Bu işi yol nişanlarından başladıq… - YENİ RUBRİKADAN ÖYRƏNƏK

Yol nişanları 18 Fevral 2015 07:21 Oxunub 16038
Bu işi yol nişanlarından başladıq… - YENİ RUBRİKADAN ÖYRƏNƏK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müasir yol nişanlarının ilk nümunələri 1903-cü ildə Paris şəhərinin küçələrində peyda olub

Apardığımız araşdırma və müşahidələr göstərir ki, ölkəmizdə yol hərəkəti qaydaları ilə bağlı çox ciddi məlumatsızlıq problemi var. Özü də həm sürücülər, həm də ən kütləvi hərəkət iştirakçıları olan piyadalar arasında qaydalardan xəbərsizlər çoxdur. Son illər bu məsələlərdə bir balaca tərpəniş müşahidə olunsa da, cəmiyyətimizdə yol hərəkəti qaydalarına kütləvi maraq hələ ki, qənətbəxh deyil. Məsələn, otuz il stajı olan sürücünün geniş yayılmış adi yol nişanının mənasını bilməməsi çox düşündürücüdür. Belə halları nəzərə alaraq, Avtosfer.az saytında silsilə şəkildə yol hərəkəti qaydalarının izahı ilə bağlı yazılar dərc etmək qərarına gəldik. Bu işi yol nişanlarından başlamağı məqbul sayırıq. 

Bugünkü ilk yazımda yol nişanlarının mahiyyəti, əhəmiyyəti və tarixi barədə ümumi məlumatı nəzərinizə çatdırmaq istəyirəm. 

Yol nişanlarının meydana gəlmə tarixi barədə müxtəlif fikirlər mövcuddur. Hətta antik dövlətlərdə də yolçulara müəyyən məlumat vermək üçün istifadə edilən və nişan sayıla biləcək müxtəlif qeydlərdən, işarələrdən, yazılardan istifadə olunmuşdur. Təbii ki, belə işarələr müasir anlamdakı yol nişanları ilə eyniləşdirilə bilməz. Bəşər tarixində min illər boyu əsas nəqliyyat növü iş heyvanları və onların qoşquları olduğundan intensiv hərəkət olmayıb, birtipli yol nişanlarına da ehtiyac yaranmayıb. Lakin avtomobil nəqliyyatının ixtirası ilə vəziyyət radikal şəkildə dəyişdi. Bu nəqliyyatın hərəkət sürəti, insan iradəsindən kənara çıxa bilən texniki xüsusiyyətləri, habelə sürətlə çoxalması vahid yol hərəkəti qaydalarının və yol nişanlarının meydana gəlməsini şərtləndirdi. 

Müasir yol nişanlarının ilk nümunələri 1903-cü ildə Paris şəhərinin küçələrində peyda olub. Bunlar cəmi 4 nişan idi. Sonrakı illərdə yol nişanlarının inkişafı bir qədər də irəli gedərək 1909-cu ildə Paris şəhərində xüsusi beynəlxalq konfransda “Avtomobillərin hərəkətinə dair” ilk beynəlxalq Konvensiya qəbul edildi. Bu Konvensiya şəkildə gördüyünüz dörd yol nişanını təsdiq etdi. Dördü də xəbərdarlıq xarakterli olan bu nişanlar planetimizin yollarında bu texniki vasitələrin ilk qaranquşları sayılır. Daha sonra 1926-cı ildə Paris şəhərində keçirilmiş konfransda yol nişanlarının sayı 6-ya çatdırıldı.

Xəbərdarlıq nişanlarından fərqli nişanlar isə ilk dəfə 1930-cu ildə meydana gəlib. Həmin il Cenevrədə keçirilən xüsusi konfransda 26 yol nişanı təsdiq edilib və həmin nişanlar 3 qrupa bölünüb: xəbərdaredlıq, məcburedici və göstərici nişanlar. Sonrakı illər yol hərəkəti qaydaları və buna uyğun yol nişanları təkmilləşdirilərək nəticədə hazırda dünyanın hər yerində, o cümlədən ölkəmizdə tətbiq olunan yol nişanları yaradılıb.

Hazırda qüvvədə olan yol nişanları 1968-ci ildə BMT-nin Vyanada keçirilən konfransında qəbul olunmuş “Yol nişanları və siqnallar haqqında” Konvensiyada müəyyən olunub. Sonrakı illərdə bu Konvensiyaya əlavələr edən Avropa Sazişi ilə, habelə bir neçə digər düzəlişlə yol nişanları indiki səviyyəyə çatdırılıb.

Keçmiş SSRİ-də ilk dəfə 1927-ci ildə cəmi 6 xəbərdarlıq nişanı təsdiq edilib. Sonrakı illərdə bu sahədə beynəlxalq qanunvericiliyin inkişafına uyğun olaraq yol nişanları da təkmilləşdirilib. Hazırda ölkəmizdə qüvvədə olan yol nişanları 1998-ci ildə qəbul edilmiş “Yol hərəkəti haqqında” Qanunun 4 saylı Əlavəsi kimi təsdiq edilib. Bu Əlavədə yol nişanları 7 qrupa bölünüb:

1) xəbərdarlıq nişanları;

2) üstünlük nişanları;

3) qadağan nişanları;

4) məcburi hərəkət istiqaməti nişanları;

5) məlumatverici-göstərici nişanlar;

6) servis nişanları;

7) əlavə məlumat nişanları (lövhəciklər).

Maraqlıdır ki, Vyana Konvensiyası hazırda dünyada qüvvədə olan yol nişanlarını 8 qrupa bölüb. Lakin ölkəmizin milli qanunvericiliyi sovet ənənələrini davam etdirərək Konvensiyada ayrıca qruplar kimi verilən məlumatverici və göstərici nişanları “məlumatverici-göstərici nişanlar”  adlı vahid qrupda birləşdirib. 

Yol nişanları müasir dövrdə yol hərəkətini tənzimləmənin ən geniş yayılmış və unikal texniki vasitəsidir.  Ona görə də hər bir sürücü, hətta piyada, velosipedçi və başqa hərəkət iştirakçıları yol nişanlarını bilməli və ona riayət etməlidirlər. 

Bütün yol nişanları beynəlxalq səviyyədə mütəxəssislər qrupu tərəfindən müzakirə edildikdən sonra təsdiq edilib. Ona görə də yol nişanları elə tərtib edilib ki, onların mənasını dünyanın istənilən ölkəsində yaşayan və istənilən dilində danışan insanlar asanlıqla başa düşə bilsinlər. Bu məqsədlə yol nişanlarında həmin nişanın mənasına və tələbinə uyğun formadan, rəng tərtibatından və rəmzlərdən istifadə olunub. 

Yol nişanlarının formasına, ölçülərinə, rəng tərtibatına, tətbiq edilmə şərtlərinə dair məsələlər də qanunvericilikdə dəqiq tənzimlənir. Hazırda ölkəmizdə yol nişanları ilə bağlı bu məsələləri “Yol hərəkəti haqqında” Qanun, “Yol nişanları və siqnallar haqqında” Vyana Konvensiyası, bu Konvensiyanı tamamlayan Avropa Sazişi, habelə sovet dövründən qüvvədə olan QOST 23457-86 və QOST 10807-78 tənzimləyir. Bu normativ aktlarda nişanlara dair bütün təfərrüatlar əksini tapıb. 

Yol nişanları sürücüləri və başqa hərəkət iştirakçılarını yoldakı şərait, hərəkət sxemi, hərəkət növbəliliyi və başqa zəruri məsələlər barədə məlumatlandırır. Hər qrupa daxil edilmiş yol nişanları öz təyinatına uyğun olaraq tətbiq edilməklə yollarda sürücülər və başqa hərəkət iştirakçıları arasında anlaşılmazlıqları, münaqişələri istisna edir, təhlükəsiz, fasiləsiz və rahat hərəkəti təmin edir. Ona görə də hər bir şəxs bütün yol nişanlarının mənasını və tələbini bilməlidir. Ən mühüm məsələ isə yolların qanunvericiliyə uyğun olaraq müvafiq yol nişanları ilə təchiz edilməsidir.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

cefer 10 Noyabr 2014 22:55
Salam, men dunen axşam xeberlerde baxdim ki, bakinin şamaxinka dairesinde piyada yol nişanin olmasi, ancaq yerde piyda xetlerinin olmamasi haqqinda sujetde suruculer ve piyadalar naraziciliw edirdi, tezden bugun men saat 8.30-da hemin yerden kecende gordum ki, hemin yol nişaninin alndan piyada xetleri çekilib, Men urek agrisi ile bu suali ancaq ozume verirem ve cavabi da ureryimi agridir: Niye mehz çekilişden sonra o xetler çekildiBes qalan kuceler, tutaqki 4-cu mkr darisenden terlan şadliqvine qalxan yol kimi küçeler