməlidir, ictimai müzakirəyə çıxarılmalıdır ki, qəbul edilən qərarlar sonradan konflikt yaratmasın”.
"Bakı Nəqliyyat Agentliyi sürücü-sərnişin münasibətlərinin tənzimlənməsinə nail ola bilib”
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə saytımıza açıqlamasında qeyd edib ki, əvvəlki Nəqliyyat Nazirliyinin strukturları ləğv edildikdən, yeni qurumlar yaradıldıqdan sonra nəqliyyat sahəsində müəyyən nəaliyyətlər əldə edilib:
"Həqiqətən də Azərbaycanda uzun illər yol-nəqliyyat, sərnişindaşıma sferasında özbaşınalıqlar olub. Xüsusilə də iqtisadiyyatın və insanların cəmləşdiyi Bakı və Abşeron yarımadasında. Düşünürəm ki, bu nəaliyyətlərdən biri kimi elə Bakı Nəqliyyat Agentliyini misal göstərmək olar. BNA-nın fəaliyyəti bugünkü dövrümüz üçün qənaətbəxş hesab edilə bilər. Baxmayaraq ki, hələ də müəyyən çatışmazlıqlar mövcuddur. Ümid edirik, yaxın illərdə BNA Bakı şəhəri və onun qəsəbələrində nəqliyyatın , piyadaların hərəkətinin tənzimlənməsi və digər ümumi yol-nəqliyyat infrastruktrunun təşkilini daha da mükəmməlləşdirəcək”.
Ekspertin sözlərinə görə, ictimai nəqliyyatın sistemləşdirilməsi, vahid kart sisteminin tətbiq edilməsi BNA-nın nəaliyyətlərindəndir:
"Sürücü-sərnişin münasibətlərinin tənzimlənməsi də əsas işlərdən biri idi və Bakı Nəqliyyat Agentliyi buna nail ola bilib. Həmçinin bu gün Bakı və Abşeronda yol nişanlarının yenidən təkmilləşdirilməsi həyata keçirilir. Bu prosesin davam edəcəyinə ümid edirik. Yol nişanlarının təkmilləşdirilməsi, piyada keçidlərinin yenidən qurulması, baxılması, yeni sistemin tətbiq edilməsi mütləq davam etdirilməlidir. Bununla yanaşı, BNA parklanma məsələsi ilə də bağlı da uğurlu layihələr həyata keçirib. Eyni zamanda taksi xidmətini də qeyd etmək lazımdır. Yəni, bu gün taksi xidməti əlçatandır – həm sərnişinlər, həm də bu fəaliyyətlə məşğul olmaq istəyən vətəndaşlar üçün. Bu özü də böyük uğurdur ki, bu gün bu sahədə sərbəstlik, rahatlıq mövcuddur”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR