Şad xəbər: sürücülük hüququ məhdudlaşdırılanlar vəsiqəni geri ala bilər

Yeniliklər 30 May 2014 22:11 Oxunub 6726
Şad xəbər: sürücülük hüququ məhdudlaşdırılanlar vəsiqəni geri ala bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
12 və daha çox cərimə balı yığdığına görə sürücülük hüququ məhdudlaşdırılanlar bu gündən vəsiqələrinə qovuşa biləcəklər

Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb etmə ilə bağlı bir sıra maraqlı yeniliklər bu gündən qüvvəyə mindi. İnzibati Xətalar Məcəlləsinə edilmiş həmin dəyişikliklərdən bəzilərinin geriyə qüvvəsi də var. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Oxşar məzmunlu müddəa İXM-in 11.2-ci maddəsində də təsbit edilir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az saytına bildirib ki, bu gün qüvvəyə minən və qüvvəsi geriyə şamil olunan ən maraqlı yenilik cərimə ballarının sayının artırılması ilə bağlıdır: «Artıq hamı bilir ki, bu gündən etibarən cərimə ballarının sayı 12 yox, 20 və ya daha çox olduqda sürücülük hüququ məhdudlaşdırıla bilər. Özü də məhdudlaşdırılma müddəti əvvəlki kimi, 2 aydan 1 ilədək yox, konkret olaraq 6 ay müddətində olacaq. Əsas incəlik balların sayı ilə bağlı dəyişikliyin geriyə qüvvəsi ilə əlaqədardır. Həmin dəyişikliyi Konstitusiyanın yuxarıda istinad etdiyimiz norması əsasında nəzərdən keçirdikdə aydın olur ki, 12 cərimə balı topladığına görə sürücülük hüququ hazırda məhdudlaşdırılmış olan bütün sürücülər bu tənbehdən azad olurlar. Qısası, İXM-in 151.4-cü maddəsinə uyğun olaraq 12 və daha çox cərimə balı yığdığına görə sürücülük hüququ məhdudlaşdırılan sürücülərin barəsindəki məhdudiyyət bu gündən qüvvəsini itirmiş sayılır. Amma bu, avtomatik baş verə bilməz».

Ərşad Hüseynovun sözlərinə görə, İXM-n 443.1-ci maddəsində deyilir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, möhlət verilməsi, dayandırılması və ləğv edilməsi, habelə yetkinlik yaşına çatmayanların üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya onları əvəz edən şəxslərdən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlər qərar çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır: «İXM-in 446.1-ci maddəsində isə deyilir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta qanunvericiliyinin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə qərarın icrasına xitam verir. Məcəllənin 446.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir.

İXM-in istinad etdiyimiz 446.1-ci maddəsində göstərilən həmin hal (yəni inzibati xəta qanunvericiliyinin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəalarının qüvvədən düşməsi) 12 və daha çox cərimə balı yığmış şəxslərin sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərarla tətbiq olunan tənbehin (sürücülük hüququnun məhdudlaşdırılmasının) icrasına xitam verilməsi üçün əsasdır. Çünki bu gün qüvvəyə minən dəyişiklik köhnə qanunun müvafiq müddəasını (yəni balların sayının 12 və daha çox olduğu halda tənbeh tətbiq edilə bilməsini) qüvvədən salıb.

Bunun üçün sadəcə olaraq 12 və daha çox cərimə balı yığdığına görə sürücülük hüququ məhdudlaşdırılmış şəxs onun barəsində qərar çıxarmış DYP orqanına müraciət etməlidir. Həmin müraciətə uyğun olaraq inzibati tənbehin icrasına xitam verilməsi haqqında qərardad çıxarılmalı və həmin qərardada əsasında şəxsin sürücülük vəsiqəsi özünə qaytarılmalıdır».

Amma aşağıdakıları da nəzərə almaq lazımdır: 

1. Artıq sizə tətbiq olunan məhdudiyyətin müddəti başa çatıbsa, bu halda geriyə qüvvədən söhbət gedə bilməz (çünki tənbeh artıq icra olunmuşdur). 

2. Qanunun geriyə qüvvəsinə əsasən məhdudiyyət götürülərək vəsiqəniz geri qaytarılsa da, tətbiq olunduğu tarixdən 1 il keçməmiş cərimə balları qüvvəsini saxlayır. Bu o deməkdir ki, sizin vəsiqəniz özünüzə qaytarıla bilər, amma bundan əvvəl yığdığınız və 1 ili tamam olmamış cərimə balları yenə öz qüvvəsini saxlayacaq.  Yeni qayda pozuntusu törədəcəyiniz halda yazılan cərimə balları qüvvəsini itirməyən ballarla toplanacaq.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh