Banner

Masallıda hər şey “ASAN”laşdı

Yeniliklər 30 Sentyabr 2016 16:28 Oxunub 1462
Masallıda hər şey “ASAN”laşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sadaladığımız bütün bu imkanlar artıq “ASAN Həyat” konsepsiyası adı altında Masallı sakinlərinə təqdim olunur

Səhər şəxsi təsərrüfatı üçün məsləhət alan sakin, günorta məktəblilərin yarışlarında iştirak edə, axşam da zövqünə görə konsert və ya film izləyib evinə gedə bilər. Sadaladığımız bütün bu imkanlar artıq “ASAN Həyat” konsepsiyası adı altında Masallı sakinlərinə təqdim olunur.

 

Bəs “ASAN Həyat” konsepsiyası nədir?

 

Operativ və gülərüz xidməti ilə seçilən “ASAN xidmət” mərkəzi Masallıda yeni bir ənənənin əsasını qoyub. Belə ki, şəhər sakinləri üçün mərkəzlə yanaşı ictimai iaşə obyektlərinin istifadəyə verilib. Kompleksin həyətyanı sahəsi xüsusi dizaynla işlənilib və parka bənzədiyi üçün vətəndaşlar burada gəzişə və dincələ bilərlər.

“ASAN xidmət” mərkəzinin binasının tikintisinə 2015-ci ilin may ayında başlanılıb və bu ilin avqust ayında başa çatdırılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalarından ibarətdir. Bunlara kinoteatr, incəsənət mərkəzi, intellektual mərkəz, kafe, brend dükan və ən əsası “ABAD” mərkəz daxildir.

Yeni istifadəyə verilən “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Mərkəzdə Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinə xidmət göstəriləcək. Hazırda 170 əməkdaş və 80 könüllü fəaliyyət göstərir. Söhbətləşdiyimiz zaman məlum oldu ki, əməkdaşlar arasında Bakı və Sumqayıt şəhərlərindən gələnlər də var. Elə Şəbnəm Hacıyeva da həmin əməkdaşlardandır. Onun sözlərinə görə, rayon sakinləri bir qədər səbirsiz olduğu üçün ilk günlər bir qədər çətin olub:

“Artıq 10 gündür ki, fəaliyyət göstəririk. İlk günlər bəzi çətinliklər oldu. Çünki neçə müddətdir ki, sakinlər mərkəzin açılmasını gözləyirdi və hamı öz işinin ilk həll olunmasını istəyirdi. Artıq yavaş-yavaş hər şey qaydasına düşür. Növbəlilik prinsipinə əməl etməyə çalışırlar, dioloqlarımızda nəzaktə xüsusi diqqət edirik və qarşı tərəfdən də bunu görürük. Məncə, zamanla hər şey daha yaxşı olacaq”.

Yaşının 80-ni adladığını deyən Xaraməd Babayev də mərkəzin ilk istifadəçilərindəndir. Sənəd üçün buraya gəldiyini deyən rayon sakini xidmətlərdən son dərəcə razıdır.

ASAN mərkəzdən sonra istirahət və əyləncə üçün nəzərdə tutulmuş iaşə obyektlərinə nəzər salırıq. Hazırda cənub bölgəsində hər hansı bir kinoteatrın fəaliyyət göstərmədiyini nəzərə alsaq, bu yenilik sakinlər, xüsusilə də gənclər tərəfindən yüksək qiymətləndirilir. Kompleksdə adi və 3D olmaqla 2 kinozal fəaliyyət göstərir. İzləyicilər axşam saatlarında daha çox olsa da, kinoteatrda günboyu seanslar verilir. Nümayiş olunan filmlər həm rus, həm də Azərbaycan dilində olmaqla yanaşı xarici və yerli kateqariyasına görə də müxtəlifdir. Bilet qiymətləri isə paytaxta nisbətən daha münasibdir. Belə ki, adi filmlər 3 manat, 3D filmlər isə 4 manat.

Konsepsiya hazırlanan zaman rayon gənclərinin inkişafı xüsusi nəzərə alınaraq onların təhsil və dünyagörüşünə dəstək üçün “ASAN İntellektual” gənclər mərkəzi yaradılıb. Mərkəzdə cənub bölgəsində bütün növ intellektual oyunların keçirilməsi üçün imkanlar yaradılıb. Hətta ötən həftə kəndlər arasında intellektual yarışlar da təşkil olunub.

Konsepsiya daxilində ilk dəfə “ASAN xidmət” brendli geyimlər, aksessuarlar, suvenirlər və s. kimi məhsulların satışı da təşkil olunub. Daha çox idman üslubunda olan geyimlər yerli və Türkiyə istehsalıdır. Qiymətlər də xeyli münasibdir: 12-15 manatdan başlayır.

 

“ABAD” (Ailə Biznesinə ASAN Dəstək) Mərkəzi

 

Regionların sosial-iqtisadi inkişafına dəstəyi qarşısına əsas məqsəd qoyan mərkəz ailə bizneslərinin formalaşdırılması, məhsulların istehsalı, brendləşdirilməsi və istehsalçıya təqdim olunması baxımından mühüm rol oynayacaq. Kənd təsərrüfatı, əl işi və sənətkarlıq sahələrinə müasir texnologiyaları tətbiq etməklə yeni ailə brendləri formalaşmalaşacaq. Hazırda təqdim olunan “Murad dayının bostanı” məhsulları da buna misaldır. 

Bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun olaraq ailələr seçilir. Seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir və onlar müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunurlar.

Prezident İlham Əliyev Mərkəzlə tanış olduqdan sonra “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. İlkin mərhələdə pilot kimi sosial layihələrin həyata keçirilməsi 1 milyon manat ayırıb. Pilot layihə uğurlu olacağı təqdirdə investorlar cəlb ediləcək. Əldə olunan gəlir investor, ailə və mərkəz arasında uyğun olaraq bölünəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh