Yeni dəyişikliklər sürücülərin işi asanlaşdırdı
İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər martın 1-dən qüvvəyə mindi. Bu dəyişikliklər yol hərəkəti ilə bağlı nizam-intizam qaydalarının möhkəmləndirilməsi və sürücülərin, bəzən isə həm də yol polisi əməkdaşlarının məsuliyyət hissinin artırılmasına yönəlib. Məsələn, bəzən sürücülərin törətdiyi qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar ünvana göndərilsə də, elektron sistemə vaxtında yerləşdirilmir.
Bu isə sonradan sürücülərin haqlı narazılığına səbəb olurdu. İndi belə səhvə görə həmin protokolu tərtib edən polis cərimə ediləcək. Dəyişikliklərdən biri isə xüsusən paytaxt sürücülərinin qorxulu yuxusuna çevrilən evakuatorla bağlıdır. Bəzən elə olurdu ki, çox qısa müddətə maşından düşən sürücü qayıdarkən dəhşətli bir mənzərənin şahidi olurdu: onun maşınını evakuatora yükləyirlər. Təbii ki, bu zaman bəzən şirin dillər, bəzən hədə-qorxular, bəzən hətta yalvarışlar işə düşürdü. Qalanı isə evakuatorun, daha doğrusu yol polisinin insafına qalırdı. Maşını qaytara da bilərdi, qaytarmaya da... Amma indi daha yalvarmağa ehtiyac yoxdur. Əsas odur ki, sürücü özünü vaxtında çatdırsın.
Evakuator: "Yol Patrul Xidməti Haqqında" Təlimata əsasən, nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda və nəqliyyat vasitəsini qadağan olunmuş yerdən kənarlaşdıra bildikdə nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir". Amma bəzən evakuator heyəti avtomobili geri qaytarmaqdan imtina edirdi. Bu da sürücü və inspektor arasında daim mübahisələrə yol açırdı. Yeni qaydaya əsasən isə, bu təlimat yerinə yetirilmədikdə YPX inspektoru cərimələnəcək. Özü də nə az, nə çox - iki yüz manatdan üç yüz manatadək.
Babək Həmidov - hüquqşünas: "Əgər sürücünün narazılığına baxmayaraq avtomobil cərimə meydançasına aparılarsa, evakuasiyanı həyata keçirən sürücü və həmin tapşırığı verən yol patrul xidmətinin əməkdaşı 200 manatdan 300 manatadək cərimələnəcək. Bu maddənin tətbiqi ilə, evakuasiya zamanı sürücü avtomobilinə yaxınlaşarsa, ona sadəcə dayanma-durma qaydasını pozduğuna görə yerində protokol tərtib oluna bilər".
Cərimə və ballar haqqında məlumat: Məcəllənin 38.6-cı maddəsinə əsasən "sizin qayda pozmağınız xüsusi texniki vasitə ilə müəyyən edilibsə və bu 1 ay ərzində internet informasiya resursunda yaradılan elektron kabinetinizdə yerləşdirilməyibsə, o zaman sizi inzibati məsuliyətə cəlb edə bilməzlər". Cərimə və ballar haqqında məlumat almaq üçün Daxili işlər Nazirliyinin saytına daxil olan sürücü hesabının təmiz olduğunu görür, amma yolda saxlayan yol polisi ona cərimələrinin olduğunu bildirir. Bu situasiya İnzibati xətalar məcəlləsinin 122.1-ci maddəsi ilə nizamlanır. Orada deyilir ki, "xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilibsə bu, mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında elektron protokol tərtib olunur və səlahiyyətli şəxsin elektron imzası ilə təsdiqlənir. Həmin protokol dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə informasiya sisteminə göndərilməlidir".
Babək Həmidov- hüquqşünas: "1 ay müddətində şəxsi kabinetə dövlət orqanı tərəfindən baş vermiş inzibati xəta ilə bağlı elekron protokol göndərilməsə, onun ödənişi qüvvədən düşmüş hesab olunur ki, bu da vətəndaşların xeyrinədir. Digər tərəfdən, elektron vasitələrin tətbiqi artıq vətəndaşlarda şübhəni aradan qaldırır".
"ASAN ödəniş": İnzibati cərimələr üzrə ödənişləri həyata keçirmək üçün isə harasa getməyə, növbələrdə gözləməyə ehtiyac yoxdur. "ASAN ödəniş" sistemi bu işi də sözün əsl mənasında asanlaşdırıb. Sistemdə qeydiyyatan keçdikdən sonra Elektron kabinet açılır. Bu kabinetdə istifadəçinin müvafiq dövlət orqanlarına olan borcları, cərimələri, ödənişləri barədə məlumatlar var.
Nəriman Məmmədov- sürücü: "Xeyr, istifadə etmirəm."
Nizami Məmmədov- sürücü: "O barədə çox eşitmişəm. Lakin, hələ o sistemdən keçməmişəm".
Niyaməddin Məmmədov- şəhər sakini: "Bəli xəbərim var, hətta mən elektron kabinet yaratmışam, loqin və parolumu yazıram, kabinetə daxil oluram və bütün məlumatları öyrənirəm. Hətta cəriməm olsa mobil telefonuma mesaj gəlir".
Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu, inzibati tənbeh tətbiq edilməsi barədə qərarların vətəndaşa elektron qaydada göndərilməsini, inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı ödəniş sistemidir. "ASAN ödəniş" sistemi mərkəzi icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının sistemləri ilə qarşılıqlı əlaqəli fəaliyyət göstərir.
Vətəndaşların törətdiyi qayda pozuntularına görə, bildirişlərlə bağlı bir çox problemləri olub və bu problemlərin aradan qaldırılması üçün "Asan ödəniş" sistemi yaradılmışdır. Bu ödəniş sistemindəki elektron kabinetdə, bir çox cərimələrlə bağlı məlumatınız olacaq.
Bu sistemdə sizin cərimə olunmağınız barədə informasiya yoxdursa, kiminsə sizi yolda saxlayaraq "cəriməniz var" deməsi qanunaziddir. Qanun və qaydalar vətəndaşlar üçündür. Onların əleyhinə deyil. Qanunun sizin xeyrinizə işləməsini istəyirsinizsə, İnzibati Xətalar Məcəlləsi ilə tanış olun və "ASAN ödəniş" sistemində özünüzə elektron kabinet yaradın, hörmətli sürücülər.