Ekspertlər rayon maşınlarına tətbiq olunacaq qadağadan danışdılar
Rayondan gələn maşınların paytaxta girişinə qadağa qoyula bilər. Səbəb isə yarana biləcək tıxacların qarşısının alınmasıdır. Digər bir səbəb isə rayondan Bakıya gələn maşınların bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də onların paytaxtda qəza törətmələri göstərilir. Nəqliyyat Nazirliyinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib ki, yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq: “Sürücü avtomobilini dayanacağa təhvil verərək ona lazım olan ünvana ictimai nəqliyyat və ya taksi ilə gedəcək. Bu da ilk növbədə Bakıda tıxacların azalmasına gətirib çıxaracaq”.
Bu məsələyə münasibət bildirən müstəqil ekspert Ərşad Hüseynov “Üç nöqtə”yə açıqlamasında dedi ki, rayon maşınlarının paytaxta girməsinə qadağa məcburi qaydada ola bilməz: “Əslində, bu, yeni korrupsiya halları, belə demək mümkünsə, baş ağrısı yaradacaq. Bu yeniliyin hansı meyarlarla aparılacağı sual doğurur. Əgər nömrə prinsipi ilə götürüləcəksə, bu məsələ kifayət qədər qarşıqdır. Çünki rayonda olan avtomobillərin 50 faizində Bakı nömrəsi var. Əgər məsələyə qeydiyat yeri ilə yanaşılsa, yenə problem ortaya çıxacaq. Çünki bəzi sürücülər var ki, rayonda maşın alıb, lakin Bakıya gəlib işləyir və burada yaşayır. Ona görə də bu prosesi məcburi qaydada yerinə yetirmək şansı sıfıra yaxındır”.
Ekspertin fikrincə, bu yeniliyi tətbiq etmək üçün maraqlı ideya var: “Böyük şəhərlərdə nəqliyat qovşağı olan yerlərdə - məsələn, Bakıda «20 Yanvar» və ya “Koroğlu” metrostansiyası yaxınlığında nəhəng, başqa sözlə, 10-20 min avtomobil tutumu olan avtodayanacaqlar tikmək olar. Bu dayanacaqlarda ümumi qiymət tətbiq edilməlidir. Daha indiki kimi, saatı 1 manata yox, məsələn, səhər saat 8-dən axşam 6-ya qədər cəmi 50 qəpik saxlanma xərci müəyyənləşdirilir. Vətəndaşa da başa salınır ki, gözəl nəqliyat infrasturukturu var, şəhərin içərisində avtoparklar bahadır. Rayondan gələn vətəndaş üçün də bu, sərfəli olacaq, öz avtomobilini ucuz qiymətə hər hansı təhlükədən sığortalanmaqla saxlayacaq, özü ictimai nəqliyyatla şəhərə daxil olub, bütün işlərini görə biləcək. Söhbət bundan gedir».
Ə.Hüseynov bu halda Nəqliyat Nazirliyi rəsmisinin ideyasının həyata keçməsini mümkün hesab edir: “Şəhər kənarlarında o qədər böyük boş sahələr var, sadəcə bu işi görmək lazımdır. Normal qiymət qoyub, camaatı soymaq lazım deyil. Əgər dediyimiz kimi olsa, hər gün 10 min avtomobilin şəhərə daxil olmasının qarşısı alınar və tıxac azalar”.
İqtisadçı ekspert Əli Əlirzayev isə bildirdi ki, hər bir yenilik özü ilə əlavə problem gətirməməklə, mövcud problemin aradan qaldırılmasına xidmət edərsə məqsədəuyğundur: “İndi tıxac probleminin həllinə görə bunu müsbət qarşılamaq olar, ancaq bir sıra problemlər yaradacağı da istisna edilmir. Ən əsas problemlərdən biri rayondan gələnlərin maşınlarını paytaxta gələn zaman park edərək ictimai nəqliyyat vasitələrinə əlavə pul xərcləmələridir. Digər tərəfdən, avtoparklarda elə qiymətlər qoyulub ki, onlara yaxın düşmək olmur. Belə olan halda yeni narazılıqlar yaranacaq. Əvvəl bunları yoluna qoymaq lazımdır”.