Yenilik; sərnişinlərin sağlamlığına dəyən zərərə görə 5 min manatı kim ödəməlidir?

Yeniliklər 29 Aprel 2014 16:38 Oxunub 1837
Yenilik; sərnişinlərin sağlamlığına dəyən zərərə görə 5 min manatı kim ödəməlidir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərdi qəza sığortası üzrə ödəniş nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə 5 min manatdır

Azərbaycanda yol qəza hadisələri adi hala çevrilib. Bu hadisələr nəticəsində isə ölən və yaralananlar olur. Bəs, onların sığortası necə tənzimlənir? Məsələ ondadır ki, sığortanın könüllü növləri var ki, onlar həm sürücünü, həm onun avtomobilini, həm də sərnişinləri qoruyur. Bura fərdi qəza sığortası, kasko sığortası, bədbəxt hadisələrdən sığorta və digərləri aiddir. Bu sığorta növlərindən yararlanan sürücü və ya sərnişin qəza, oğurluq, bədbəxt hadisə ilə qarşılaşarkən dəyən zərər sığorta şirkəti tərəfindən qarşılanır. İcbari Sığorta Bürosundan aldığımız məlumata görə, ötən ilin sonlarından qüvvəyə minən «İcbari sığortalar haqqında» Qanunda icbarı sığortanın digər bir növü – sərnişinlərin icbari fərdi qəza sığortası öz əksini tapıb. Qanunda açıq-aydın yazılır ki, bu sığorta növü sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. Nəqliyyat vasitəsində olan bir sərnişin yeri üzrə illik sığorta haqqı məbləğləri hava nəqliyyatı vasitələri üçün 14 manat, su nəqliyyatı vasitələri üçün 5 manat, dəmiryolu nəqliyyatı vasitələri üçün 3 manat, avtomobil nəqliyyatı vasitələri üçün isə 6 manat həddində müəyyən edilib.

Bu sığorta növü üzrə sığorta hadisəsi nəqliyyat vasitəsindən istifadə etməklə sərnişin daşınması, habelə dayanacaqda olduğu dövrdə hava limanlarının, dəmiryol vağzallarının, stansiyalarının və platformalarının, dəniz vağzallarının və körpülərinin, avtobus vağzallarının ərazisində nəqliyyat vasitəsinin istismarı zamanı baş verən fərdi qəza nəticəsində sərnişinin həyatına, yaxud səhhətinə zərərin vurulması sayılır.

Qanun tələbinə əsasən, nəqliyyat vasitələrinin sahibləri müvafiq nəqliyyat vasitəsilə daşıdıqları sərnişinləri fərdi qəza sığortası üzrə icbari sığorta etdirməlidirlər. Lakin bu tələblər şəhərdaxili və ya qəsəbədaxili sərnişin daşıyan nəqliyyat vasitələrinin sahiblərinə şamil edilmir. Bu sığorta növündə, sərnişinin özünə qəsd etməsi, nəqliyyat vasitəsindən istifadə qaydalarına riayət etməməsi, cinayət tərkibli hadisə törətməsi, habelə sərxoş halda ehtiyatsız hərəkəti nəticəsində ölümü və ya səhhətinə zərərin vurulması sığorta hadisəsi hesab olunmur.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta məbləğləri isə nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə 5 min manatdır.

«İcbari sığortalar haqqında» Qanunda nəzərdə tutulan hər hansı icbari sığorta növünü aparmağa icazə almaq və bu növ üzrə fəaliyyət göstərmək üçün sığortaçı İcbari Sığorta Bürosunun iştirakçısı olmalı və müvafiq icbari sığorta növü üzrə müəyyən edilmiş məbləğdə təminat depoziti yerləşdirməlidir. Büro zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, eyni zamanda qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə təsis edilib və fəaliyyət göstərir.

Sərnişinlərin icbari fərdi qəza sığortasına sərnişinlərin münasibəti çox müsbətdir.

Amma real mənzərə odur ki, insanların əksər sığorta növləri kimi, sərnişinlərin icbari fərdi qəza sığortasına marağı azdır.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyir ki, sığorta sistemində problemlərin həlli sürətləndiriləcək. Bunun üçün sığorta şirkətləri üzərində nəzarəti gücləndirmək və sığortalananların hüquqlarını qoruyan yeni təkliflər də hazırlanır. Nazirlik təklifləri artıq baxılmaq üçün hökumətə təqdim edib.

Sığorta şirkətlərində isə hesab edirlər ki, sərnişinlərin bu könüllü sığortaya da maraq göstərməməsi onların həm sığortanın növləri haqqında, həm də sığorta şirkətləri haqqında məlumatının az olması ilə bağlıdır.

İqtisadçı ekspert Azər Mehtiyev bu problemin yaranmasında digər səbəb göstərir: “Burada ən birinci amil cəmiyyətin, əhalinin alıcılıq qabiliyyətidir. Yəni, onların özlərinin gəlirlilik səviyyəsidir. Bu gün əhalinin öz mövcud gəlirləri ilə öz yaşayışını təmin etməyə və öz gələcəyini sığorta etməyə imkanı varmı? Əgər cəmiyyətdə olan insanların böyük əksəriyyəti adi gündəlik dolanışığı üçün kifayət qədər vəsait əldə edə bilmirlərsə, təbii ki, onlara əlavə olaraq könüllü sığorta tətbiq edilməsi problem yaradır”.

Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı isə bildirir ki, sığorta barədə maarifləndirmə işləri artırılmalı, bu işdə sığorta şirkətlərinin özləri də maraqlı olmalıdırlar.

 

 

Əfsun, Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh