İçərişəhərə yalnız bu nəqliyyat vasitələri buraxılacaq - VİDEO

Yeniliklər 28 Oktyabr 2024 19:57 Oxunub 1512
İçərişəhərə yalnız bu nəqliyyat vasitələri buraxılacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan noyabr ayının 11-dən etibarən beynəlxalq konfransa ev sahibliyi edəcək. Məhz bu beynəlxalq konfransla – COP29 tədbiri ilə əlaqədar ölkə ərazisində, xüsusən də paytaxtın nəqliyyat sistemində bir sıra yeniliklər tətbiq edilir.

Avtosfer.az xəbər verir ki, Bakının Səbail rayonu ərazisinin nəqliyyat sistemində tətbiq edilən növbəti yenilik İstiqlaliyyat küçəsi ilə bağlı olub. Həftənin şənbə günündən etibarən İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən üzü Qoşa Qala qapılarına qədər olan hissə nəqliyyata qismən qapadıldı. Bazar günü isə artıq ərazi tamamilə boşaldıldı.

Beləliklə, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi də avtomobillərin hərəkəti üçün bağlandı və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə giriş qadağan edildi.

Qoruğun ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Qeyd edilən nəqliyyat vasitələri üçün İçərişəhərin ərazisinə giriş yalnız Neftçilər prospektilə Vəli Məmmədov küçəsinin kəsişməsindəki buraxılış məntəqəsindən olacaq.

Əməkdaşımız girişi məhdudlaşdırılan küçə və Qoşa Qala qapısının qarşısından çəkiliş edib. O bildirib ki, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindəki hissəyə turistləri daşıyan avtobuslar istisna olmaq şərtilə, bütün nəqliyyat vasitələrinin girişini qadağan edən nişan qoyulub. Burada “turistləri daşıyan avtobuslar” dedikdə, həm yerli, həm də xarici turislər nəzərdə tutulur. Bilməyənlər üçün qeyd edək ki, məktəbliləri qoruqda ekskursiyaya daşıyan avtobuslar da bu siyahıya daxildir. Qoşa Qala qapsının girişində “giriş yoxdu” yazlılı elektron lövhə quraşdırılıb və Əziz Əliyev küçəsində “STOP” nişanları yerləşdirilib. Qeyd edilən ərazilərdə artıq yol polisi və post-patrul xidmətinin əməkdaşları sürücüləri maarifləndirmək üçün tədbirlər həyata keçirir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verdiyi məlumata əsasən, Qoşa Qala qapısından olan girişdən qoruğun ərazisinə bütün növ nəqliyyat vasitəsinin girişinə məhdudiyyət tətbiq ediləcək. Turist avtobusları üçün isə qala qapılarının qarşısındakı meydançada dayanma-durma üçün şərait yaradılacaq.

İstiqlaliyyət küçəsindəki bu məhdudlaşdırıcı addımlar Azərbaycan prospektindəki yükü müəyyən qədər artıracaq. 4 geniş hərəkət zolağından ibarət olan prospekt olmasına baxmayaraq Əziz Əliyev küçəsindən Neftçilər prospektinə çıxış əldə edə bilməyən avtomobillər ərazidə qismən də olsa tıxaclar yaradacağı gözlənilir.

Məsələ ilə əlaqədar saytımıza müsahibəsində nəqliyyat eksperti Eldəniz Cəfərli bildirib ki, prospektdə hərəkəti tənzimləmək üçün müəyyən tədbir görülməsi mütləqdir:

“Ərazidə sıxlığımn olmaması üçün polis əməkdaşları bir müddət, ən azı bir həftə nəqliyyatın hərəkətini tənzimləməlidir. Yolların nişanlanması və xətlənməsi işləri tam dəqiq şəkildə həyata keçirilməlidir ki, sürücülər yenə də səhvlərə yol verməsinlər. Əgər lazımdırsa, həmin prospektdə əlavə işıqforlar quraşdırıla bilər.”

Elməddin Cəfərli sonda onu da vurğulayıb ki, Səbail rayonunun məhz bu hissəsi son 40 ildə piyadaların hərəkəti üçün daha rahat vəziyyətə gətirilir və Azərbaycan prospektində də üstünlük əsasən piyadalara veriləcək.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh