Məktəbli avtobuslarına ehtiyac artır

Yeniliklər 5 Fevral 2015 16:12 Oxunub 1670
Məktəbli avtobuslarına ehtiyac artır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Belə avtobuslar olarsa, məktəblərin qarşısındakı keçilməz tıxacları görmərik»

Paytaxtda saatlarla davam edən tıxacların narahatlıq yaratdığı dəfələrlə vurğulanıb. Xüsusən şəhərin mərkəzi hissəsində günün müəyyən vaxtlarında hərəkət mümkünsüz olur. Belə tıxaclar isə daha çox təhsil müəssisələrinin qarşısında yaranır. Uşaqların dərsdən çıxan və dərsə gedən vaxtlarında uşaqlarını məktəbə gətirən və məktəbdən götürən valideynlər  avtomobillərini məktəbin qarşısında heç bir qayda-qanun gözləmədən saxlayırlar. Bu zaman digər hərəkət iştirakçılarını nəzərə almayan sürücülər yolun böyük bir hissəsini bağlayırlar. Onların əksəriyyətinin uşaqlarını məktəb qapısının qarşısından götürmək istəyi isə vəziyyəti daha da ağırlaşdırır. Amma bir çox ölkələrdə bunun sadə yolu tapılıb. Uzaq məsafədən məktəbə gedib-gələn şagirdlərin rahatlığı üçün məktəbli avtobuslarından istifadə edilir. Hətta Hindistan, Banqladeş, Kolumbiya, Estoniya kimi inkişaf etməkdə olan dövlətlər artıq çoxdan bu praktikadan istifadə edirlər. Məktəbli nəqliyyatının tarixinə gəldikdə isə "Ford" konsernində çalışan A.L.Lusi ilk dəfə belə bir ideya irəli sürüb ki, nə üçün zavodlar uşaqları məktəbə aparıb gətirən xüsusi təyinatlı avtobuslar ("school bus") istehsal etməsinlər. Beləliklə, 1927-ci ildə ilk dəfə uşaqların daşınması üçün xüsusi nəqliyyat növü meydana gəlir. Hazırda bu cür "school bus"lar ABŞ-da, Kanadada, Böyük Britaniyada, Fransada, Almaniyada, Yaponiyada və Avstraliyada geniş yayılıb. Rusiyada 1999-cu ildən etibarən "məktəb avtobusları" istifadədir. Xüsusi təyinatlı belə nəqliyyatlar təhlükəsizlik baxımından da olduqca əlverişlidir. Təhlükəsizlik kəmərləri, aşağı sürət, xüsusi xəbərdarlıq siqnalları ilə təchiz olunma bu cür avtobuslar nəqliyyatın ən sürətli hərəkəti müşahidə olunan yollarda da üstünlüklər yaradır. Məsələn, bir çox ölkələrin müvafiq qanunvericiliyində göstərilir ki, məktəb avtobuslarına yaxınlaşanda və ya yanından keçəndə sürət həddi mütləq aşağı salınmalıdır. Məhz buna görə də məktəbli avtobusları ən az qəzaya uğrayan nəqliyyat hesab edilir. Həmin avtobuslar həm də uşaqların mənzil başına təhlükəsiz çatmasını təmin etməklə yanaşı, həm də uşaqlar arasında ayrı-seçkiliyi aradan qaldırır. Həm də məktəbin xüsusi nəqliyyatının mövcud olmasının təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillər sırasında əsas yerlərdən birini tutur. Belə ki, məktəb həyatı uşağa təsir edən ən mühüm sosiallaşdırma institutlarından biridir. Bu təsir ailənin, məktəbdənkənar mühitin və digər sosial mühitlərin təsiri ilə tamamlanır.  Düzdür hazırda paytaxt məktəblərinin bir neçəsində, xüsusilə də özəl məktəblərdə məktəbli avtobusları var. Amma bu təcrübə geniş yayılmayıb. Halbuki məktəbli avtobuslarını həm məktəb, həm də bələdiyyələrin imkanları hesabına təşkil etmək məqsədəuyğun olardı. Çünki bu cür tətbiqolunmalar təhsil sahəsində kompleks islahatlar həyata keçirilərkən sosial sifarişin bir hissəsi hesab edilir.

Ekspert Ərşad Hüseynov da deyir ki, məktəbli avtobuslarının istifadəyə verilməsi hər şeydən əvvəl valideynlərin vaxtına və puluna qənaət etmək deməkdir: «Əgər məktəbli avtobusları olarsa, məktəblərin qarşısındakı keçilməz tıxacları görmərik. Təmayüllü və xüsusi təyinatlı məktəblərdə nəqliyyatın uşaqları məktəbə aparılmasını ehtiyac ola bilər. Amma burada da xüsusi təyinatlı avtobuslardan istifadə olunmalıdır. Məktəbli avtobusların nəqliyyatın intiensiv hərəkəti üçün önəmlidir, Həm də uşaqların təhlukəsizliyi baxımından faydaıdır. Bu bütün dünyada qəbul olunub». 

Psixoloqlar D.Rzayev isə deyir ki, məktəbli avtobuslarından istifadə uşaqların həm də gələcəyi üçün önəmlidir: «Belə ki, uzun yol qət etmək məcburiyyəti səbəbindən fiziki yorğunluq, dərslərdəki zehni gərginlik mövzuların istənilən səviyyədə mənimsənilməməsinə gətirib çıxarır. Məktəbli avtobuslarından istifadə fiziki yorğunluğun aradan qaldırılmasında rol oynayır. Həmçinin, bu kiçik yaşlardan etibarən uşaqlarda ünsiyyətin formalaşmasına kömək edir, kollektiv əhvali-ruhiyyənin yaranmasına və davamlı olmasına güclü təsir göstərir. Bu təşəbbüsün həyata keçirilməsi təkcə tədrisin keyfiyyətinin yüksəlməsinə deyil, həm də şagirdlərin dərsə davamiyyətinə, dünyagörüşünə, psixologiyasına və kollektiv şəraitində mehriban ünsiyyət qurmasına kömək edə bilər».

 

Xalid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh