Banner

Sürücünü aldadıb cərimələdilər: Bu cür yollarda DİQQƏTLİ OLUN! - VİDEO

Yol nişanları 8 Dekabr 2025 13:30 Oxunub 308
Sürücünü aldadıb cərimələdilər: Bu cür yollarda DİQQƏTLİ OLUN! - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının bir çox ərazilərində sürücülər yollarda nişanlanma xətləri ilə bağlı çaşqınlıq yaşayırlar. Belə ki, bəzi sakinlər və ya ərazidə fəaliyyət göstərən şəxslər Ağ şəhərdə qoşa xəttin və ya bütöv xəttin üzərinə qara boya vuraraq onu qırıq-qırıq xəttə oxşatmağa çalışırlar. Nəticədə sürücülər buna aldanaraq həmin hissədən dönməyin mümkün olduğunu düşünürlər. Halbuki bu dəyişikliklər dövlət qurumlarının xəbəri olmadan edilir və rəsmi nişanlama sayılmır.

Avtosfer.az xəbər verir ki, belə yerlərdə sola və ya geriyə dönən sürücülər bilmədən qoşa xəttin tələbini pozmuş sayılır və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə edilirlər. 

Nəqliyyat eksperti Elməddin Muradlı məsələyə münasibət bildirərək qeyd edib ki, Dövlət Yol Polisi və AYNA bu kimi hallara ciddi nəzarət etməlidir: “Sürücülər belə hallarda çox diqqətli olmalıdır və qırıq xəttin kustar üsulla çəkilib-çəkilmədiyinə diqqət etməlidir. Çünki diqqətlə baxanda hansı xəttin qanunsuz olduğunu bilmək olur. Amma vətəndaşın elə bir imkanı yoxdur ki, yolun ortasında dayanıb harasa zəng edib soruşsun ki, həmin xətt qanunidir ya yox. Buna görə də belə halların qarşısı birbaşa aidiyyəti qurumlar tərəfindən alınmalıdır.

Belə yerlərdə xəttə diqqətlə baxanda onun kənar şəxslər tərəfindən çəkildiyi aydın görünür. Lakin sürücülər özlərinə sərf edən variantı seçərək qırıq xətt kimi qəbul edib dönməyə meyllənirlər. Bu zaman onların cərimələnməsi bir çox hallarda doğru qarşılanmır. Sürücülər bu məsələdə haqlıdır və düz edib etiraz edirlər. Çünki cəzalandırılmalı olanlar xətti qanunsuz şəkildə dəyişdirən şəxslərdir. Yaxşı olardı ki, kamera bilmədən qayda pozan sürücüyə cərimə yazmaqdansa o xətti o hala salanı aşkar etsin”.

Mütəxəssis vurğulayıb ki, əgər kamera sürücünü cərimələyirsə, eyni şəkildə həmin xətti ora çəkən şəxsin də müəyyən edilib məsuliyyətə cəlb olunması təmin edilməlidir: “Çünki bu cür qanunsuz nişanlanmalar Bakının müxtəlif ərazilərində tez-tez rast gəlinir. Bəzi sakinlər öz qapısının qarşısına qırıq xətt çəkərək buradan dönülməsini təmin etməyə çalışırlar. Kamera olmayan yerlərdə isə sürücülər daha böyük çaşqınlıq yaşayırlar. Bu problemlər köklü şəkildə həll edilməlidir və aidiyyəti qurumlar paytaxt ərazisində bütün nişanlanma xəttlərinin qanuniliyini yoxlamalıdır”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh