Altaylardan gələn kişi... 80 yaşlı polis - FOTO
Düz beş il öncə Novruz bayramı ərəfəsində görüşmüşdük. Həm xatirələri çözələnmişdi, həm də illərin yadigarı olan şəkilləri ötənlərə bələdçilik eləmişdi... Dünya görmüş, yaşı yetmişi, səksəni, doxsanı haqlamış insanlarla ünsiyyətdə olmaq hardasa sözə söykək adamların deyərdim ki, ən böyük qazancıdır. Elə faktları, elə hadisələri dilə gətirib danışırlar ki, bir müddət keçdikdən sonra onu hansısa bədii əsərdən oxuyanda çox uzun illər öncə polisin fəaliyyətinin heç də asan olmadığının fərqinə varırsan.
Əldə olunan təcrübə, yeniliklər, elmin, texniki tərəqqinin inkişafı hər bir sahədə işlərin sahmana düşməsinə, uğur qazanmağa şərait yaradıb. Biz də elə bunları-qocaman həmkarımla dünənlə bu günü müqayisə etdik. O, gəncliyini, çətinliklərdən necə sıyrılıb çıxdığını, əldə etdiyi hər bir uğurun min bir zəhmət hesabına başa gəldiyini yenidən o illəri yaşayırmış kimi danışdıqca simasındakı işıq seli sevinc göz yaşlarına bələnirdi.
Keçmişi xatırlamaq heç də asan başa gəlmir, ürəklə əlbəyaxa olmaq dözüm istəyir, həm də, necə deyərlər, gərək “Torpaqda izin olsun ki, süfrədə də üzün olsun”...
Bu gün 100 yaşlı Polisimizin tarixində, sözün əsl mənasında, öz yeri, öz imzası olanları xatırlamaq keçmişə, dünənə bir sayğı və ehtiramdır...
Onu həm Xəzər rayonunda, həm də respublikamızda DİO-da çalışanların, təqaüdə çıxanların əksəriyyəti tanıyır. İstefada olan polis polkovnki Altay Böyükağa oğlu Mansurov 1938-ci ilin iyun ayının 6-da dünyaya göz açıb.
Elə ilk görüşümüzdə ona ünvanladığım ilk sualı da yaxşı xatırlayıram. Sual təxminən belə idi: “Adınızı kim qoyub və nə üçün Altay?”. Cavabı belə olmuşdu: “Adımı atam qoyub. Ata-babalarımızın ilk yurdu, ilk beşiyi olan və bu gün də hər bir türk oğlunun adını qürurla çəkdiyi qədim Altay dağlarının şərəfinə. Ailədə beş uşaq olmuşuq”.
Daxili işlər orqanlarına gəlməyinin tarixçəsi də maraqlıdır. Uşaq vaxtı hərbçi olmaq istəyirmiş. Ancaq valideynləri buna razılıq vermirlərmiş. İndiki Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsini bitirdikdən sonra hərbi xidmətə gedib. Hələ ordudaykən zabitlər kursunu bitirib. Təxris olunduqdan sonra Əzizbəyov Rayon Partiya Komitəsi tərəfindən daxili işlər orqanlarına göndərilsə də onu get-gələ salıblar. Nəhayət, 1971-ci ilin noyabrında onu daxili işlər naziri Arif Heydərov qəbul edib. Altayı DİN-də Siyasi İşlər üzrə Şöbəyə instruktor götürüblər. İki il yarım işlədikdən sonra təlimatçı vəzifəsinə irəli çəkilib və 1974-cü ilin iyun ayında Dəmir Yolu Milis Şöbəsinə siyasi tərbiyə işləri üzrə rəis müavini göndərilib. Elə həmin ərəfədə SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının Rostov fakultəsinə qəbul olunub və oranı da bitirib. 1975-ci ilin dekabrında isə Aeroportda Milis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Üstündən heç 9 ay keçməmiş həmin şöbənin rəisi vəzifəsini ona həvalə ediblər.
Deyir ki, Aeroportda çalışmaq daha məsuliyyətli idi. Çünki gömrük, sərhəd xidmətləri o zaman fəaliyyət göstərmirdi. Milis həm təhlükəsizliyi qoruyurdu, həm də cinayətkarlıqla mübarizə aparırdı.
1986-cı ilin yanvar ayında Əzizbəyov Rayon Daxli İşlər Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1992-ci il iyun ayına kimi xidmət edib və 54 yaşında təqaüdə göndərilib...
Altay müəllim təkcə milisdə öz xidməti borcunu yerinə yetirməyib, həm də daxili işlər orqanlarının daha geniş fəaliyyəti, inkişafı üçün çalışıb. Keçmiş Əzizbəyov rayonunda şöbənin həyətində əməkdaşlar üçün 50 adamlıq yeməkxana tikdirib, kriminalistika kabineti və fotolaboratoriya yaradıb.
Əzizbəyov Rayon Daxili İşlər Şöbəsində rəis işləyərkən ən böyük arzularından birini-milis əməkdaşlarından ibarət atlı patrul xidməti yaratmaq üçün ölkənin ən çətin vaxtında Ağstafa atçılıq sovxozundan 14 baş at alıb, atlar üçün tövlə belə tikdirib. Bir sözlə, çalışıb ki, hər zaman hər işdə yenilik eləsin, fərqlənsin. Lakin ölkədə hərc-mərclik başladıqdan və onu işindən, sevdiyi peşəsindən uzaqlaşdırdıqdan sonra həyata keçirmək istədikləri elə arzu olaraq qalıb.
O, təqaüdə çıxdıqdan sonra da yaddan çıxmayıb, unudulmayıb. Bir zamanlar təyyarələrinin təhlükəsizliyini qoruduğu, rəis kimi çalışdığı iş yerində, müxtəlif vəzifələrdə işləyib.
Bu gün də əli işdən-gücdən soyumayıb. Xəzər Rayon Ağsaqqallar Şurasının üzvüdür. Qocaman həmkarımız övlad sarıdan da yarıyıb, ölkə və DİN rəhbərliyinin bu gün veteranlara göstərdiyi diqqət və qayğıdan çox razıdır. Böyük oğlu Mansur polis polkovnik-leytenantı, kiçik oğlu Seymur isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıdır.
Doqquz nəvənin babasıdır. Nəvələrindən Oqtay da babası kimi polis olmaq arzusundadır.
İyunun 6-da 80-nin dizini qatlayır. Qarşıda isə hələ yaşanılası çox illər və nəvə-nəticə toyları var...
Hafiz Təmirov,
polis mayoru