Azərbaycanda yol polisləri silahlanacaq
Ərşad Hüseynov: «Yol polisinə silah verməyə ehtiyat edirlər»
Son günlər yol polislərinə qarşı edilən hücumlar, kobud münasibət Dövlət Yol Polisi rəhbərliyini narahat edib. Bunu nəzərə alaraq DYP rəhbərliyi yol polislərinin xidməti silahla təmin edilməsinə göstəriş verilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, ümumiyyətlə, qanunvericilikdə yol polislərinin xüsusi vasitələrlə təmin edilməsi nəzərdə tutulur. O cümlədən, DYP əməkdaşlarının tabel silahı ilə xidmətə çıxması da mümkündür. Lakin son illərin təcrübəsi göstərir ki, yol polisi əməkdaşları xidmətə silahsız çıxırlar. Bunun nəticəsidir ki, son bir həftə ərzində Bakıda 3, Zaqatalada isə 1 halda yol polislərinə hücum olub. İki halda sürücülər yol polislərini maşınla vurublar, bir halda bıçaqlayıb qaçıblar, digər halda isə şüşə parçası ilə boğazına xəsarət yetiriblər.
Əldə etdiyimiz məlumata görə, son bir neçə ayda yol polislərinə qarşı bu cür halların sayı artdığı üçün artıq bəzi addımlar da atılıb. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bəzi yol patrul xidməti inspektorları xidmətə çıxarkən xüsusi vasitələrlə təchiz olunurlar. İlk olaraq onlara dəyənək verilib. Növbəti addım kimi yol polisləri gözyaşardıcı qaz balonu, elektroşok və odlu silahla təmin ediləcək. Məlum olduğu kimi, polisin elektroşokdan istifadəsi ilə bağlı qanuna bu yaxınlarda dəyişiklik edilib. Yeni qanunda elektroşokdan bütün polis əməkdaşlarının istifadəsi nəzərdə tutulmur. Buna görə də, elektroşok yol polislərinə verilərkən zabit heyəti önə çəkiləcək. Silahla təminata gəlincə, məlumata görə, 1 YPX maşınında 2 və ya 3 inspektor xidmət aparırsa, onlardan ən azı birində silah olacaq.
Qeyd edək ki, yol polislərinin silahdan istifadə etməsi, yəni, xidmətə çıxarkən odlu silahla təmin olunması ilk dəfə deyil. Bundan əvvəl DYP əməkdaşları xidmət zamanı silahla təmin olunurdular. Onların silah kaburası isə digər xidmətlərdəkindən fərqli olaraq ağ rəngdə idi. Amma bir neçə il əvvəl yol polisləri arasında xidməti silahın itirilməsi, yararsız hala salınması hallarına rast gəlindiyi üçün son dövrlər silahlı DYP əməkdaşı görmək hər kəsə nəsib olmur. Əksər hallarda boş kaburaya rast gəlirik.
Amma son hadisələr göstərdi ki, DYP əməkdaşlarının fiziki hazırlığı və xüsusi vasitələrlə təmin edilməsi vacib məsələdir. Ən azından, DYP əməkdaşının xüsusi vasitələrlə təmin edildiyini görən sürücü özünü normal aparacaq, dəyənəyin, qandalın, elektroşokun «dadına baxmaq» istəməyəcək. Bütün bunlar isə polis-sürücü münasibətlərinin qaydaya salınmasına və bu münasibətlərin daha ciddi müstəviyə çıxmasına gətirib çıxaracaq. Əks halda, cinayət aləmində özündən razı sürücülər var ki, polisi vurmağı, təhqir etməyi özünə şərəf bilir və imkan düşdükcə də bunu edir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, qanunvericilikdə yol polislərinin silahla təmin edilməsi nəzərdə tutulur: «Saytların birində oxudum ki, kimsə açıqlama verərək yol polislərinin silahdan istifadə etməsinin qanunsuz olduğunu billdirib. Bu, tamam yalnış münasibətdir. Qanunda yol polisinin silahdan istifadə etməsi birmənalı şəkildə qeyd olunub».
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə axar.az-a bildirib ki, yol polisinin hazırlıq səviyyəsi silahdan istifadə edə biləcək qədər yüksək deyil: «Əldə etdiyim məlumata görə, Azərbaycanda yol polisinə silah verməyə ehtiyat edirlər. Çünki yol polisinin tabeliyində olan silahdan düzgün istifadə edə bilməyəcəyindən qorxurlar. Yaxud da polis əməkdaşının onu itirməsindən və kiminsə qanunsuz istifadəsinə keçməsindən ehtiyatlanırlar. Bu, nəzəri cəhətdən mümkündür. İki gün qabaq polisi bıçaqlayanlar həmin polisin silahını qaçıra da bilərdilər və silah cinayətkarların əlinə keçə bilərdi. İstənilən halda yol polisi əməkdaşının hazırlığı yüksək səviyyədə olmalıdır. Bu, həm peşəkarlıq, həm fiziki, həm də çeviklik səviyyəsində özünü göstərməlidir. Qanunvericilik bütün polislər üçün nəzərdə tutulub və hətta yol polisinin də silah daşımasına imkan verir”.
Yeri gəlmişkən, Rusiyada, Ukraynada, Türkiyədə yol polislərinin silahla, hətta, avtomatla xidmət aparmaq təcrübəsi mövcuddur. Bu o demək deyil ki, həmin ölkələrdə kriminogen durum gərgindir. Sadəcə, polis öz nüfuzunu qoruyub saxlayır və bu və digər ölkələrdə polisin silahlı vəziyyətdə xidmətə çıxması çox normal qarşılanır. Çünki polis əsgəri xidmətdir. Bu xidmətdə silah gəzdirmək qeyri-adı hal olmamalıdır və insanlar da bunu təbii qarşılamalıdır.
Elməddin Muradlı