Banner

“Yeni gömrük idxal rüsumları bahalaşmaya səbəb olacaq”

Yeniliklər 3 Oktyabr 2016 16:12 Oxunub 1975
“Yeni gömrük idxal rüsumları bahalaşmaya səbəb olacaq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edili

Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib. 

 

Belə ki, Azərbaycana idxal edilən

1 kq ev toyuğu əti üçün 1 dollar,

1000 ədəd toyuq yumurtası üçün 100 dollar,

1 kq soğan üçün 0,2 dollar,

1kq xiyar üçün 0,2 dollar,

1 kq qoz-fındıq üçün 1,5 dollar,

1 kq üzüm üçün 0,4 dollar,

1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək),

armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar,

1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

Azərbaycanda idxal edilən xarici mal və məhsullara yüksək gömrük idxal rüsumlarının tətbiqi qiymət artımına səbəb olacaqmı? Yeni qərar nələri dəyişəcək? Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rəşad Həsənov qərarı müsbət addım kimi qiymətləndirsə də, bu məhsulların qiymətində artımın qaçılmaz olacağını vurğuladı:

"Azərbaycanda bu günə qədər həyata keçirilən rüsum siyasəti faktiki olaraq iqtisadiyyatın tələblərinə uyğun deyil. Çünki 2015-ci ilin əvvəlinə qədər gömrüklə bağlı problemlər yaşanırdı, qeyri-rəsmi ödənişlər rəsmiləşdirilmişdir. Amma şərait artıq dəyişib. Bütün məhsulların keçirilməsi zamanı qeydiyyata alınır, vergi və rüsumlar ödənilir. Bundan sonra məlum oldu ki, artıq vergi və rüsumlar üçün müəyyənləşdirilmiş tariflər əslində qeyri-müəyyəndir. Yerli istehsal olunan məhsullar üçün bəzi hallarda çox cüzi idxal rüsumları tətbiq olunub, halbuki ölkədə  hansı məhsullar idxal olunmur, istehsal olunmur və yaxud da xammal üçün əhəmiyyətlidir, bu məhsullara çox yüksək rüsum tətbiq olunur. Bu baxımdan, rüsumların üzərində yenidən düzəlişlərin aparılması ehtiyacı yaranıbdır. Nazirlər Kabinetinin qəbul etdiyi qərar müsbətə doğru bir addımdır ki, artıq hökumət bu istiqamətdə hərəkətə keçib. Siyahıda olan məhsulların böyük əksəriyyəti ölkədə istehsal potensialı olan məhsullardır. Təbii ki, xaricdən idxal olunan məhsulların baha başa gəlməsi səbəbindən növbəti dövrlərdə bu məhsulların qiymətində artım müşahidə olunacaq".

Ekspertin fikirincə bu qərar istehsalın özünü də stimullaşdıracaq:"Əslində, kənd təsərrüfatının potensialını və inkişafını istəyiriksə, bu kimi qərarların qəbul edilməsi doğrudur. Amma prosesin düzgün icra olunmasına nəzarət mexanizmləri gücləndirilməlidir. Çox aktiv rüsum siyasəti həyata keçirilməlidir. Yerli sahibkar hiss etməlidir ki, hər hansı formada bilərəkdən qiymətlərin kəskin artımı baş verərsə, istehsalın həcmində azalma olarsa,  o zaman hökumət əks istiqamətdə çevik qərar qəbul etməlidir. Məhz belə olan halda qiymət artımının qarşısı alınacaq, həm də yerli istehsalın inkişafına səbəb olacaq".

Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh