Bayram günləri metrolar səhər saat 6:00-da açılmayacaq – RƏSMİ AÇIQLAMA - VİDEO

Yeniliklər 6 Noyabr 2024 19:30 Oxunub 468
Bayram günləri metrolar səhər saat 6:00-da açılmayacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə brifinqi baş tutub. Brifinqdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində metronun fəaliyyətinə dair açıqlamalar verilib.

Avtosfer.az xəbər verir ki, "Koroğlu" stansiyasında metropoliten üzrə qərargahda bu gün keçirilən brifinq zamanı bayram günləri və COP29 beynəlxalq konfransı dövründə metrostansiyaların iş rejimi və qatarların fəaliyyət qrafiki barədə mətbuata məlumat verilib.

Belə ki, sərnişinlərin COP29 məkanlarına, eləcə də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər.

COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq. Bununla yanaşı, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, Bakı metropolitenində qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Qeyd edək ki, bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir.

“Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib.

"Bakmil" stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək.

COP29-un keçiriləcəyi digər günlər ərzində Bakı metropolitenində qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək.

Noyabrın 8-9-u ölkəmizdə Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. Noyabrın10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır saxlanılacaq.

Bu 3 gün ərzində “Bakmil” stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh