Mobil telefon ucbatından bilirsiniz nə qədər qəza baş verir...

Yeniliklər 30 Yanvar 2015 18:01 Oxunub 1951
Mobil telefon ucbatından bilirsiniz nə qədər qəza baş verir...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bahar Qafarova: «Maşın sürən insanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir»

 

 

«Sürücü yol hərəkəti zamanı mobil telefonla danışırsa, deməli, avtomobili yarıkor vəziyyətdə sürür»

 

Azərbaycanda avtomobil qəzalarının bir hissəsi sürücülərin sükan arxasında telefonla danışması və mesaj yazması üzündən baş verir. Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, bu halda ani diqqətsizlik avtomobil qəzasına səbəb olur. Hər 10 qəzadan 1-i mobil telefona görə baş verir. Artıq bu bir faktdır ki, avtomobil idarə edərkən mobil telefonla zəng etmək, gələn zəngi cavablandırmaq, nömrə yığmaq kimi davranışlar sürücünün diqqətinin dağılmasına səbəb olur ki, bu da qəzaya yol açır. Mobil telefondan istifadə etməklə sürücülər daha çox xətalar edir, bəzi təhlükəli vəziyyətlərin heç fərqinə varmır, ya da qabaqlayıcı tədbir görməkdə gecikmiş olur. Aparılan bir araşdırmaya görə, bu gecikmə ətraf şərtlərə, avtomobilin o andakı sürətinə və sürücünün yaşına bağlı olaraq 6 saniyədən 9 saniyəyə qədər arta bilir. Saatda 60 km sürətlə gedən bir avtomobilin sürücüsünün əyləcə basmasının bu qədər gecikməsi durma məsafəsinin 15 metr daha artması deməkdir.

«Rəvan sığorta» şirkətinin məlumatına görə, ötən il 1200-ə yaxın avtomobil qəzası baş verib. Bunlardan 120-ə yaxını telefonla danışma, sms yazma və digər hallarla bağlıdır. Şirkətdən bildirilir ki, sürücülər telefondan istifadə edəndə adətən ara məsafəsi saxlamamaq, manevr qaydalarının pozulması, idarəetmənin itirilməsi kimi hallara yol verir, bu da son nəticədə qəzaya səbəb olur.

Avtomobil idarə edərkən mobil telefonla danışmaq artıq bir çox ölkədə, o cümlədən, Rusiya, Türkiyə, İngiltərə, Almaniya, Hollandiyada qadağan edilib. Alimlərin araşdırmalarına görə, mobil telefonla danışaraq avtomobil idarə etməyin risqi elə içkili vəziyyətdə sükan arxasında əyləşməyə bərabərdir. Eyni zamanda, qəzalara səbəb kimi mobil telefonla danışan anda sürücünün görmə qabiliyyətinin zəifləməsi göstərilir.

Qeyd edək ki, ölkəmizdə də bu istiqamətdə tədbirlər rəsmi olaraq öz həllini tapıb. Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, Milli Məclis tərəfindən qəbul edilən qanuna əsasən, avtomobil idarə edərkən mobil telefondan istifadə edən sürücü 50 manat məbləğində cərimə edilir. Yol-nəqliyyat hadisələrinin bir çoxunun sürücülərin sükan arxasında diqqətsizliyi səbəbindən baş verdiyini deyən bölmə rəisinin sözlərinə görə, qəzalara ən çox səbəb olan amillərdən biri telefon danışıqlarıdır.

Psixoloq Bahar Qafarovanın sözlərinə görə, maşın sürən insanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir: «Maşın idarəçiliyi diqqət tələb edən bir vəziyyətdir. Çünki o həm öz həyatına, həm də başqa maşınlarda olanların və piyadaların həyatına təhlükə yarada bilər. Buna görə də maşın sürərkən diqqəti yayındıran vasitələrdən uzaq olmaq lazımdır. Maşın idarə edən zaman telefonla danışmaq insanın diqqətini yayındıran ən böyük vasitələrdən biridir. Telefonla danışanda insan, istər-istəməz, ona deyilən sözlərə diqqətini yönəldir, bununla da yola olan diqqəti yayınır. Çünki insan psixikası eyni anda iki və daha artıq sahəyə diqqət etməyə çətinlik çəkir».

Psixoloqun fikrincə, bu da sürücünün yola olan diqqətinin telefonla olan danışığa yönəlməsinə səbəb olur: «Sürücü, demək olar ki, yolu yarıkor vəziyyətdə sürməyə başlayır. Üstəgəl, ona verilən xəbər əgər həyəcanlandırıcıdırsa, onda onun qəza törətmək risqi çox yüksək olur.

Çünki həyəcan insanın diqqətini özünə cəmləşdirir və olduğu yeri, vəziyyəti unutdurur. Bu da həm öz həyatına, həm də başqalarının həyatına qəsd deməkdir. Beləliklə, avtomobilə əyləşərkən mobil telefonun zənginə cavab verməmək daha məqsədəuyğundur ki, bununla uzun və sağlam həyata addım atmış olarsınız».

 

 

baki-xeber.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh