Bakı Nəqliyyat Agentliyindən tıxaca qarşı mükəmməl addım - FOTOLAR
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü 30 aprel 2016-cı il tarixində “Koroğlu” metro stansiyası ətrafında və Heydər Əliyev prosektinin girişində nəqliyyat sıxlığının aradan qaldırılması, sərnişinlərin rahat şəkildə avtobuslara minib-düşməsi, və gələcəkdə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və ya azaldılması, taksi, avtobus və digər nəqliyyat növlərinin biri-birinin hərəkətinə mane olmadan hər biri üçün nəzərdə tutulan müvafiq yerlərdə saxlanmasının təşkili məqsədilə pilot layihə qismində yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb. Avtosfer.az-ın məlumatına görə, layihənin əsas məqsədi həm də yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsindən sərnişinlərin istifadə etməsinin qarşısını almaq, dünyanın qabaqcıl ölkələrində mövcud nümunə əsasında nəqliyyat qovşaqlarında sərnişinlərin təhlükəsizliyi və nəqliyyat vasitələrinin hərəkətinə mane olmaması baımından onlar üçün nəzərdə tutulan səkilərdən istifadəni təmin etməkdir. Pilot layihə ilkin şəkildə cəmiyyətda piyada və sürücü mədəniyyətinin və standart davranış qaydalarının formalaşdırılmasına hesablanıb.
Qeyd edək ki, «Koroğlu» metrostansiyası ətrafında avtobusların qoşa xətti keçərək Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə gedən yolötürücüsünün üzərindən hərəkət etmələri həmin istiqamətdə nəqliyyatın hərəkətində səhər və axşam pik saatlarda uzun sürən tıxacla müşayət olunurdu. Yeni istifadəyə verilən Nəqliyyatın Mübadilə Mərkəzi həmin problemin əsaslı şəkildə həllinə də gətirib çıxarmış oldu.
Həmçinin Qara Qarayev prospekti istiqmətində yaranan sıxlığı arada qaldırmaq məqsədilə 30 aprel tarixindən etibarən 160, 171, 172, 189 və 136 saylı marşrut xətlərinin son dayanacağı “Qara Qarayev” metro stansiyasının önü deyil, məhz “Koroğlu” metro stansiyası ətrafında yeni yaradılan Nəqliyyatın Mübadilə Mərkəzi müəyyən edilib.
Nəqliyyatın Mübadilə Mərkəzində “BakuBus”-a məxsus 1 saylı marşrut xəttinin son dayanacağının olmasını nəzərə alaraq sərnişinlər üçün daha bir yenilik edilib. Artıq sərnişinlər NMM-in 1 saylı marşrut xətti üçün nəzərdə tutulan dayanacağı önündə yerləşdirilən turniketlər vasitəsilə ödəməni edib, avtobusun salonuna rahat şəkildə, sıxlıq yaratmadan daxil ola biləcəklər. Kartında müvafiq məbləğ olmayan hər bir sərnişin elə turniketin yaninda quraşdırılan Bakı Kart və MilliÖn ödəmə terminalları vasitəsilə ödəmələrini aparacaqlar.
Onu da əlavə etmək istərdik ki, yüksək keyfiyyətli tələblərə və müasir standartlara cavab verən yeni nəqliyyat mübadilə mərkəzind 23 marşrutun istifadəsi nəzərdə tutulub.
Bakı Nəqliyyat Agentliyi bildirir ki, Bakı şəhərində sərnişindaşıma sahəsində ictimai nəqliyyatın optimallaşdırılması məqsədilə bu cür innovativ tədbirlər müntəzəm olaraq həyata keçiriləcək.
Elməddin