Azərbaycanda qadın yol polisi niyə yoxdur?
Azərbaycanda qadın sürücülərin sayı artmaqdadır. Hətta bir çox xanımlarımız çörəkpulu qazanmaq üçün taksi sürücüsü, benzindoldurma məntəqəsində və başqa yerlərdə çalışırlar. Xanımlarımızı hər bir peşədə görsək də, polis xidmətində çox az sayda fəaliyyət göstərirlər. Məsələn, yol polisləri içərisində xanım polislərə rast gəlmək qeyri-mümkündür. Ancaq digər ölkələrdə polis peşəsinə həm kişi, həm də qadın peşəsi kimi normal baxırlar.
Məsələn, qonşu Türkiyədə qadınlardan ibarət xüsusi çevik polis dəstələri var. Onlar qadın cinayətkarların yaxalanması, onlarla mübarizə, saxlanılan zaman üstlərinin yoxlanılmasında iştirak edirlər.
Həmçinin kütləvi aksiyalarda və digər tədbirlərdə qadın iştirakçıların saxlanılmasında və yoxlanılmasında qadın polislər bilavasitə iştirak edirlər. Türkiyənin 54-cü hökumətində daxili işlər naziri xanım olub. Akşener Meral 1996-cı ildən 1997-ci ilədək daxili işlər orqanlarına rəhbərlik edib. Birləşmiş Ərəb Əmirliklərində isə ilk qadın polislər 2007-ci ildən etibarən hazırlanıb. 2007-ci ildə ilk dəfə Hindistanda 125 nəfərlik qadın polisdən ibarət tabor yaradılıb. Avropa ölkələrində qadın polis qüvvələrinin potensialından daha çox istifadə edilir. Almaniyada 20 min qadın polis sıralarındadır.
Bu, alman hüquq mühafizəçilərinin 10 faizini təşkil edir. Rusiyanın hüquq-mühafizə orqanlarında da çox sayda qadın polis işləyir. Ən məşhur polis qadını isə 2002-ci ilin "Dünya gözəli" Oksana Fyodorovadır.
Xanım polislərin xarici görkəmləri ilə bağlı müxtəlif ölkələrdə fərqli qərarlar var. Məsələn, Honkonqda qadın polislərə saçlarını rəngləmək qadağandır. Qadın polis əməkdaşları növbətçi qalan zaman zinət əşyaları taxmamalıdır. Bu da onunla izah olunur ki, polis qadın görkəmi ilə vətəndaşlara sakitlik, cinayətkarlara isə qorxu hiss etdirməlidir. Dəbdəbəli saç düzümü və zinət əşyaları onları işindən ayıra bilər.
Maraqlıdır, Azərbaycanda qadınların polis işinə maraq göstərməməsinin səbəbi nədir? Bu, mentalitetlə bağlıdır, yoxsa başqa səbəblər var?
Deputat Çingiz Qənizadə milli mentalitet məsələsinin böyük rol oynadığını bildirdi: "Yol polisi işçiləri işə götürülərkən onların müəyyən texniki və ya ali təhsili olması önəmlidir. Görünür ki, bu ixtisası qadınlar az seçdiyinə görə Azərbaycanda qadın yol polisi işçilərinə az təsadüf olunur. Onu da deyim ki, bu, çox çətin bir işdir. Günün 8-10 saatını küçədə dayanmaq əziyyətli işdir. Bu gün yol polisi əməkdaşlarının işi olduqca ağırdır. O baxımdan, yəqin ki, milli mentalitet məsələsi də var ki, hər hansısa bir kişi öz həyat yoldaşının küçədə dayanıb avtomobillərin hərəkətinin tənzimlənməsi işinə razı da olmaz. Bu baxımdan hesab edirəm ki, bu iş daha çox könüllük əsasındadır, sadəcə olaraq, müraciət edənlər yoxdur. Amma qanunda bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur. Düzü, mən də bunun tərəfdarı deyiləm. Çünki xanımlarımız belə ağır işə layiq deyillər. Onlar daha yaxşı, daha münasib işlərdə işləyə bilərlər".
Ç.Qənizadə xanım yol polislərinə ehtiyac duyulmadığını dedi: "Sürücülərin yoxlanılması proseduru yoxdur. Sadəcə olaraq, sürücülərin testdən keçməsi, yaxud da onların xüsusi yerlərə, xəstəxanalara dəvət olunaraq həkim testindən keçməsi var. Bu baxımdan bir neçə adamın müşayiəti ilə də sürücü gedib testdən keçə bilər. Amma ümumilikdə qadın sürücünün üzəri axtarılmır. Onu polis bölməsinə aparıb yoxlanış edərlər. O zaman da oradakı qadın polis əməkdaşları bu işə cəlb edilə bilərlər. Mən belə bir şey görməmişəm ki, xanım yol qaydalarını pozduğuna görə onun üzərində axtarış aparılsın. Onun üzərində axtarış ola bilər. O da qanunla tənzimlənir. Xanımlara müraciətim budur ki, Azərbaycan qadınına layiq bir tərzdə davransınlar. Həm sürücülük mədəniyyətini aşılasınlar, həm də sükan arxasına içkili vəziyyətdə oturmasınlar. Onları saxlayan polis əməkdaşlarına qarşı kobudluq etməsinlər".
Avtosfer.az musavat.com-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev yol polisinin xanım olub olmamasının sürücü üçün heç bir fərqi olmadığını dedi: "Ümumi polisdə xanım polislərə ehtiyac ola bilər. Yoxlama zamanı xanımın xanım polis tərəfindən yoxlanılması düzgündür. Amma yol polisinin xanım olub-olmamasının sürücü üçün nə fərqi var?! Hər ikisinin eyni vəzifəsi, eyni məsuliyyəti var. Belə çıxır ki, xanım yol polisi yolda dayanıb güdməlidir ki, ancaq xanım sürücü gəlsin, onu saxlasın?! Bu, düzgün yanaşma deyil. İkinci tərəfdən, bizdə xanım polis işçilərinin sayı azdır. Onlar, sadəcə olaraq, yol polisi işlərinin digər xidmətlərində çalışırlar. Bayır xidməti nisbətən çətin, ağır olduğundan hər keçən avtomobilin buraxdığı zərərli maddələrin insan orqanizminə göstərdiyi mənfi təsiri nəzərə alaraq biz xanım polislərin yolda dayanmalarını rəva bilmirik. Bu çox çətindir. Heç bir xanım tərəfindən bu cür müraciət daxil olmayıb. Ümumilikdə isə xanım əməkdaşlarımızın sayı az deyil. Yol polisi heç kimin üzərini yoxlamır. Hər hansısa bir səbəbdən xanım sürücünün cinayət işində və ya digər məsələlərlə bağlı əgər üzərinə baxış keçirmək lazım olarsa, oraya xanım əməkdaş dəvət olunur".