Reklam

Azərbaycanda cinayətlərin sayı azalıb – Ramil Usubov

Yol polisi 15 Yanvar 2018 13:10 Oxunub 3097
Azərbaycanda cinayətlərin sayı azalıb – Ramil Usubov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ölkədə sabitlik, təhlükəsizlik, fundamental insan hüquq və azadlıqları bundan sonra da etibarlı qorunacaq”

Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq-mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası təmin edilib. Qeyd olunub ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə qlobal rəqabətlilik" hesabatına əsasən “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə respublikamız 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşması da diqqətəlayiq fakt kimi vurğulanıb. Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri R.Usubov deyib ki, 2017-ci ildə  əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.113 cinayət qeydə alınıb. Onların 93,1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 9, qəsdən adam öldürmələr 9,5, quldurluqlar 23,6, soyğunçuluqlar 16,6, dələduzluqlar 11,8, hədə-qorxu ilə tələb etmələr 10,5, xuliqanlıqlar 15,1, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 12,5, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb. Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,6, ağır və xüsusilə ağır cinayətlərin açılması 2,8, quldurluqların açılması 8,6, soyğunçuluqların açılması 5,5, hədə-qorxu ilə tələb etmələrin açılması 0,3, oğurluqların açılması 6,4, dələduzluqların açılması 2 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilib.

Məruzəçi hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyətini də qeyd edib. Nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1726 cinayətin “isti izlər”lə açıldığını, 10.607 hüquqazidd əməlin qarşısının alındığını vurğulayıb. 

“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 18.132 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 84 avtomobil saxlanılıb. 

Hüquqazidd əməllərdən zərər çəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə məsuliyyətin labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər və ya müqayisə edilən dövrə nisbətdə 13 faiz çox təqsirləndirilən şəxs tutulub.

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarış işinin göstəricisi 71,4 faiz təşkil edib. 

Daxili işlər naziri qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. 

İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub. Nəticədə 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib.  Qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. 

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 32 min 500 cinayət işinin istintaqı aparılıb ki, onlardan 84 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. İstintaqı tamamlanmış 9.085 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2016-cı illə müqayisədə 14,5 faiz yaxşılaşaraq 84,9 faiz təşkil edib. 

Məruzədə artıq beşinci ildir ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalmanın müşahidə olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 17,6 faiz artaraq 3.365.417 inzibati xəta təşkil edib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2016-cı illə müqayisədə 17,2 faiz çox və ya 3.481.458 protokol tərtib edilib. 

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2017-ci ildə də mühüm tədbirlər həyata keçirilib. Sistemli şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin effektivliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu və mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə yüksəlib.

Ümumən, ötən il ölkədə keçirilmiş 657, o cümlədən 367 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə Daxili Qoşunların, Əlahiddə Çevik Polis Alayının və ərazi polis orqanlarının şəxsi heyəti tərəfindən asayişin və təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirildiyi də diqqətə çatdırılıb. General-polkovnik Ramil Usubov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb və ardıcıllıqla yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 2.018, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 416 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Göstərilən sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin sayı 12,2 faiz  azalıb. 

İclas iştirakçılarının nəzərinə o da çatdırılıb ki, respublikada cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini, vətəndaşların qanuni mənafelərinin müdafiəsi sahəsində əldə edilmiş müsbət nəticələrə ümumi sayı dünyanın əksər ölkələri ilə müqayisədə xeyli az, yəni əhalinin hər 100 min nəfərinə 259 vahid nisbətində olan polis qüvvələrinin aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlığı şəraitində nail olunub. 

Nazir daxili işlər orqanlarına xidməti vəzifələrin icrasında yaxından köməklik göstərdiklərinə görə ölkə vətəndaşlarına, hüquq mühafizə və xüsusi xidmət strukturlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov çıxış edərək ölkə Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata  keçirildiyini xatırladıb.

Respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.

Məruzə ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, İnsan Alverinə Qarşı  Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov və başqaları çıxış edərək hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.  

İclasa yekun vuran daxili işlər naziri 2017-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu bildirib, tədbir  iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

Nazir yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də yol hərəkətinə nəzarətin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini,  istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, aidiyyati baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib. 

Yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında möhtərəm dövlət başçımızın dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı bir zamanda ölkəmizdə sabitliyin, ictimai təhlükəsizliyin, normal həyatın təmin edildiyini, son illər respublikamızın dinamik inkişafının əsasında məhz stabillik, əmin-amanlıq amilinin dayanmasını bir daha vurğulamasına diqqət çəkən cənab nazir  sabitliyin və təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətə verdiyi bu ali dəyərə cavab olaraq, daxili işlər orqanlarının bütün qurumlarının böyük əzmlə çalışmasının, peşəkarlığın artırılmasının diqqət mərkəzində saxlanılmasının, Azərbaycan Polisinin 100 illik yubileyini də Vətənə və dövlətə xidmətdə qazanılan yeni uğurlarla qarşılanmasının əhəmiyyətini vurğulayıb. 

Nazir, general-polkovnik Ramil Usubov şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, ölkədə sabitlik, təhlükəsizlik, fundamental insan hüquq və azadlıqları digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə bundan sonra da etibarlı qorunacaq, qanunla müəyyən edilmiş vəzifələr və qarşıya qoyulmuş bütün tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh