Bakı Dəmiryolu Vağzalı köçürülür

Yeniliklər 4 Noyabr 2014 07:23 Oxunub 2722
Bakı Dəmiryolu Vağzalı köçürülür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Feyzulla Quliyev: «Bu işlərin görülməsi 2030-cu illər üçün nəzərdə tutulur»

 

«Amma dünyanın əksər qədim şəhərldərində dəmiryolu vağzalı şəhərin mərkəzindədir»

 

Paytaxtda yenidənqurma və abadlıq işləri davam etdirilir. Şəhərin mərkəzi hissələrində uzun müddət mövcud olan gecəqonduların söküntüsündən sonra növbənin keşlə qəsəbəsinə və dəmiryolu xəttinin kənarlarında olan evlərə çatacağı bildirilirdi. Amma artıq evlərin deyil, bu evlərin yaxınlığından keçən dəmiryolu xətlərinin sökülməsi və dəmiryolu vağzalının köçürülməsi  gündəmə gəlib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev mətbuata açıqlamasında bildirib ki, Böyük Bakının Regional İnkişaf Planında dəmiryolu vağzalının köçürülməsi nəzərdə tutulub: «Şəhərin mərkəzinə çoxlu sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur. Nəqliyyat Nazirliyi Bakı dəmir yolu vağzalının köçürülməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkliflə müraciət etsə, yeni  vağzal üçün yer ayrıla bilər. Şəhərin mərkəzində isə iki dəmir yolu xəttinin qalması planlaşdırılır. Həmin xətlər Bakı kəndlərinə gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Dəmir yolu vağzalının yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək. Bu, həm də paytaxtın mərkəzi hissəsində səs-küyü, insanların narahatlığını aradan qaldıracaq».

Məsələyə münasibət bildirən Əməkdar memar Feyzulla Quliyev deyir ki, Bakı Dəmiryolu Vağzalının sökülməsi nəzərdə tutulur: «Böyük Bakının Regional İnkişaf Planında belə bir məsələ nəzərdə tutulur. Amma bu işlərin görülməsi 2030-cu illər üçün nəzərdə tutulur. Dəmiryolu vağzalının Biləcəriyə köçürülməsi variantı var. Bakı Dəmiryolu Vağzalı dalan şəklində olduğundan bir qədər uyğunsuzdur. Amma hazırda dünyanın əksər qədim şəhərldərində dəmiryolu vağzalı şəhərin mərkəzindədir. Məsələn, bu gün də Moskva, Kiyev, Paris, Pekin kimi şəhərlərdə Dəmiryolu Vağzalları şəhərin mərkəzində yerləşir. Düşünürəm ki, Bakıda da köçürülmə aparılsa belə, dəmir yolları təmamilə sökülməməlidir. Damiryolu Vağzalının binasına isə ümumiyyətlə toxunmaq olmaz. Bu bina tarixi memarlıq abidəsi kimi yerində qalmalıdır. Vağzal binası bizim tarixi abidəmizdir və o, abidə olaraq da saxlanılmalıdır».

Əməkdar memarın sözlərinə görə, paytaxtda səs-küyün azaldıliması üçün başqa yollar da var: «Böyük şəhərlərdə bu məsələ mütləq nəzərə alınmalıdır. Şəhər planlaşdırılmasında magistral yolların salınmasında, yaşayış zonasında məsafələr qurulmalıdır. Küçələrdə yaşıl  zolaqllar, yaşıllıqlar olmalıdır. Biz isə əksinə, yaşıllıqları sökürük. Binalar akustika nəzərə alınaraq tikilməlidir. Binalar tikilərkən akustikaya uyğunlaşdırılmalı və müdafiə xətləri nəzərə alınmalıdır. Bizdə əsas ictimai nəqliyyatdan, yəni avtobuslardan istifadə üstünlük təşkil edir. Vaxtilə isə tramvaylar, trolleybuslar fəaliyyət göstərirdi. Parisin mərkəzində tramvay işləyir. Bakıda isə trolleybusları, tramvayları yığışdırdılar. Bunlar səssiz işləyən nəqliyyat növləri idi».

Tramvay xətlərinin sökülməsindən illər sonra yenidən bu xətlərin bərpasının müzakirə edilməsi və analoji aqibətin dəmiryolu ilə bağlı yaşanmayacağına gəldikdə isə F.Quliyev bunu istisna etmir: «Əgər bu gün ekologiyanın korlanmasından, tıxaclardan, piyadaların təhlükəsizliyindən geniş bəhs olunursa, onda tramvay ən faydalı nəqliyyat növüdür. Hazırda dünyanın bütün inkişaf etmiş ölkələrinin paytaxtlarında ictimai nəqliyyat vasitələrinin ən çox işlənən növləri trolleybus, tramvay və metrodur.  Bu gün də Parisin, Tallin mərkəzində, o cümlədən dünyanın digər məşhur paytaxt şəhərlərində tramvay xətləri mövcuddur. Bu səbəbdən Bakıda tramvay və trolleybus xətlərinin ləğv edilməsi düzgün deyildi. Halbuki, şəhərin «Baş Plan»ında onun inkişafı, hətta gələcək tramvay və trolleybus xətlərinin hansı istiqamətə uzanması və tikiləcək parklarla bağlı məsələlər əksini tapıbdı. Amma kimlərinsə, maraqlarına  cavab vermədiyi üçün bu nəqliyyat növləri ləğv edildi. Şəhərin mərkəzində dəmiryolu xətlərinin sökülməsi zamanı bu amillər də nəzərə alınmalıdır. Məlumat üçün deyim ki, bu gün Pekinində dəmir olu vağzalı köçürülmür, yenidən qurulur. Bakıda Dəmiryolu Vağzalının köçürülməsi reallaşsa belə, bu xeyli vaxt aparacaq». Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh