İctimai nəqliyyatda güzəştlərdən sui-istifadə edənlər ola bilər – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Yeniliklər 4 İyul 2024 17:31 Oxunub 734
İctimai nəqliyyatda güzəştlərdən sui-istifadə edənlər ola bilər – EKSPERTDƏN AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əksər inkişaf etmiş ölkələrdə, həmçinin qonşu ölkələrin bəzilərində sərnişinlərin təsnifatlaşdırılması işləri aparılıb. Məsələn, Türkiyədə şagird və tələbələrə, yaşlı təqaüdçülərə ictimai nəqliyyatın bütün növlərində böyük həcmli güzəştlər var. Kipr müharibəsi iştirakçıları, qazilər ictimai nəqliyyatda gedişhaqqından azaddırlar. Eyni hal Gürcüstan və Rusiyada da mövcuddur. Hətta Rusiyada müəyyən bayramlarda bütün əhaliyə ictimai nəqliyyatdan istifadə pulsuz olur.

Avtosfer.az xəbər verir ki, iyulun 1-dən etibarən ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qaldırılması ölkəmizdə də bu məsələni əsas gündəm mövzusuna çevirib.

Məsələ ilə bağlı saytımıza açıqlamasında deputat İltizam Yusifov bildirib ki, Azərbaycanda bu problemin həlli əslində olduqca asandır.

“Müntəzəm sərnişindaşıma fəaliyyəti xüsusi yanaşma tələb edən və çətin idarə ediləbilən istiqamətdir. Bu sahədə tənzimləmələr həyata keçirmək xeyli xərc tələb etsə belə, şəhər mühitinin təkmilləşdirilməsi və tıxac probleminin aradan qaldırılmasım üçün bu məsələ olduqca vacibdir. Şəhər nəqliyyatının idarə edilməsinin asanlaşdırılması üçün beynəlxalq praktikanın öyrənilməsi və tətbiqi mütləqdir. Bu istiqamətdə ilkin atılmalı olan addım ictimai nəqliyyat növlərinin sayını artırmaqdır. Ölkə əhalisinin sayı artdıqca iri şəhərlərdə müxtəlif növ ictimai nəqliyyat vasitələri əhaliyə təqdim edilməlidir”.

Deputat onu da vurğulayıb ki, Milli Məclisdə ictimai nəqliyyat mövzularının müzakirəsi zamanı bu məsələyə də vaxtaşırı toxunulub.

“Bu məsələnin həllində qurumlarla yanaşı fərdi sahibkarlar da maraqlı olmalıdır. Yerli bələdiyyələr, aidiyyəti dövlət qurumu, yaxud nəzarətçi agentlik və xidmətlər fərdi sahibkarları bu istiqamətdə təşviq etməlidir. Məslən, Türkiyə və Rusiyada bu işlərin başlanğıcını yerli bələdiyyələr təmin edir. Daşıyıcı fəaliyyəti göstərmək istəyən sahibkarlara avtobusların alınmasında, gömrük və logistik xərclərin qarşılanmasında ya güzəştlər verilir, ya da hansısa istiqamətdə vergidən azad edilir. Bu da sahibkarın öz fəaliyyətini təkcə iri şəhərlərdə yox, digər şəhərlərdə də genişləndirməsinə kömək edir”.

İltizam Yusifov onu da qeyd edib ki, yaxın gələcəkdə aidiyyəti qurumların bu istiqamətdə addımlar atması da gözləniləndir.

Mövzu ilə ələqədar Avtosfer.az saytına açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu məsələyə həm nazirlik, həm də digər aidiyyəti qurumların münasibəti olduqca müsbətdir.

“Bu istiqamətdə bir çox problemlər var ki, onlar öz həllini tapmalıdır. Bunların əsasında ictimai nəqliyyatda texnoloji yeniliklərin tətbiq edilməsi dayanır. Bütün avtobuslar kart sisteminə keçməyib. Paytaxtda istifadəyə verilən 2000 avtobusun 400-də hansısa varidator sisteminin quraşdırılması ümumiyyətlə mümkün deyil. Əgər həmina vtobuslara əlavə vasitələrlə varidator sistemi quraşdırsalar, avtobusa minib-düşmək mümkün olmayacaq. Ümumilikdə kart sisteminə keçid təxminən 70%-i əhatə edir”.

Elməddin Muradlı vurğulayıb ki, bu problemlər həll edildikdən sonra müəyyən kateqoriyadan olan vətəndaşlar üçün çox aşağı qiymətlərlə aylıq və illik kartlar verilə bilər.

“Belə məqamlarda sui-istifadə halları da ola bilər. Elə şəxslər var ki, pensiyaçıdır. Evdən çıxmır, yaxud ictimai nəqliyyatdan istifadə etmir. Belə vətəndaşlar öz kartını yaxın bildiyi şəxsə istifadə etməsi üçün ötürə bilər. Yaxud da ki, məsələn 50 manata aldığı karta kimsə 70 manat təklif etsə, sata bilər. Mən əminəm ki, qazilərimiz öz şəxsiyyətini, mənəviyyatını satmadan belə akrtları sırf özü üçün istifadə edəcək. Amma müəyyən qədər bu cür sui-istifadə hallarının olacağı da istisna edilmir. Bütün bu məsələlər öz həllini taparsa, cəmiyyətin bu mövzuda maarifləndirilməsi də həyata keçirilsə, niyə də Azərbaycanda da bu istiqamətdə güzəştlər olmasın”.

Ekspertlər bildirir ki, bu problemin həlli üçün ölkədə ictimai nəqliyyat sahəsində geniş təkmilləşdirmə işlərinə ehtiyac var. Avtobuslar yenilənməli, əlavə ictimai nəqliyyat vasitələri əhalinin xidmətinə verilməli, metro xətti genişləndirilməlidir. Ölkədə müəyyən kateqoriyadan olan vətəndaşlara güzəşt edilməsinə gəlincə, Azərbaycan iqtisadi resurslar baxımından bunun öhdəsindən gələ bilər.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh