Təhlükədən xəbərdar olmaq üçün bu nişanları yadda saxlayın!

Əvvəlki yazılarımda ölkəmizdə tətbiq olunan yol nişanlarının 1-ci qrupunu təşkil edən xəbərdarlıq nişanlarından ilk 27 ədədini izah etmişdim. Bu yazıda xəbərdarlıq nişanlarından növbəti 8 nişanı diqqətinizə çatdırıram.
1.15 «Sürüşkən yol» nişanı yolun hərəkət hissəsinin səthinin sürüşkənliyinin yüksək olması barədə sürücüləri xəbərdar etmək üçün tətbiq olunur. Bu nişan yol örtüyünün yaş olduğu halda şinlərin yol örtüyü ilə ilişmə əmsalının 0,3-dən az olduğunu bildirir (xatırladaq ki, normal vəziyyətdə olan asfalt və ya beton yolun örtüyü yaş olduqda ilişmə əmsalı 0,4-ə bərabər olur). Yağmurlu və nəmişli havada, habelə yol örtüyünün başqa səbəbdən yaş olduğu halda bu nişanı görən sürücü xüsusi ehtiyatlılıq göstərməklə hərəkət etməli, nəqliyyat vasitələrinin sürüşəcəyi təqdirdə vəziyyətdən çıxmağa hazır olmalıdır.
1.16.1 «Nahamar yol» nişanı hərəkət hissəsində təhlükəsiz hərəkət üçün problemlər yarada bilən qüsurların (çalaların, qabarıqların, çökmələrin və başqa pis vəziyyətin) olduğu yol sahəsinə, habelə körpülərlə nahamar birləşmənin olduğu yerə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan təhlükəsizlik əmsalının 0.6-dan az olduğu hər bir halda tətbiq olunmalıdır. Təhlükəsizlik əmsalı dedikdə, təhlükəli yol sahəsindəki optimal (yəni həmin şərait üçün təhlükəsiz) hərəkət sürətinin bu sahədən əvvəlki normal sahədəki optimal hərəkət sürətinə nisbəti başa düşülür (məsələn, əvvəlki yol sahəsində optimal sürət 60 km/saat, təhlükəli sahədə isə 30 km/saat-dırsa, təhlükəsizlik əmsalı 0,5-ə bərabərdir).
Yoldakı nahamarlıq yalnız çaladan ibarət olduqda 1.16.1 nişanı əvəzinə 1.16.2 «Çökmüş yol» nişanı, belə nahamarlıq yalnız qabarıqlardan ibarət olduqda isə 1.16.3 «Qabarıq yol» nişanı tətbiq olunur. 1.16.1 nişanı yolda quraşdırılan süni maneələrdən əvvəl də qoyulmalıdır.
1.17 «Çınqıl sıçrayışı» nişanı nəqliyyat vasitələrinin təkərlərinin altından daş, çınqıl və başqa qırıntıların sıçraya biləcəyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan örtüyü təkmilləşdirilmiş yollarda çınqıl sıçraması ola biləcəyi hallarda (təmir işləri aparılarkən, yolda uçqunlar olduqda və s.) tətbiq edilir. 1.17 nişanı ilə işarələnmiş sahədə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü təhlükəsiz hərəkət üçün qabaqdakı nəqliyyat vasitələri ilə ara məsafəni bir qədər artırmalı, özü isə sürəti azaltmalı və kəskin manevrlərdən (xüsusən sürəti qəflətən artırmadan) çəkinməlidir.
1.18.1-1.18.3 «Yolun daralması» nişanları müvafiq olaraq yolun hərəkət hissəsinin hər iki tərəfdən (1.18.1), sağ tərəfdən (1.18.2) və ya sol tərəfdən (1.18.3) daraldığı sahəyə yaxınlaşma barədə xəbərdarlıq edir.
Bu nişanlar yaşayış məntəqələrindən kənar yollarda hərəkət hissəsinin 0,5 m və daha çox daraldığı yerləri, yaşayış məntəqələrində isə hərəkət hissəsinin bir hərəkət zolağı və daha çox daraldığı yerləri bildirmək üçün tətbiq olunur. Bu nişanlar həmçinin yaşayış məntəqələrindən kənarda tunellərdə, yol ötürücülərində, körpülərdə hərəkət hissəsinin eni bu qurğuların qarşısındakı yolun hərəkət hissəsinin enindən az və ya ona bərabər olduğu hallarda, yaşayış məntəqələrində isə belə qurğularda hərəkət hissəsinin eni onların qarşısındakı hərəkət hissəsinin enindən az olan hallarda tətbiq olunur.
1.18.1-1.18.3 nişanlarlı ilə işarə olunan yol sahəsinə yaxınlaşan sürücü daralma səbəbindən hərəkət hissəsində yerdəyişmə edərkən (yanaşı zolağa keçərkən) yol hərəkətinin müvafiq qaydalarına riayət etməlidir.
İzahını verdiyim nişanların şəkilləri əlavə olunur.
Ərşad Hüseynov,
hüquqşünas
Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO
Bu parklanma yerində dayanmayın! - Ağacın arxasında sizi sürpriz gözləyir - VİDEO
Nişanlar elə quraşdırılıb ki, sürücülər qayda pozmağa məcbur qalırlar - CƏRİMƏLƏR YAZILIR - VİDEO
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi - FOTOLAR
Bu keçiddə piyada olmasa da cərimə yazıla bilər - Gülməli vəziyyət - VİDEO
Laçında yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib - FOTOLAR
Bu yol nişanları motosiklet qəzalarını azaltmağa kömək edir – EKSPERT - FOTO
“Prius” sürücüsündən təhlükəli manevr; körpüdə əks istiqamətə çıxdı – VİDEO
Bu küçədə avtobus zolağına girmək olar, yoxsa yox? – Ekspert aydınlıq gətirdi – VİDEO
Zolaqların dalğavari təşkili nəyə xidmət edir? – Ekspert AÇIQLADI
Bu küçənin hər iki tərəfinə nişan quraşdırıldı - DAYANANLAR CƏRİMƏLƏNƏCƏK - VİDEO











