Reklam

Yol nişanları ilə bağlı ilk dərs; onların mənası nədir? - FOTO

Yol nişanları 24 Fevral 2015 15:31 Oxunub 33034
Yol nişanları ilə bağlı ilk dərs; onların mənası nədir? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəbərdarlıq nişanları

Avtosfer.az-dakı ötən yazımda ölkəmizdə tətbiq olunan yol nişanlarının 7 qrupa bölündüyünü qeyd etmişdim. Yol nişanlarının hər birinin həm adı, həm də nömrəsi var. Nişanın adı onun başlıca mənasını ifadə edir, nömrəsi isə nişanın qrupunu (birinci rəqəm), nişanın qrupdakı sıra sayını (nöqtədən sonrakı rəqəm), habelə eyni adlı bir neçə nişan varsa, həmin ad altındakı sıra sayını (ikinci nöqtədən sonrakı rəqəm) bildirir.

Yol nişanlarının 1-ci qrupunu təşkil edən xəbərdarlıq nişanları, onlara verilmiş ümumi addan göründüyü kimi, hərəkət iştirakçılarını (sürücüləri, piyadaları və s.) hərəkət etdikləri istiqamət üzrə mövcud olan təhlükə və onun xarakteri barədə məlumatlandırmağa xidmət edir. Xəbərdarlıq nişanlarına dair ümumi tələblər “Yol hərəkəti haqqında” Qanunun 62-ci maddəsində, nişanların özləri isə bu Qanuna 4 saylı Əlavənin 1-ci hissəsində verilmişdir.

Təhlükənin xarakteri xəbərdarlıq nişanı üzərinə çəkilmiş və mənası kifayət qədər asan başa düşülən rəmzlər vasitəsilə ifadə olunur. Ona  görə də sürücülər və hərəkət iştirakçıları bu nişanların mənasını bilməli, konkret yerdə həmin nişanı gördükdə isə mövcud təhlükənin xarakterini, habelə ümumi hərəkət şəraitini (idarə etdiyi nəqliyyat vasitəsini, onun yükünü, meteoroloji şəraiti və s.) nəzərə almaqla tədbirlər görməyə başlamalıdır.

Xəbərdarlıq nişanları hərəkət iştirakçıları üçün hər hansı məhdudiyyət müəyyən etmir, yəni onları nəzərə almayan sürücü bu nişanların tələbini pozmaya görə məsuliyyətə cəlb edilə bilməz. Lakin bu nişanlar real təhlükənin mövcudluğu barədə məlumat verir. Ona görə də belə nişanları görən sürücü müvafiq təhlükənin mövcud olduğu sahədə şəraitə uyğun hərəkət qaydalarına, o cümlədən həmin şəraitin irəli sürəcəyi məcburi tələblərə riayət etməyə hazır olmalıdır (məsələn, dəmiryol keçidinə yaxınlaşma barədə xəbərdarlıq nişanını görən sürücü dəmiryol keçidində hərəkətlə bağlı bütün qaydalara riayət etməyə hazır olmalıdır və s.). Digər tərəfdən, yolun müvafiq sahəsində mövcud olan təhlükəyə uyğun olaraq həmin sahədə qadağan nişanları və ya nişanlanma xətlərinin köməyi ilə məhdudiyyətlər (sürətin məhdudlaşdırılması, ötmənin, zolaqlarda yerdəyişmənin qadağan edilməsi və s.) tətbiq oluna bilər ki, sürücülər bu məhdudiyyətlərə mütləq riayət etməlidirlər.

Xəbərdarlıq nişanlarının hərəkət iştirakçıları tərəfindən asan fərqləndirilə bilməsi üçün onların özünəməxsus əlamətləri (rəngi və forması) vardır. Onların əksəriyyəti əsas fonu ağ rəngdə olan və təpələrindən biri yuxarı yönəlmiş bərabəryanlı üçbucaq  formasındadır. Bu üçbucağın kənarları boyu qırmızı haşiyə var. Bu əlamətlər xəbərdarlıq nişanlarından yalnız bir neçəsində mövcud deyil (1.3.1, 1.3.2, 1.4.1-1.4.6 və 1.31.1-1.31.3 nişanları).

Xəbərdarlıq nişanları təhlükənin olduğu yol sahəsi barədə hərəkət iştirakçılarını qabaqcadan məlumatlandırmağa xidmət etdiyindən həmin nişanlar təhlükəli sahədən müəyyən qədər əvvəldə qoyulmalıdır. Bəzi xəbərdarlıq nişanları yaşayış məntəqələrində müvafiq obyekt (təhlükə) olsa da, tətbiq edilmir

Ümumi şəkildə xəbərdarlıq nişanlarının aşağıdakı məsafələrdə (həmin hüdudlar çərçivəsində) quraşdırılması müəyyən olunmuşdur:

― yaşayış məntəqələrindən kənar yollarda icazə verilən hərəkət sürəti daha yüksək olduğundan təhlükəli sahənin başlanğıcından (təhlükənin mövcud olduğu yerdən) 150-300 metr qabaqda;

― hərəkət sürətinin nisbətən az olması səbəbindən yaşayış məntəqələrində təhlükəli sahənin başlanğıcından (təhlükənin mövcud olduğu yerdən) 50-100 metr qabaqda;

― buna zərurət olduqda fərqli məsafədə.

Hazırda ölkəmizdə 52 xəbərdarlıq nişanı nəzərdə tutulur. Onlardan ilk 10 ədədi dəmiryol keçidlərini işarələmək üçün tətbiq olunur. Bu da təsadüfi deyil, çünki dəmiryol keçidi yolda ən ciddi təhlükələrdən biri sayılır. Hətta tarixdə mövcud olan ilk yol nişanlarından biri dəmiryol keçidi barədə xəbərdarlıq nişanı olmuşdur. 

Keçək nişanların izahına.

1.1 «Şlaqbaumlu dəmiryol keçidi» nişanı şlaqbaumla təchiz edilən (şlaqbaumun növündən asılı olmayaraq) dəmiryol keçidlərinə yaxınlaşmaq barədə xəbərdar etmək məqsədi ilə tətbiq olunur.

1.2 «Şlaqbaumsuz dəmiryol keçidi» şlaqbaumla təchiz edilməyən dəmiryol keçidlərinə yaxınlaşmaq barədə xəbərdar etmək məqsədi ilə tətbiq olunur.

Deməli, 1.1 və 1.2 nişanları bir-birinin alternatividir. Bu nişanlardan hər hansı birini  görən sürücü yol hərəkətinin dəmiryol keçidində hərəkətlə bağlı bütün tələblərinə riayət etməyə, xüsusən də keçidi təhlükəsiz və qaydalar çərçivəsində keçməyə hazır olmalıdır. Əksər xəbərdarlıq nişanlarından fərqli olaraq, 1.1 və 1.2 nişanları təkrarlana bilər və belə halda ikinci nişan dəmiryol keçidinə azı 50 metr qalmış quraşdırılmalıdır.

1.3.1 «Birxətli dəmiryol» və ya 1.3.2 «Çoxxətli dəmiryol» nişanı bütün şlaqbaumsuz dəmiryol keçidlərinin qarşısında qoyulur. Müvafiq olaraq yalnız bir dəmiryolu (yəni cəmi 2 rels) olduqda 1.3.1, iki və ya çox dəmiryolu olduqda isə 1.3.2 nişanı tətbiq olunur. Bu nişanlar keçidin bilavasitə qarşısında svetoforla eyni dayaqda, svetofor olmadıqda isə ən yaxın relsə 20 metrdən az olmayan məsafədə qurulur.

1.4.1.-1.4.6 «Dəmiryol keçidinə yaxınlaşma» nişanları yaşayış məntəqələrindən kənar yollarda dəmiryol keçidinin şlaqbaumla və (və ya) svetoforla təchiz edilib-edilməməsindən asılı olmayaraq keçidə yaxınlaşma barədə sürücüləri əlavə məlumatlandırmaq üçün quraşdırılır. Bu nişanlar dəmiryol keçidinə yaxınlaşdıqca aşağıdakı xüsusi ardıcıllıqla qurulur:

- 1.4.1 nişanı (yolun sağ tərəfində qoyulur) və 1.4.4 nişanı (yolun sol tərəfində qoyulur) 1.1 və ya 1.2 nişanı ilə birlikdə, yəni dəmiryol keçidinə 150-300 metr qalmış qurulur;

- 1.4.3 (yolun sağında) və 1.4.6 (yolun solunda) nişanı təkrarlanan 1.1 və ya 1.2 nişanı ilə birlikdə dəmiryol keçidinə 50 metr qalmış qurulur;

- 1.4.2 (yolun sağında) və 1.4.5 (yolun solunda) nişanı isə müstəqil olaraq birinci və ikinci (təkrarlanan) 1.1 və ya 1.2 nişanları arasındakı məsafənin ortasında quraşdırılır (yəni 1.1 və ya 1.2 nişanı ilk dəfə keçidə 150 metr, ikinci dəfə isə 50 metr qalmış qoyulmuşdursa, 1.4.2 və 1.4.5 nişanları keçidə 100 metr qalmış qoyulacaqdır).

İzahını verdiyim nişanların şəkilləri, habelə onların yaşayış məntəqəsindən kənarda dəmiryol keçidində quraşdırılmasının tipik nümunəsi şəkildə əlavə olunur.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elman 18 Yanvar 2017 21:08
Hərəkət qadağandır və digər nişanlar yolun sağıda quraşdırılmalıdır yoxsa solunda Bu məsələ qanunda necə əks olunur