Banner

İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verildi

Yeniliklər 21 Yanvar 2026 14:18
İcbari Sığorta Bürosunun yenilənmiş internet səhifəsi istifadəyə verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"İcbari Sığorta Bürosu” (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib.

Avtosfer.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq İSB-nin internet səhifəsi - www.isb.az  təkmilləşdirilmiş formada və yeni dizaynda istifadəyə verilib.  

Saytın yenilənməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.  

Yenilənmiş veb səhifə müasir dizayn və təkmilləşdirilmiş struktur əsasında hazırlanıb, istifadəni asanlaşdıran yeni texniki imkanlarla zənginləşdirilib. Saytda naviqasiya sistemi daha sadə formaya salınıb, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. 

Yeni versiyada vətəndaşlar, sığorta şirkətləri və digər maraqlı tərəflər üçün vacib məlumatlar sistemləşdirilib, icbari sığorta növləri, sığorta hadisələri zamanı atılacaq addımlar və prosedur qaydaları, tpl.az platforması, Yaşıl Kart sistemi barədə məlumatlar təqdim olunur. Saytda sığorta növləri üzrə statistik məlumatlar da yerləşdirilib və mütəmadi olaraq yenilənir.

İSB-nin informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib, funksionallığı daha da artırılıb. Saytda 4 yeni elektron xidmət istifadəyə verilib. İstifadəçilər bonus-malus əmsalı, sığorta tarixçəsi, radar cərimələri, sığorta hadisəsi üzrə müstəqil ekspertin təyin olunması və digər məsələlərlə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər. 

Sığorta müqavilələrinin yoxlanılması üçün istifadə olunan yoxla.isb.az, services.isb.az və  greencard.isb.az  linkləri yeni saytın strukturuna uyğunlaşdırılıb. Artıq bu linklər vasitəsilə istifadəçilər sığorta müqavilələrinin statusunu yenilənmiş interfeys üzərindən rahat şəkildə yoxlaya bilirlər.

Əlilliyi olan şəxslərin internet informasiya resursundan istifadəsini təmin etmək məqsədilə sayta “Müyəssərlik menyüsü” da əlavə edilib. Menyü vasitəsilə şrift ölçüsünün tənzimlənməsi, kontrast rejimlərinin tətbiqi, məzmunun böyüdülməsi, klaviatura ilə naviqasiya və animasiyalı elementlərin deaktiv edilməsi mümkündür.

İSB-nin fəaliyyəti, sığorta sektorunda baş verən yeniliklər və nailiyyətlər, qanunvericilikdə dəyişikliklər, maarifləndirici tədbirlər, tez-tez verilən suallar  və digər aktual məlumatlar sayt vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırılır.

Oxunub 174
ŞƏRH YAZ
Ad

E-mail

Şərh