Banner

Qəzada 5 mindən artıq olan zərəri kim ödəyəcək? - SIĞORTA İLƏ BAĞLI YENİLİK - VİDEO

Yeniliklər 20 Dekabr 2024 12:00 Oxunub 2632
Qəzada 5 mindən artıq olan zərəri kim ödəyəcək? - SIĞORTA İLƏ BAĞLI YENİLİK  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda avtomobil sahibləri qanunla mülkü məsuliyyətin icbari sığortasını əldə etməlidir. Bu sığorta növü yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxsə dəyən maddi və fiziki zərərləri qarşılamaq məqsədilə tətbiq edilir. Lakin hazırkı qanunvericiliyə görə, sığortanın təmin etdiyi məbləğlər müəyyən hədlə məhdudlaşır. İki ilə yaxındır icbari sığortanın rüsumları artırılsa da, zərərçəkmiş tərəfə ödənilən maksimum məbləğ yenə də 5000 manat olaraq qalır.

Mövzu ilə bağlı sığorta eksperti Pərviz Quliyev Avtosfer.az-a bildirib ki, icbari siğorta məbləği qarşı tərəfə vurulan zərərə görə ödənilir. Bu da əmlaka və fiziki şəxsə dəyən zərərə ayrı-ayrılıqda 5 min manatdan artıq olmamaq şərti ilə, bütövlükdə hadisəyə görə ödəniləcək məbləğ isə maksimum 50 min manat ola bilər:

“Əgər qəza zamanı zərərçəkmiş tərəfin avtomobilinin təmir xərci sığorta məbləğini (məsələn, 5000 AZN) üstələyərsə, zərərçəkmişə dəymiş ziyanın yerdə qalan hissəsi hadisəni törədən avtomobil sahibinin şəxsi vəsaiti hesabına ödənilməlidir. Avtomobil sahibləri öz avtomobillərinə dəyən ziyanı qarşılamaq üçün isə kasko sığorta əldə edə bilərlər. Sürücülər və avtomobil sahibləri sığorta müqavilələrini diqqətlə nəzərdən keçirməli və yalnız qanuni və düzgün təcrübələrə əsaslanan sığorta növlərini seçməlidirlər. Sığorta məbləği bəzi hallarda kifayət etməyə bilər, xüsusilə də hadisəyə cəlb olunan avtomobil bahalı bir modeldirsə”.

Maraqlıdır ki, bəzi sığorta şirkətləri son vaxtlar müştərilərə əlavə ödəniş müqabilində icbari sığorta məbləğini iki dəfə artırmağı təklif edir. O zaman sual yaranır; zərər vuran sürücü əlavə ödəniş edərək sığortanı 10 min manat edibsə onun özünə hadisə zamanı dəymiş zərər 10 min məbləğində ödəniləcəkmi? Yoxsa qarşı tərəf də əlavə ödənişlə sığortanı 5 mindən 10 minə artırmış olmalıdır?

Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında qeyd edib ki, sığorta məbləği yalnız qarşı tərəfə ödənilə bilər:

“Yəni, qarşı tərəfə vurulan ziyan 5000 manatdan çoxdursa və sığorta olunan əlavə ödəniş müqabildə sığorta məbləğini artırıbsa o zaman sığortanın baza hissəsindən artıq məbləğ qarşı tərəfə ödənilir və sığortaolunan əlavə ödənişdən azad olur”.

Sığorta mütəxəssisi Nicat Əlibəylinin fikrincə, əlavə məsuliyyət sığortası xüsusilə sıx şəhər trafikində və bahalı avtomobillərin iştirak etdiyi qəzalarda zərərçəkənlərin hüquqlarını qorumaqla yanaşı, sürücünün maliyyə yükünü azaldır:

"Bu əlavə təminat sığortalılar üçün münasib qiymətə təqdim edilir və böyük risklərin qarşısını almaq üçün əlverişli seçim hesab olunur. Əlavə təminatın mahiyyətini sadə dildə izah etsək, təsəvvür edin ki, sizin avtomobilinizlə qəza baş verib və vurduğunuz zərər 7000 AZN təşkil edir. İcbari sığorta bu məbləğin yalnız 5000 AZN-ni qarşılayır. Yerdə qalan 2000 AZN sizin cibinizdən çıxmalıdır. Ancaq əlavə məsuliyyət sığortası bu fərqi ödəyərək sizi əlavə xərclərdən qoruyur. Məsələn, hadisəni törədən şəxs sizin avtomobilinizə 10000 manat ziyan vurubsa, lakin həmin şəxsin məsuliyyət sığortası yoxdursa, bu halda ödəniş yalnız 5000 manat təminatla məhdudlaşacaq. Yerdə qalan məbləğ isə həmin şəxsin üzərinə qalır”.

Fidan Məmmədova

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh