Avtobus sürücüsünü döyən qadın cəzalandırılacaq - DYP - VİDEO
Ötən gün Bakıda xoşagəlməz olay yaşandı. Belə ki, xanım sərnişin marşrut avtobusunu istədiyi yerdə saxlamadığı üçün sürücünü təhqir edib, döyüb və köynəyini cırıb. Bu barədə xezerxeber.az saytı məlumat yayıb. Məlumata görə, hadisə paytaxtın 3-cü mikrorayon dairəsinin yaxınlıqında, 61 saylı marşrut avtobusunda qeydə alınıb. Bununla bağlı video görüntülər də yayılıb. Görüntülərə əsasən sərnişinlərdən biri sürücü Rövşən Süleymanovdan avtobusu dayanacaq olmayan yerdə saxlamağı tələb edib. Sürücü bu tələbi yerinə yetirmədiyindən mübahisə yaşanıb. Sürücünün onun tələbini yerinə yetirmədiyini görən xanım daha da əsəbləşib və təhqirə keçib. Bir neçə dəqiqə davam edən çəkişmədən sonra əsəbi sərnişin arxa qapıdan düşmək əvəzinə sürücünün üstünə gəlib və digər sərnişinlərin müdaxiləsinə baxmayaraq, sürücünü vurub və köynəyini cırıb. Məlumata görə, sözügedən hadisədən sonra nəqliyyat şirkəti tərəfindən sürücü Rövşən Süleymanov mükafatlandırılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti rəhbərinin müavini Mais Ağayev məsələyə münasibət bildirirkən qeyd edib ki, qadın sərnişin davranışları ilə özünün, eləcə də avtobusda olan onlarla sərnişinin həyatını ciddi təhlükəyə atıb: “Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub. Bakı Nəqliyyat Agentliyi olaraq bir daha bəyan edirik ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qadağandır. Sürücülərimiz kimi sərnişinlərimiz də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər. Sərnişin avtobuslarının dayanacaqdan kənarda saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçirir. Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalınmamalıdır. Düşünürük ki, bu kimi etik-davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə musavat.com-a açıqlama verərək bildirib ki, həmin qadın sərnişin barəsində lazımi tədbirlər görüləcək: “Görüntülərdən də görürük ki, həmin qadın sərnişin sürücünü Azərbaycan mentalitetinə uyğun olmayan söyüşlərlə təhqir edib, hədələyib. Bu, nə Azərbaycan qadınına yaraşır, nə də etik normaya... Təbii ki, müraciət ediləcək, buna da uyğun həmin xanım barəsində qanuni tədbir görüləcək. Konkret sürücünün verdiyi izahat əsasında məsələ araşdırılacaq və həmin qadın da tapılaraq, barəsində qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək. Qeyd edim ki, artıq araşdırma aparılır.
Bir vətəndaş olaraq sizdən soruşuram, o qadının hərəkəti yaşına, başına uyğundurmu? Yaşlı xanım belə olsa, bu, doğru hərəkət deyil. Hər halda qanundan danışırıq və hər kəs qanunlara tabe olmalıdır. Qanuna əsasən sürücülər avtobusu yalnız dayanacaqlarda saxlaya bilər. Anlamaq olar ki, xanım xəstəsinin yanına gedirdi və yaxud sağlamlığında problemlər ola bilər və s. Amma nə olursa-olsun, insanlar getdiyi istiqaməti əvvəldən müəyyənləşdiməldiir. Və elə bir hərəkət etməlidir ki, onların davranışları kiməsə mane yaratmasın. Mən o görüntülərə baxanda şoka düşdüm və çox təəssüf etdim”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə əsasən marşrut avtobusunun sürücüsü sərnişin düşürüb və ya mindirmək üçün dayancaqdan kənarda avtobus saxladıqda yol polisi tərəfindən 100 manat məbləğində cərimələnir və 4 cərimə balı ilə cəzalanır. Eyni zamanda kameralarla təchiz edilən avtobus sürücüləri sərnişindaşıma şirkətləri tərəfindən cərimələnir.